Məhkəmə qərarları › İş №3(5-121)-49/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-49/2026

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-49/2026 09.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd оğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 09 yanvar 2026-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 09 yanvar 2026-ci il tarixli MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə gecə saatlarında Gəncə şəhəri, Sədi küçəsində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 çıxışında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “VAZ 2107” markalı ** HJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün yol polis əməkdaşları tərəfindən şəxsə saxla əmri verilmiş, lakin Şəxs polisin saxla əmrinə tabe olmayaraq avtomobili yüksək sürətlə idarə edərək həmin ərazidən uzaqlaşmışdır. Daha sonra avtomobil Sədi küçəsində hərəkətdə olarkən saxlanılmışdır. Sürücü ilə ünsiyyət zamanı ağzından kəskin spirt qoxusu gəldiyi üçün onun sərxoşluq müayinəsindən keçməsi üçün şöbəyə dəvət olunan zaman Şəxs uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabesizlik göstərmiş və xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərinə davam etmişdir. Bu səbəblə şəxs tutularaq 2-ci Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, həmin gecə kafedə içki içərkən siqaret almaq üçün kafedən çıxıb. Sərxoş halda avtomobil oturub və avtomobili arxaya verərkən polis maşını arxadan qabağını kəsib. Polis əməkdaşı özünü təqdim etmədən onu döyərək maşının arxasına otuzdurub. Sərxoşluğun yoxlanılması ilə bağlı ona heç nə deyilmiyəb. Polis avtomobilinə mindirilərək birbaşa cərimə meydançasına gətirilib. Çıxışının sonunda əməlindən peşman olduğunu, ancaq polis əməkdaşlarına qarşı tabesizlik göstərmədiyini bildirmiş, anasının xəstəliyi və qardaşının azyaşlı olmasını və ailəsinə gəlir gətirən yeganə şəxs olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, xitmədə olan zaman Babək avtoservisin yanında “VAZ 2107” markalı ** HJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan Şəxs avtoxuliqanlıq hərəkətləri etdiyi üçün tərəfindən şəxsə saxla əmri verilmiş, ancaq Şəxs polisin saxla əmrinə tabe olmayaraq avtomobili yüksək sürətlə idarə edərək həmin ərazidən uzaqlaşmışdır. Bir müddət avtomobilin arxasınca getsə də, müvafiq ərazi yaşayış yeri olduğu üçün təqibi dayandırmalı olub. Daha sonra gecə saatlarında Sədi küçəsində xidməti fəaliyyətlərini həyata keçirən zaman sözügedən avtomobili binanın qabağında görüb saxlamağa çalışarkən Şəxs maşını arxaya verərək qaçmağa çalışsa da tərəfindən saxlanılmışdır. Saxlanılan zaman Şəxs sərxoş olmuş, nəlayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 digər şahid X1 ifadəsinə uyğun məzmunda çıxış etdi. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-ci il tarixdə saat 01:20-də inzibati qaydada tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadəsi, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, yuxarıda sadalanan qanunvericiliyin maddələrinə və işin faktiki hallarına əsaslanaraq, məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq Şəxs inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulduğu vaxtdan, yəni 09 yanvar 2026-cı il tarixdən, saat 01:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu 09 yanvar 2026-cı il tаrixdən, sааt 01:20-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar