Məhkəmə qərarları › İş №3(5-121)-582/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-582/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-582/2026 16.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Umud oğlunun sədrliyi, X4 oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi Nümayəndə, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 16 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 16 fevral 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Nümayəndə izahatında göstərdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan əlavə şəxs sərxoş vəziyyətdə polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, heç nə etməmiş və heç bir inzibati xəta törətməmişdir. Polis əməkdaşlarının onu hansı səbəbdən saxladıqlarını da bilmir. O, kafedə dostu ilə oturub spirtli içki qəbul etmiş və oradan çıxdıqdan sonra polis əməkdaşları onlara yaxınlaşıb şöbəyə dəvət etmişlər və onlar da polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişlər. Şöbədə olan zaman tanımadığı polis əməkdaşları onun əlini qandallamış, ağzını yapışqanlı lentlə (skoçla) bağlayaraq orada onu döymüşlər. Barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 00:10 radələrində 18 saylı postda xidmətdə olarkən məlumat daxil olmuşdur ki, küçədə iki nəfər şəxs nalayiq ifadələr işlədir. Adı ona sonradan məlum olan Şəxs və X1 halda ucadan səsküy salaraq nalayiq ifadələr işlətdikləri üçün onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları dəfələrlə nizam intizama dəvət etsələr də onların qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərdilər. Həmçinin polis işçilərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra həmin şəxsləri polis şöbəsinə dəvət etmişlər və növbətçi hissəyə təhvil vermişlər. Habelə polis şöbəsinin inzibati binasında belə onlar ictimai qaydanı pozmuş və nalayiq ifadələr işlətməkdə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis siravisi Şahid2 digər Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar, şahid ifadələri, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 00:20-də inzibati qaydada tutulmuşdur. Polis əməkdaşları tərəfindən təqdim edilmiş DVD diskə baxış keçirilərkən Şəxs yüksək səslə sərxoş vəziyyətdə nalayiq ifadələr işlədir və bu hərəkətlərinin polis şöbəsinin inzibati binasında da davam etdirir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı içkili vəziyyətdə törətməsi (özü içkili olmasını izahatında bildirir) onun məsuliyyətini ağırlaşıdıran haldır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, yuxarıda sadalanan qanunvericiliyin maddələrinə və işin faktiki hallarına əsaslanaraq, məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşını təhqir etməsini, onun təqsirinin dərəcəsini, inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları, inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq Şəxs inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə bir daha qeyd edir ki, Şəxs xırda xuliqanlıq hərəkətləri edərək, Gəncə şəhər 1-ci Polis Şöbəsinin polis əməkdaşlarının iş fəaliyyətini pozmuş və polis işçilərinin qanuni tələblərinə tabe olmamış, onlara qarşı nalayiq ifadələr işlətmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 28 (iyirmi səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 16 fevral 2026-cı il tarixdən saat 00:20-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar