Məhkəmə qərarları › İş №3(5-121)-539/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-539/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-539/2026 23.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, səlahiyyətli orqanın nümayəndəsi X2, qərardan şikayət verən X1 iştirakları ilə, X1 xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə tərtib olunmuş İXP ******* saylı protokol və onun əsasında qəbul edilmiş TP ******* nömrəli qərarla İXMnin 327.2-ci maddəsi ilə 90 manat cərimə tətbiq edilmişdir. Bu qərarla razı deyil və aşağıdakı səbələrə görə ləğv olunmasını xahiş etmişdir. Belə ki, təqdim olunmuş materiallarda qanun pozuntusunu açıq şəkildə sübut edən foto və video dəlil yoxdur. Hansı anda, hansı yol nişanına əməl etmədiyi konkret göstərilməmişdir. Hadisə yerində yol nişanları aydın görünmür, sürücülər üçün çaşdırıcı vəziyyətdədir. Bu da obyektiv pozuntu faktının müəyyən edilməsini mümkünsüz edir. Protokolda hərəkətinin dəqiq təsviri yoxdur, yalnız maddə göstərilmişdir. Qeyd edir ki, yol hərəkəti qaydalarını bilərəkdən pozmamış və təhlükəli vəziyyət yaratmamışdır. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun çıxış edərək heç bir inzibati xəta törətmədiyini və barəsində çıxarılmış qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X4 hadisəni özündə əks etdirən videogörüntünü məhkəməyə təqdim edərək qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilən zaman X1 İXM-nin 327.1 və 327.2-ci maddələrinin tələbini pozduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərardan görünür ki, X3 həmin tarixdə, saat 17:24 radələrində “Toyota Prius” minik markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozması və yol nişanlarının tələblərinə riayət etməməsi, yəni Azərbaycan Respublikası İXM-in 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, X1 xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərardan şikayəti əsassız olduğundan təmin oluna bilməz. Belə ki, şikayətçi M.Məmmədov şikayətində qeyd edilən pozuntunu törətməməsini bildirsə də, bu barədə əsaslı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar və videogörüntüyə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq olunur. Həmin videogörüntüdən də aydın görünür ki, şikayətçi M.Maqsudov idarə etdiyi “Toyota Prius” (Hibrid) markalı avtomobil ilə üstünlük nişanı dairəvi yolda olduğu halda, dairəvi yolda hərəkətdə olan yük avtomobilinə yol verməyərək sağa dönüş edərək yoluna davam etmişdir. Bununla da, o, İXM-nin 327.1 və 327.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Onun cərimə edilməsi barədə xx.xx.2026cı il tarixli qərarı qəbul edilərkən inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.2-ci maddəsinə svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat nəbləğində cərimə edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qəraraaldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar