Məhkəmə qərarları › İş №3(5-121)-592/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-592/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-592/2026 16.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrinin tələbinə əsasən tərtib edilmiş MN ******* saylı inzibati protokola dair Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi, Bəşirov Cavid Musa oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 1-ci X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, fərdi identifikasiya nömrəsi xxxxxxx olan, Azərbaycan Respublikası vətəndaşı, subay, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 265 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-in sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.

2. Həmin protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2026cı il tarixdə, saat 00:10 radələrində Şəxs içkili halda intizam pozuntusuna yol vermiş, polisin qanuni tələblərinə tabesizlik göstərmiş, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir.

3. İş materiallarına əlavə edilən “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokolla müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 00:10-da inzibati qaydada tutulmuşdur.

İş üzrə proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X3 qeyd etmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 00:10 radələrində Şəxs içkili halda inzibati pozuntuya yol vermiş, polisin qanuni tələblərinə tabesizlik göstərmiş, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsi xahiş olunur.

5. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında barəsində tərtib olunmuş əlaqədar bildirmişdir ki, içkili vəziyyətdə olduğundan ictimai asayişi pozmuş, polis əməkdaşlarına uca səslə etiraz etmişdir. Lakin hal hazırda əməlindən səmimi şəkildə peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş olunur.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 21. İnzibati tənbehin məqsədləri İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 22. İnzibati tənbeh növləri 22.1. İnzibati tənbeh növləri aşağıdakılardır: 22.1.1. xəbərdarlıq; 22.1.2. inzibati cərimə; 22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi; 22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması; 22.1.5. ictimai işlər; 22.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma; 22.1.7. inzibati həbs. Maddə 23. Əsas və əlavə inzibati tənbehlər 23.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. 23.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. 23.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Maddə 31. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları 31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. ... 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar ... 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Maddə 75. İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Maddə 76. Sübutlar 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Maddə 115. İnzibati xəta haqqında iş üzrə qərar 115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, o cümlədən inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Maddə 510. Xırda xuliqanlıq Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə qanunvericiliyin müvafiq normalarına, inzibati xəta ilə bağlı tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə istinad edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməli, İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli sübuta yetirilmədiyindən həmin hissədə inzibati iş üzrə icraata xitam verilməlidir.

8. Məhkəmə gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.

9. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin dispozisiyasına əsasən şəxs o zaman qeyd edilən maddə ilə təqsirli bilinir ki, o, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol versin.

10. İXM-in 510-cu maddəsinin obyekti ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür.

11. Ümumiyyətlə ictimai yer elə bir yer sayılır ki, insanların həmin yerlərdə kütləvi şəkildə toplaşa, istirahət edə və ya hərəkət edə bilərlər. İctimai qayda dedikdə isə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.

12. Həm protokol tərtib edən orqanın səlahiyyətli nümayəndəsinin, həm də barəsində protokol tərtib edən şəxsin izahatları ilə birmənalı şəkildə müəyyən edilir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, Şəxs içkili vəziyyətdə ictimai yerdə yüksək səslə ünvansız nalayiq ifadələr işlətmişdir.

13. Yuxarıda da qeyd edildiyi kimi hadisənin ictimai yer sayılan küçədə baş verməsi, əməlin qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə uyğun olmaması Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətlərinin olduğuna dəlalət edir.

14. Şəxs barəsində tərtib edilmiş protokolda onun əməlində həm də Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu qeyd edilmişdir.

15. Qeyd edilən maddə üzrə təhlil aparan məhkəmə bildirir ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyət o zaman meydana gəlir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxs onların qanuni tələblərinə qəsdən tabe olmasın.

16. Başqa sözlə qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir ki, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır.

17. İş materialları, eləcə də məhkəmə istintaqı zamanı aparılmış araşdırma zamanı Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsinin dispozisiya şərtində nəzərdə tutulmuş hərəkətlərə yol verdiyi öz təsdiqini tapmır. Belə ki, nə protokolu tərtib edən şəxs, nə də Şəxs konkret olaraq polis işçisinin qanuni tələbinə tabe olmama halının nədə təzahür etdiyini göstərə bilməmiş, ümumi xarakterli ifadələrdən istifadə edilməklə qeyd edilən əməllə bağlı fikir irəli sürülmüşdür.

18. Bundan əlavə Şəxs həqiqətən də İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan hərəkətlərə yol verməsi ilə bağlı hər hansı mötəbər sübut da təqdim edilməmişdir. Mötəbər sübut olmadığı halda şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həm Konstitusiya, həm də İnzibati xəta haqqında qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasının tələblərinin pozulmasına gətirib çıxarır.

19. Məhkəmə qeyd edir ki, ümumi hüquq nəzəriyəsinə görə hər bir iş üzrə sübut etmə yükü iddia edən tərəfdə olur. Hazırkı vəziyyətdə Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsinin dispozisiya şərtində nəzərdə tutulmuş hərəkətlərə yol verilməsi barədə hər hansı sübut mövcud deyildir.

20. İnzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X2 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir.

22. Eyni zamanda qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edildiyi təqdirdə şəxs inzibati məsuliyyətə cəlb edilməlidir: 1. inzibati xəta hadisəsi; 2. inzibati xəta törətmiş şəxs; 3. inzibati xəta törətməkdə şəxsin təqsiri;

23. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər.

24. Beləliklə, qeyd edilən halları ümumiləşdirən məhkəmə hesab edir ki, müvafiq sübutlar əsasında Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta yol verdiyi sübut edilmədiyindən qeyd edilən maddə ilə barəsində inzibati xəta üzrə icraata xitam verilməlidir.

25. Təyin ediləcək inzibati tənbeh tədbirinə gəlincə məhkəmə inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutaraq qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır».

26. Məhkəmə qeyd edir ki, təsvir edilən normaların məzmunundan da göründüyü kimi inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin.

27. Yuxarıda qeyd edilən halların kontekstində məhkəmə bildirir ki, İXM-in 510-cu maddəsində inzibati tənbeh qismində qanunverici 2 əsas tənbeh növünü nəzərdə tutmuşdur: cərimə və ya inzibati həbs.

28. Məhkəmə qeyd edir ki, hazırkı işə münasibətdə Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, “İnzibati qaydada tutma haqqında” MN ******* nömrəli protokolla müəyyən edilir ki, Şəxs 16 fevral 2026-cı il tarixdə, saat 00:10-da inzibati qaydada tutulmuşdur. Lakin Şəxs məhkəmə prosesində sərbəst ifadə verərkən bildişmişdir ki, o xx.xx.2026-cı il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Qeyd edilən bu xüsasat səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təkzib edilməmişdir.

29. İXM-in 89.5-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında Şəxs yatmış olduğu, yəni ayıq olmaması barədə də hər hansı qeyd mövcud deyildir. Başqa sözlə Şəxs tutularkən ayıq olmuşdur. Belə olan halda Şəxs inzibati qaydada saxlama tarixi xx.xx.2026-cı il saat 23:00 qəbul edilməlidir.

30. İşin bu halını nəzərə alan məhkəmə İXM-in 31.4-1-ci maddəsinin tələbini əsas götürərək bildirir ki, şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla yüngül tənbeh tədbiri tətbiq edilməlidir.

31. Beləliklə, məhkəmə törədilmiş inzibatı xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, törədilmiş inzibati xətaya münasibətini, ış üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər.

32. Göstərilənlərə əsaslanaraq İnzibati Xətalar Məcəlləsinin 34, 37, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə r a r a a l d ı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 70 (yetmiş) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Kəmalə Bayramova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar