Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-517/2026 11.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Umud oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatdan olan və ünvan 2 ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin 2(125)-1288/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 3300 (üç min üç yüz) manat pul və dövlət rüsumunun əvəzi 53 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Bu icra sənədi ilə bağlı borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, zəruri icra tədbirləri görülsə də, müsbət nəticə əldə olunmamışdır. İcra məmurunun xəbərdarlıqlarına məhəl qoymur və qanunun tələblərini yerinə yetirməkdən yayınır. Borclu Şəxs borcundan cəmi 100 manat ödəniş etmişdir. Bununla da, onun əməlində İXM-nın 528.1-1-ci maddəsinin tərkibi yaranmışdır. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə, o cümlədən il ərzində bir dəfə də İXM-nin 528.1-ci maddəsi ilə tənbeh olunmasına baxmayaraq, icra sənədini icra etməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır, bu barədə icra məmuru onu məlumatlandırmışdır. Yaşı çox olduğuna görə heç bir yerdə işləyə bilmir. Hazırda maddi vəziyyəti yaxşı olmadığından, işsiz olduğundan, borcunu tam ödəməkdə çətinlik çəkir. O, gündəlik müəyyən yerlərdə işləyir və “peraşki” bişirib satmaqla dolanışığını təmin edir. O, indiyə qədər borcundan ayda 10 manat olmaqla cəmi 100 manat ödəniş etmişdir. Sürəyadan aldığı pulu sələm kimi götürmüşdür və hər yüz manata ayda on manat faiz vermişdir. Onun evi var və həmin evi hazırkı borcuna görə satışa qoymuşdur. Həmin ev satıldıqdan sonra o, borcunu tam şəkildə ödəyəcəkdir. Qeyd edilənlərə əsasən barəsində hər hansı bir tədbir görülməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, xəstə uşağı vardır, özü və ailəsi ərinin pensiyasına möhtacdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs ona 3200 manat borcu vardır. O, Aygünə sözügedən borcu əvvəlcə sələm kimi versə də sonradan sələmi dayandırmışdır. O, hazırda pulunun tam şəkildə ödənilməsini tələb edir, əks təqdirdə Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3300 manat pul və 53 manat alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-539/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Belə ki, Şəxs icra sənədini məhz üzrsüz səbəbdən icra etməməsi, ümumiyyətlə borclunun qərəzli olması nə iş materialları, nə də ki icra məmurunun protokolunda öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, icra sənədinin icra edilməməsi məhz üzrsüz səbəbdən deyil borclunun maddi vəziyyəti ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə gəldiyi nəticə onunla əsaslandırır ki, Şəxs 57 yaşı vardır və peraşki bişirməklə ailəsini dolandırır. Onun maddi imkanının olmaması məhkəmə qərarının icra olunmamasına rəvac verməsə də, lakin hazırkı vəziyyətdə Şəxs sözügedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməməsi isə yalnız onun maddi imkanı ilə əlaqədar olmaqla yanaşı, eyni zamanda əməlində hər hansı bir qərəz mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(5-121)-517/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-517/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver