Məhkəmə qərarları › İş №3(5-121)-598/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-598/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-598/2026 16.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 16 fevral 2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 16 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhəri, N.Nərimanov prospektində YPX və PPX əməkdaşlarına ünvanlı, ünvansız nalayiq ifadələr işlədib və polis şöbəsinə gəlməkdən imtina edərək tabesizlik göstərmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində xidmətdə olan YPX əməkdaşları üzərində dövlət qeydiyyat nömrə nişanı olmadığından “VAZ 2121” minik markalı avtomobili saxlamışlar. Avtomobilin sürücüsü barəsində İXM-nə uyğun protokol tərtib edilərək cərimə meydançasına yaxınlaşması bildirildikdə həmin avtomobildə sərnişin qismində əyləşən Şəxs avtomobildən düşərək avtomobilin açarlarını götürüb verməyəcəyini bildirmişdir. Avtomobilin sürücüsü Şəxs dostu olmuşdur. YPX əməkdaşları Şəxs dəfələrlə nizam-intizama dəvət etsə də, o, əməllərinə davam edərək ünvanlı, ünvansız nalayiq ifadələr işlədib və polis şöbəsinə gəlməkdən imtina edərək tabesizlik göstərmişdir. Buna görə də, YPX əməkdaşları PPX əməkdaşlarını köməyə çağırmışlar, Şəxs tabesizlik göstərdiyi üçün onu patrul avtomobilinə əyləşdirib 2-ci Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə raportla təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun özünəməxsus olan, lakin dostunun idarə etdiyi avtomobilin arxa oturacağında yatan zaman YPX əməkdaşları avtomobili saxlamışdır. Bu zaman avtomobilin arxa qapısından düşərək açarları götürmüşdür. YPX əməkdaşları ondan açarı istəyən zaman açarı yerə atmışdır. Bu zaman hadisə yerinə PPX əməkdaşları gəlmişdir. PPX əməkdaşları onun qolundan tutaraq patrul avtomobilinə əyləşdirib 2-ci Polis Şöbəsinə gətirmişlər. Ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə zamanı anlaqsız vəziyyətdə və orta dərəcəli sərxoş olmuşdur. Avtomobilin arxa hissəsində dövlət qeydiyyat nömrə nişanı olmamış, ön hissəsində olan dövlət qeydiyyat nişanı isə yerə düşdüyündən onu götürüb güzgünün qarşısına qoymuşdur. Hazırda isə avtomobilin arxa hissəsində dövlət qeydiyyat nömrə nişanı mövcuddur. O, ucadan səs-küy salsa da, polis əməkdaşlarına qarşı hörmətsizlik etməmiş, anlaqsız olduğundan nalayiq ifadələr işlətmişdir, lakin bununla səhv etdiyini qəbul edir. Şahid3 qarşı yox, digər Şahid2 qarşı nalayiq ifadələrdən istifadə etmişdir. Dünən axşam saatlarında inzibati qaydada tutulmuş və oradan da məhkəməyə gətirilmişdir. Mərhum atası polis işçisi olmuşdur, hazırda əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində bildirdi ki, hadisə yerinə yaxınlaşan zaman adı və soyadı sonradan ona məlum olan Şəxs PPX əməkdaşları ilə mübahisə etdiyini və avtomobilin açarını vermədiyini görmüşlər. Şəxs dəfələrlə intizama dəvət edərək ona açarı verməsi və polisə tabe olması bildirilsə də, o, ucadan səs-küy salaraq ünvanlı və ünvansız nalayiq ifadələrdən istifadə etmişdir. Şəxs tabesizlik göstərdiyi üçün patrul avtomobilinə əyləşdirib 2-ci Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə raportla təhvil vermişlər. Ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə yerində iki nəfər PPX əməkdaşı və iki nəfər YPX əməkdaşı olmuşdur. Avtomobil isə YPX əməkdaşları tərəfindən duracağa təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində bildirdi ki, dünən axşam saatlarında xidmətdə olarkən YPX əməkdaşları tərəfindən köməyə çağırılmışlar. Hadisə “Köhnə avtovağzal” adlanan yerdə şərab evinin yanında baş vermişdir. Hadisə yerinə yaxınlaşan zaman adı və soyadı sonradan ona məlum olan Şəxs PPX əməkdaşları ilə mübahisə etdiyini və YPX əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiyini görmüşdür. Şəxs dəfələrlə intizama dəvət edərək ona polisə tabe olması bildirilsə də, o, ucadan səs-küy salaraq əl-qol hərəkətləri ilə ünvanlı və ünvansız nalayiq ifadələrdən istifadə etmişdir. Həmçinin Şəxs tabesizlik göstərdiyi üçün patrul avtomobilinə əyləşdirib 2-ci Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə raportla təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru, polis baş serjantı Şahid1 ifadəsində bildirdi ki, Şəxs “VAZ 2121” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi hadisədən əvvəl də tanımışdır. Dünən axşam saatlarında 22:30 – 22:45 radələrində Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ünvanında xidmətdə olarkən dövlət qeydiyyat nömrə nişanı olmadan avtomobil idarə edilməsinə dair məlumat daxil olmuşdur. Həmin məlumat əsasında sözügedən avtomobil saxlanılmış, avtomobilin sürücüsünə hüquq və vəzifələri izah olunmaqla, barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı və avtomobilin cərimə meydançasına yerləşdirilməsi bildirilmişdir. Bu zaman avtomobildə sərnişin qismində əyləşən sərxoş vəziyyətdə olan Şəxs avtomobilin açarını götürərək verməyəcəyini bildirmiş, buna görə də hadisə yerinə PPX əməkdaşlarını çağırılmışdır. Şəxs dəfələrlə intizama dəvət edərək ona açarı verməsi, polisə tabe olması və yaşayış yeri olduğundan nalayiq ifadələr işlətməməsi bildirilsə də, o, ucadan səs-küy salaraq ünvanlı və ünvansız nalayiq ifadələrdən istifadə etmişdir. Belə ki, Şəxs tabesizlik göstərdiyi üçün patrul avtomobilinə əyləşdirib 2-ci Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə raportla təhvil vermişlər. Ona verilən suallara cavab olaraq bildirdi ki, Şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələrdən istifadə etmişdir. Hadisə zamanı Şəxs həddindən artıq sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Şəxs onun dostudur. YPX əməkdaşları tərəfindən saxlanılan zaman toydan gəldikləri üçün avtomobilin dövlət qeydiyyat nömrə nişanı üzərində olmamış, baqajda olmuşdur, daha sonra baqajdan çıxarılaraq avtomobilin üzərinə taxılmışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə zamanı Şəxs sərxoş vəziyyətdə olmuş, buna görə də polis əməkdaşları isə mübahisə etmiş və avtomobilin açarını özündə saxlayaraq verməyəcəyini demişdir. Özü və avtomobildə olan digər dostu isə ayıq vəziyyətdə olmuşdur. Avtomobildə üç nəfər olmuşlar, özü və Şəxs sərnişin qismində olmuş, digər dostu Natiq Mehdiyev isə avtomobili idarə etmişdir. Avtomobilin sürücüsü barəsində törətdiyi inzibati xətaya görə protokol tərtib edilmişdir. Şəxs nalayiq ifadələrdən istifadə etməsini eşitməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 16 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhəri, N.Nərimanov prospektində YPX və PPX əməkdaşlarına ünvanlı, ünvansız nalayiq ifadələr işlədib və polis şöbəsinə gəlməkdən imtina edərək tabesizlik göstərmişdir. -15 fevral 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 fevral 2026-cı il tarixdə, saat 23:40-da inzibati qaydada tutulmuşdur. -16 fevral 2026-cı il tarixli, 782/2026 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan” görünür ki, müayinə zamanı Şəxs orta dərəcəli alkoqol sərxoşluq dərəcəsi aşkar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, həmçinin inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin hallarından görünür ki, hadisə zamanı yol-patrul xidmətinin əməkdaşları xidmətdə olmuş və öz xidməti vəzifələrini icra edən zaman avtomobildə sərnişin qismində olan Şəxs avtomobilin açarı tələb edilməsinə baxmayaraq, o, avtomobilin açarını özündə saxlamış, bununla da polis əməkdaşlarının öz vəzifələrinin icrasına maneçilik törətmiş, bundan sonra ondan bu hərəkətlərinə son qoyması tələb edilmiş, həmçinin ucadan ünvansız nalayiq ifadələr işlətməsi səbəbindən irad bildirilmiş, lakin o, öz hərəkətlərini davam edərək, polis əməkdaşlarının qanuni tələbinə əhəmiyyət verməyərək və tabe olmayaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmiş, polisin iş rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməlini etiraf etməklə peşman olmasını onun məsuliyyətini yüngülləşdirilən hal qismində nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, əməlini etiraf etməsini və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 15 fevral 2026cı il tarixdən, saat 23:40-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 15 fevral 2026-cı il tarixdən, saat 23:40-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar