Məhkəmə qərarları › İş №3(5-121)-514/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-514/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-514/2026 17.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ 33581106 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə X2 şikayəti üzrə Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi Bəşirov Cavid Musa oğlunun katibliyi, Barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs X2 iştirakı ilə xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, fərdi identifikasiya nömrəsi 2SDK0RL olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 197, ev 1-də qeydiyyatda olan Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ 33581106 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə X2 şikayəti üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X3 barəsində xx.xx.2026-cı il tarixdə EQ 33581106 nömrəli “İnzibati tənbeh vermə” haqqında qərar ona görə qəbul edilmişdir ki, o, 31 yanvar 2026-cı il tarixdə saat 10:26-da etibarnamə əsasında idarə etdiyi “TOYOTA AQUA HİBRİD” minik markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərə tutulmuş xətanı törətmişdir.

Qərardan verilmiş şikayət və onun dəlilləri:

2. X1 şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2026-cı il tarixli EQ 33581106 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.

3. Şikayət müəllifi qeyd etmişdir ki, barəsində qəbul edilmiş qərar qanunsuz və əsassız olmuşdur. Belə ki, yol nəqliyyat hadisəsinin qarşısı almaq üçün məcburi şəkildə avtobus zolağına çıxmış, qəza şəraiti aradan qalxan kimi yenidən öz yoluna qayıtmışdır.

İş üzrə proses iştirakçılarının izahatları:

4. X3 izahat verərək bildirmişdir ki, qəbul edilmiş qərar qanunsuz və əsassızdır. O uzun illərdir ki, sürücüdür və heç bir zaman qayda pozuntusuna yol verməmişdir. Barəsində “İnzibati tənbeh vermə haqqında” Qərarın qəbul edilməsi üçün əsas onun avtobus üçün nəzərdə tutulmuş yola çıxması olsa da, onu bu addımı atmağa vadar edən hadisə baş vermişdir. Belə ki, o hərəkətdə olan zaman qəza şəraiti yaranmış, qəzadan yayınmaq məqsədi ilə o məcbur olub avtomobili avtobus üçün nəzərdə tutulmuş yola çıxarmış, qəza şəraiti aradan qalxan kimi isə dərhal öz yoluna qayıtmışdır. Qeyd edilənləri nəzərə alaraq qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi xahiş olunur.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 19. Son zərurət 19.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Maddə 75. İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Maddə 76. Sübutlar 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Maddə 102. İnzibati araşdırma ... 102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Maddə 112. İnzibati xəta haqqında işə baxılma qaydası ... 112.5. İşə baxılma davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. Maddə 126. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması ... 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə qanunvericiliyin müvafiq normalarına, “İnzibati tənbeh vermə haqqında” Qərar və sübut qismində təqdim edilmiş video görüntüyə istinad edərək qeyd edir ki, X2 “İnzibati tənbeh vermə haqqında” Qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni qanunvericiliyin müvafiq normalarına istinad edərək aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.

9. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə şəxs İXM-in 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilir.

10. Məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsi tərəfindən sübut qismində təqdim edilmiş video görüntüdən aydın şəkildə görünür ki, X3 etibarnamə əsasında idarə etdiyi “TOYOTA AQUA HİBRİD” minik markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir.

11. X3 məhkəmə istintaqı zamanı verdiyi izahatında işarələnmiş yola çıxmasını etiraf edərək bildirmişdir ki, həmin yola çıxmaqda məqsədi yol nəqliyyat hadisəsinin qarşını almaqdan ibarət olmuşdur. Yəni bu davranış zərurətdən yaranmışdır.

12. Məhkəmə X2 şikayətində qeyd edilən zərurət məsələsinə münasibət bildirərək qeyd edir ki, İnzibati Xətalar Məcəlləsində son zərurət anlayışı mövcuddur. Qanunverici son zərurətlə əlaqədar olaraq bildimişdir ki, hər hansı davranışın son zərurət kimi qiymətləndirilməsi üçün təhlükə mövcud olmalı, bu təhlükə real və həqiqi olmalıdır. Başqa sözlə təhlükə təxəyyüldə olmamalıdır.

13. Sübut qismində təqdim edilmiş və məhkəmə prosesində tədqiq edilən video görüntüdə hər hansı təhlükənin mövcud olduğu, yəni təhlükənin real və həqiqi olması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-in müddəalarına uyğun tərtib olunmuşdur.

14. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin X2 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2026-cı il tarixli EQ 33581106 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır.

15. Göstərilənlərə əsaslanaraq İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 33581106 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar