Məhkəmə qərarları › İş №3(5-121)-495/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-495/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-495/2026 17.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 89-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Avtozavod qəsəbəsində, təzə məhlələrdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-797/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 7550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 95,50 manat alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq borcluya təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən imtina etmişdir. Bu günə kim 5495,50 manat borc və 535,18 manat icra xərci borcu mövcuddur. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Borclu icra sənədi üzrə borcundan 2150 manat ödəniş etmiş, həmçinin hər ay 200-300 manat ödənişlər edir. Tələbkar icra sənədi üzrə borclu tərəfindən edilmiş ödənişləri qəbul edir, lakin hazırda borcun bütövlükdə ödənilməsini tələb edir. İnzibati xəta haqqında protokol məhkəməyə daxil olduqdan sonra borclu məhkəmə iclası dövründə 500 manat ödəniş etmişdir. Hazırda onun təxminən 4900 manat borcu qalmışdır. Tələbkar ona “mesaj” yazaraq Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Tərəflər borclu tərəfindən hər ay icra sənədi üzrə 500 manat ödəniş edilməsi barədə razılığa gəlmişlər. Sonda protokolu müdafiə etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə əlaqə saxlamış, zərərçəkmiş şəxs ona bildirmişdir ki, Gəncə şəhərində olmadığından məhkəmə iclasında iştirak edə bilmir, borclu tərəfindən ona 500 manat məbləğində ödəniş edilməsini təsdiq edir, həmçinin hər ay borclu ona icra sənədi üzrə borcundan 500 manat ödəniş etdiyi təqdirdə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ərizə təqdim edərək göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 797/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 7550 manat pul vəsaitini Zərərçəkmiş şəxs ödəməlidir. Həmin məbləğdən 2650 manat pul ödəmiş, 4900 manat borcu qalmışdır. Həmin məbləği hər ay 500 manat ödəməyi Zərərçəkmiş şəxs ilə razılığa gəlmişlər. Həmçinin izahatında bildirmişdir ki, sonuncu dəfə xx.xx.2026-cı il tarixdə icra sənədi üzrə borcundan ödəniş etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alınmasını xahiş edir. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-797/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 7550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 95,50 manat alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. - “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-797/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş və icra sənədini könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Borclu Şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, borcu barədə məlumat almışdır, borcunu ödəməkdən yayınmır, tam şəkildə ödəməyə imkanı yoxdur. Hər ay maddi imkanı çatdığı qədər ödənişlər edəcək. - Borclu Şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2026-cı il tarixli izahatında bildirmişdir ki, borcunu tam şəkildə bağlaya bilmir, hər ay maddi imkanı çatdığı qədər 200- 500 manat aralığında ödənişlər edir, borcunu ödəməkdən yayınmır. Hal-hazırda 5495,50 manat borcu qalmışdır, onu da hər ay hissə-hissə ödəyəcək. - Borclunun şəxsiyyət məlumatlarına dair “Elektron İcra” İnformasiya sistemindən əldə edilmiş çıxarış iş materiallarına əlavə edilmişdir. - Borclu Şəxs məhkəməyə verdiyi xx.xx.2026-cı il tarixli ərizəsində Zərərçəkmiş şəxs olan 5495,50 manat borcundan 500 manat ödəyə bilmədiyi üçün 17 fevral 2026-cı il tarixədək ona vaxt verilməsini xahiş etmiş, ödəməyəcəyi təqdirdə məsuliyyəti ona izah olunmuşdur. - Borclu Şəxs məhkəməyə verdiyi xx.xx.2026-cı il tarixli ərizəsində göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-797/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən 7550 manat pul vəsaitini Zərərçəkmiş şəxs ödəməlidir. Həmin məbləğdən 2650 manat pul ödəmiş, 4900 manat borcu qalmışdır. Həmin məbləği hər ay 500 manat ödəməyi Zərərçəkmiş şəxs ilə razılığa gəlmişlər. Bunun nəzərə alınmasını xahiş etmişdir. - İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu tərəfindən tələbkara xx.xx.2026-cı il tarixdə 500 manat ödəniş edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-797/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və bugünədək Şəxs tərəfindən borcundan ödənişlər edilmiş və o, geri qalan məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Borclu tərəfindən hər ay tam şəkildə olmasa da, mütəmadi ödənişlər edilmiş, həmçinin borclu xx.xx.2026-cı il tarixdə 500 manat ödəniş edərək, məhkəmə iclasında verdiyi ifadəsində borcunu hər ay hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Beləliklə, məhkəmə borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini və qalıq qalan borcu tələbkar tərəflə razılıq əldə edərək yaxın zaman ərzində edəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar