Məhkəmə qərarları › İş №3(5-121)-595/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-595/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-595/2026 16.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 2025-ci il 09 dekabr tarixdə ünvan 2 ünvanında yaşayan X1 yaşadığı evin həyətinə daxil olaraq stolun üzərində olan samovarı gizli talayaraq xırda talama əməlini törətmiş və bundan əlavə Şəxs 2026-cı il 14 fevral tarixdə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində olan zaman narkotik vasitə istifadə etməsində şübhəli bilindiyi üçün qeyd edilən tarixdə müayinəyə aparılmış, müayinə zamanı onun analiz nəticələrindən OPİ (heroin) istifadə etməsi məlum olmuşdur. Bununla da o, İXM-in 227 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən 2026-cı il 14 fevral tarixli MN ******* saylı və 2026-cı il 14 fevral tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X4 protokolların məzmununa uyğun çıxış edərək, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında protokollarda qeyd edilən əməllərin onun tərəfindən törədildiyini etiraf edərək göstərdi ki, ehtiyacı olduğu üçün X1 yaşadığı evin həyətinə daxil olaraq stolun üzərində olan samovarı oğurlamışdır. Samovarı sataraq valideynləri xəstə olduğu üçün dərman almışdır. Zərərçəkmişə dəymiş zərəri ödəmək və barışmaq niyyətindədir. Həmçinin bildirdi ki, təxminən 20 gün öncə cəmi bir dəfə narkotik vasitədən istifadə etmişdir. Oğurluq hadisəsi ilə bağlı polis şöbəsində izahatı alınarkən özünü şübhəli apardığından müayinə üçün onu narkoloji dispanserə aparmışlar. Hal-hazırda əməlindən peşmandır və bir daha belə hüquqazidd əməllərə yol verməyəcəkdir. Himayəsində azyaşlı uşaqları və ahıl valideynləri vardır. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2025-ci il 19 dekabr tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, naməlum şəxs tapıldıqdan sonra Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 19:05-də inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2026-cı il 14 fevral tarixli, 760/2026 nömrəli protokolun surətindən görünür ki, Şəxs analiz nəticələrində OPİ aşkar edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2026-cı il 16 fevral tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş 2026-cı il 16 fevral tarixli 262 nömrəli rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Elektron qayadada edilmiş sorğuya cavabdan görünür ki, Şəxs əvvələr də inzibati məsuliyyətə cəlb olunmuşdur. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə edilmiş elektron sorğudan görünür ki, Şəxs himayəsində iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-nin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin Məcəllənin daha ciddi xəta hesab edilən 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlləri etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək niyyətində olduğunu və barışmaq istədiyini bildirsə də, məhkəmə iclas zalında iştirak etməyən zərərçəkmiş şəxs X3 tərəfindən ona dəymiş ziyanın ödənilməsi və barışıq əldə edilməsi ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Belə ki, AR İXM-in 39.2-ci maddəsində qeyd edilir ki, 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Normanın məzmunundan da aydın şəkildə görünür ki, vurulmuş ziyan tamamilə ödənildikdə və zərərçəkmiş şəxslə barışıq əldə edildikdə inzibati iş üzrə icraata xitam verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vurulmuş ziyanı ödəmək niyyətinin olması özü-özlüyündə onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 2026-cı il 14 fevral tarixdən, saat 19:05-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş 2026-cı il 16 fevral tarixli 262 saylı rəydən görünür ki, Şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Beləliklə yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki azyaşlı uşağının olmasını ona inzibati həbs növündə tənbeh tədbirinin müddətini müəyyən edərkən nəzərə alır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48-51, 61, 73, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 227-ci maddəsinin sanksiyası həddində 1 (bir) ay 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 2026-cı il 14 fevral tarixdən saat 19:05-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs narkoloji dispanserdə qeydiyyata alınması və narkomaniyadan məcburi müalicəsinin icrasına nəzarət yaşadığı yer üzrə icra və probasiya qurumuna həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Ülkər Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar