Məhkəmə qərarları › İş №3(5-121)-513/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-513/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-513/2026 10.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə xx.xx.2026-cı tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:05 radələrində Gəncə şəhər DYPŞ-in inzibati həyətində yüksək səs ilə nalayiq ifadələr işlədib və ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında polis sahə rəisi X5 ifadəsində hadisəni görmədiyini, protokolu raport əsasında tərtib etdiyini bildirərək F.Seyidov barəsində qanuni tədbirin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsində barəsində tərtib olunmuş protokol ilə razı olmadığını bildirərək dostunun avtomobilini aşırdığı üçün X17 şöbəsinə getdiyini və rəis müavini Kazım müəliminin qəbuluna girmək istədiyini bildirmişdir. Lakin polis nəfərləri onu qəbula buraxmamış və bu zaman Kazım müəllim pəncərədən baxaraq ona kobud şəkildə acıqlanmış və getməsini bildirmişdir. Bu hal onda qıcıq yaratsada, şöbədə səs küy salmamış və söyüş söyməmiş hər hansı tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, mərkəzi idarənin patrul avtomobilini idarə edir, Baş İdarənin növbətçisinin göstərişi ilə idarədə bir vətəndaşın səs-küy salması ilə bağlı məlumat verildikdə DYPŞ-nə getmişdir. Orada olarkən otaqdan səs gəldiyini eşidib vətəndaşa yaxınlaşmış və ona sakitləşməsini bildirsə də, vətəndaş nəlayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabesizlik göstərmişdir. Daha sonra Şəxs fiziki güc tətbiq edərək post patrul avtomobilinə mindirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində Şəxs idarədə Kazım müəllim ilə görüşmək istəmiş, lakin həmin vaxt qəbulda şəhid anası olmuşdur. O, Şəxs qəbulda vətəndaşın olmasını və gözləməsini bildirdikdə sonuncu aqressiv halda səs-küy salaraq, nəlayiq ifadələr işlətmiş və qaziləri gətirib yolu bağlatdıracağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində 5-10 gün bundan öncə başqa şəxsin avtomobili narkotiklə bağlı saxlanıldığını, Şəxs həmin avtomobili buraxılmasını istədiyini, onun Kazım müəllimlə görüşmək istədiyini, lakin həmin vaxt qəbulda şəhid anasının olduğunu dedikdən sonra R. Musayevin aqressiv şəkildə idarədə səs-küy salaraq tabesizlik göstərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, xidməti otağında olarkən çöldə səs gəldiyini eşitmiş və vətəndaş Şəxs narazılıq edərək ucadan danışdığını görmüşdür. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, tabesizlik Post Patrul Xidmətinin əməkdaşlarına qarşı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, xx.xx.2026-ci il tarixdə saat 17:05-də duracağa nəqliyyat vasitəsi gətirən zaman Şəxs ictimai əsayişi pozduğunu, ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyini görmüşdür. Vətəndaş nizam-intizama dəvət olunmuş, lakin o, məhəl qoymayaraq əməlinə davam etmişdir. Daha sonra Post Patrul Xidmətinin əməkdaşlarının köməyi ilə Şəxs fiziki güc tətbiq edərək avtomobilə mindirib 1-ci şöbəyə təhvil vermişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materialında olan: xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərar nəzərə alınmaqla hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat miqdarında müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 44 (qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2026-cı il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 44 (qırx dörd) manat məbləğində pul ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Liza xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar