Məhkəmə qərarları › İş №3(5-121)-542/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-542/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-542/2026 13.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Nərgiz Ramiz qızının sədrliyi, X4 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.2001-ci ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ortaixtisas təhsilli, bərbər işləyən, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 76, ev 3, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 fevral 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 13 fevral 2026-cı il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati ərazisində qanunsuz narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X2 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək, bildirdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aparılması üçün Gəncə şəhər Narkoloji Dispanserinə aparılmış və ekspertizadan keçirilərkən narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilməyərək, bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 16 radələrində işlədiyi yerdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvətini qəbul etmişdir. Polis şöbəsinə gətirilən zaman telefonunu əlindən almışlar. Polis Şöbəsində olan zaman onun narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu demişlər və sərxoşluq hallarının müayinəsi üçün Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən müayinədən keçməyə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvətini qəbul etmişdir. Müayinədən keçirilən zaman sidik nümunəsindən narkotik vasitə THC aşkar edilmişdir. Lakin orada da həkimə həmin testlə razılaşmadığını bildirmişdir. Düşünür ki, həmin testin cavabları düzgün deyil və polis tərəfindən saxtalaşdırılıb. Çünki narkotik vasitə istifadə etmir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil çıxışında 13 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokolun əsassız tərtib edildiyini və həmin protokolun təmin edilməməsini xahiş etdi. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aparılmış müayinə ilə razılaşmadığından təkrar müayinəyə göndərilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 12 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati ərazisində qanunsuz narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi protokolunun surətindən görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 13 fevral 2026-cı il tarixli, 244 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 15:00 radələrində inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda Şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin cinayət tərkibi olmadığı, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə 2-ci X3 Təhlükəsizlik Bölməsinə göndərilmiş, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən MN seriyalı ******* nömrəli, 13 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 13 fevral 2026-cı il tarixli, 244 nömrəli tibbi yoxlama haqqında rəyini, barəsində icraat aparılan şəxs Şəxs məhkəmə araşdırması zamanı verdiyi izahatı və digər sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təkzibedilməz sübutlarla tam təsdiqini tapmışdır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, Şəxs narkotik vasitələrdən qanunsuz olaraq istifadə etmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş və heç bir şübhə doğurmayan Respublika Narkoloji Mərkəzinin rəsmi tibbi rəyi ilə tam sübuta yetirilir. Həmin rəyə əsasən, Şəxs sidik nümunəsində THC (+) aşkar olunmuşdur. İXM-in 206-cı maddəsinin sanksiyası alternativ xarakter daşıyır və cərimə ilə yanaşı, bu tədbirin kifayət sayılmadığı hallarda iki ayadək müddətə inzibati həbsin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, hazırkı işin konkret hallarında cərimə tənbehinin tətbiqi İXM-in 21-ci maddəsində nəzərdə tutulan tənbehin məqsədlərinə – həm xətanı törətmiş şəxsin islah olunmasına, həm də yeni xətaların törədilməsinin qarşısının alınmasına nail olmaq üçün kifayət qədər təsirli və adekvat tədbir deyildir. Bu qənaət aşağıdakı fundamental əsaslara söykənir: Birincisi, Narkoloji Dispanserin rəyində Şəxs narkotik vasitə olan kannobiodlərdən epizodik istifadə etmə hallarının olduğu, məcburi müalicəyə ehtiyac olmasa da narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyü müəyyən edilmişdir. Belə bir vəziyyətdə cərimənin tətbiqi yalnız formal xarakter daşıyacaq və onun hərəkətinin kökündə duran səbəbləri aradan qaldırmayacaqdır. İkincisi, İXM-in 21-ci maddəsinin tələbinə görə, inzibati tənbehin məqsədlərindən biri şəxsin islah edilməsi və tərbiyələndirilməsidir. İnzibati həbs tədbiri, bu halda, həm cəza funksiyasını yerinə yetirir, həm də şəxsi narkotik maddələrin əldə oluna biləcəyi mühitdən təcrid edərək profilaktiki tədbirlərin effektivliyini təmin etmək üçün zəruri bir ilkin mərhələ rolunu oynayır. Onun narkoloji dispanserdə qeydiyyata götürülməsi prosesinin fasiləsizliyini və dövlət nəzarətini təmin edir. Üçüncüsü, İXM-in 9.1-ci maddəsində təsbit edilmiş ədalətlilik prinsipi tətbiq olunan tənbehin həm də ictimai mənafelərə uyğun olmasını tələb edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və istehlakı cəmiyyət üçün yüksək təhlükə mənbəyidir. Narkotikdən əziyyət çəkən şəxslərin islah olunmadan cəmiyyətdə sərbəst qalması yeni hüquq pozuntularının törədilməsi üçün real risk yaradır. Bu baxımdan, Şəxs cəmiyyətdən müvəqqəti təcrid edilməsi və narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməsi onun öz şəxsi sağlamlığının bərpası üçün deyil, həm də ictimai təhlükəsizliyin təmini üçün zəruri və mütənasib bir tədbirdir. Bütün bu halları məcmusunda qiymətləndirən məhkəmə, törədilmiş inzibati xətanın xarakteri, onun ictimai təhlükəliliyi, Şəxs şəxsiyyəti və sağlamlıq vəziyyəti barədə tibbi rəylə təsdiqlənmiş hallar nəzərə alınmaqla, onun barəsində İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini ədalətli, qanuni və tənbehin məqsədlərinə nail olmaq üçün yeganə effektiv vasitə hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin tibbi müayinənin nəticələrini mübahisələndirməsi və həmin müayinənin nəticəsi olan protokolun tərtibində polis əməkdaşlarının təsiri olduğu ilə bağlı izahatına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati xəta üzrə icraat zamanı dövlət orqanlarının və vəzifəli şəxslərinin hərəkətlərinin qanuniliyi prezumpsiyası qüvvədədir. Başqa sözlə, rəsmi sənəd və aktlar onların əksini təsdiq edən mötəbər sübut təqdim olunmayana qədər etibarlı hesab olunur. İXM-ə görə sübutlar qanuni yolla əldə olunmalı və məhkəmə tərəfindən daxili inam əsasında qiymətləndirilməlidir. İş materiallarından tibbi müayinənin səlahiyyətli narkoloji müəssisədə aparıldığı, bioloji nümunənin laborator qaydada yoxlanıldığı və sidik analizində THC maddəsi aşkar edildiyi görünür. Belə olan halda rəy hüquqi və tibbi baxımdan etibarlı sübut hesab olunur. Şəxsin “polis qərəzlidir” və “rəy saxtalaşdırılıb” məzmunlu iddiaları konkret faktlara söykənmir, hər hansı sənəd və ya alternativ rəylə təsdiqlənmir və müayinə proseduranda pozuntu olduğunu göstərmir. Sübutetmə yükü iddia irəli sürən tərəfin üzərinə düşür. Abstrakt ehtimal və fərziyyələr sübut sayılmır. Dövlət orqanlarının hərəkətlərinin qanuniliyini təkzib etmək üçün obyektiv və inandırıcı dəlillər təqdim edilməlidir. Məhkəmə hesab edir ki, şəxsin izahatı məsuliyyətdən yayınmağa yönəlmiş özünümüdafiə xarakterli mövqedir və obyektiv laborator nəticəni şübhə altına almaq üçün yetərli deyil. Məhkəmə həmçinin barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin təkrar müayinəyə göndərilməsi barədə müdafiəçinin şifahi vəsatətinə də münasibət bildirərək qeyd edir ki, tibbi müayinə səlahiyyətli orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun aparılmış, nəticə müvafiq aktla rəsmiləşdirilmiş və iş materiallarına əlavə edilmişdir. Müdafiə tərəfi tərəfindən müayinənin aparılma qaydasında konkret prosessual pozuntu və ya rəyin qeyri-müəyyənliyi barədə əsaslandırılmış sübut təqdim edilməmişdir. Şəxsin rəy ilə razılaşmaması öz-özlüyündə təkrar müayinə üçün hüquqi əsas təşkil etmir. Sadəcə şəxsin “istifadə etməmişəm” deməsi və ya həkim rəyini inkar etməsi təkrar müayinə üçün yetərli əsas deyil. Əks halda, istənilən işdə hər rəy avtomatik şübhə altına alınar ki, bu da sübutların sabitliyini pozar. Odur ki, bu barədə verilən vəsatət təmin edilməməlidir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən və İXM-in 30, 32, 33, 40.0.1, 43, 48-51, 114-120, 128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2026-cı il saat 16:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Şəxs narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərgiz Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar