Məhkəmə qərarları › İş №3(5-121)-61/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-61/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-61/2026 12.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1. 510 və 535-ci maddələrinin tələbinə əsasən tərtib edilmiş MN ******* saylı inzibati protokola dair Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi, Bəşirov Cavid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, fərdi identifikasiya nömrəsi xxxxxxx olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, hazırda Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 9, mənzil 6-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1. 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərar qəbul etdi. İşin halları:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206. 333-1.1. 510 və 535-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.

2. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə 41 nömrəli məktəbin yaxınlığında idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman onun YPXN-nin əməkdaşı tərəfindən saxlanılmış və ondan Narkoloji Dispanserdə alınan analiz zamanı AMP, THC, MOP və MET PBG aşkar edilmişdir. Bundan əlavə Şəxs Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmadığından Azərbaycan Respublikası İXM-in 206, 333-1.1. 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və bununla əlaqədar olaraq barəsində xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. İş materiallarına əlavə edilən Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 12 yanvar 2026-cı il tarixli rəydə Şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd edilmiş, həmçinin narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür.

İş üzrə proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X3 qeyd etmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə 41 nömrəli məktəbin yaxınlığında idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman onun YPXN-nin əməkdaşı tərəfindən saxlanılmış və ondan Narkoloji Dispanserdə alınan analiz zamanı AMP, THC, MOP və MET PBG aşkar edilmişdir. Bundan əlavə Şəxs Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmadığından Azərbaycan Respublikası İXM-in 206, 333-1.1. 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və bununla əlaqədar olaraq barəsində xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş olunur.

5. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında barəsində tərtib olunmuş protokolla qismən razılaşaraq ancaq narkotik vasitə olan marixuana istifadə etdiyini, digər narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini, artıq 2 gün müddətində müvəqqəti saxlama yerində saxlanıldığını, lakin heç bir ağrı və asıllığının olmadığını bildirmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 21. İnzibati tənbehin məqsədləri İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 22. İnzibati tənbeh növləri 22.1. İnzibati tənbeh növləri aşağıdakılardır: 22.1.1. xəbərdarlıq; 22.1.2. inzibati cərimə; 22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi; 22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması; 22.1.5. ictimai işlər; 22.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma; 22.1.7. inzibati həbs. Maddə 23. Əsas və əlavə inzibati tənbehlər 23.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. 23.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. 23.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Maddə 31. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları 31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Maddə 34. Bir neçə inzibati xəta törədildikdə, inzibati tənbeh tətbiq etmə ... 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 37. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunması 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.6. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 37.8 İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Maddə 115. İnzibati xəta haqqında iş üzrə qərar 115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, o cümlədən inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Maddə 206. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görəüç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Maddə 333-1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi 333-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddə 510. Xırda xuliqanlıq Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə qanunvericiliyin müvafiq normalarına, inzibati xəta ilə bağlı tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə istinad edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 333-1.1. 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara yol verdiyindən o, həmin maddələrlə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 1 ay 20 gün müddətində inzibati həbs edilməlidir.

8. Məhkəmə gəlmiş olduğu nəticəni şəxsin təqsirli bilindiyi hər bir maddə üzrə aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.

9. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə görə məsuliyyət o zaman yaranır ki, şəxsin əməlində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi halları müəyyən edilsin.

10. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 yanvar 2026-cı il tarixli qərarda Gəncə şəhər Narkoloji dispanserinin 90/2026 saylı, 10 yanvar 2026-cı il tarixli protokoluna istinad edərək göstərilmişdir ki, Şəxs sidik analizində narkotik vasitə olan AMP, THC, MOP, MET və PGM aşkar edilmişdir. Beləliklə, Şəxs sidiyində narkotik vasitənin izləri aşkar edildiyindən onun əməli İXM-in 206-cı maddəsinin təsiri altına düşür.

11. Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsinə görə şəxsin inzibati məsuliyyəti o zaman yaranır ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla nəqliyyat vasitəsi narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş olsun.

12. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlər, eləcə də məhkəmə prosesi zamanı verilmiş izahatlar əsasında Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilir.

13. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin dispozisiyasına əsasən şəxs o zaman qeyd edilən maddə ilə təqsirli bilinir ki, o, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol versin.

14. Bundan əlavə şəxsin Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyəti o zaman meydana gəlir ki, şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasın.

15. Məhkəmə İXM-in 510 və 535.1-ci maddəsi ilə bağlı halları birlikdə şərh edərək qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək və s. hüquqları vardır.

16. İş materialları ilə müəyyən edilir ki, Şəxs törətdiyi inzibati xətalarla bağlı hallar ictimai yer sayılan Gəncə şəhər 1-ci Polis Şöbəsinin inzibati binasında məlumat verilərkən o, ucadan nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmamış, qanunsuz hərəkətlərini davam etdirərək polis şöbəsinin iş fəaliyyətini pozmuşdur. Qeyd edilən xüsusatlar Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddəsinin tərkib əlamətlərinin olduğuna dəlalət edir.

17. Beləliklə, yuxarıda qeyd edilən halları ümumiləşdirən məhkəmə hesab edir ki, müvafiq sübutlar əsasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 206, 333-1.1, 510 və 535-ci maddələrinin tərkib əlamətləri mövcuddur.

18. İnzibati xəta törədən şəxs Şəxs təyin ediləcək inzibati tənbeh tədbirinə gəlincə məhkəmə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında əks edilmiş hüquqi yanaşma istinad edərək aşağıdakıları qeyd edir.

19. İnzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X1 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir.

21. Eyni zamanda qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edildiyi təqdirdə şəxs inzibati məsuliyyətə cəlb edilməlidir: 1. inzibati xəta hadisəsi; 2. inzibati xəta törətmiş şəxs; 3. inzibati xəta törətməkdə şəxsin təqsiri;

22. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər.

23. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333- 1.1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, törətmiş olduğu xətaların xarakterini, həmçinin inzibati xətaların törədilmə şəraitini və üsulunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 206, 333-1.1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin Məcəllənin daha ciddi xəta hesab edilən 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir.

24. Belə nəticə həm İXM-in 34-cü maddəsinin tələbinə, həm də “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarına uyğundur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.

25. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və narkoloji dispanserdə qeydiyyata götürülməlidir.

26. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixdə saat 18:00-dan hesablanmalıdır.

27. Göstərilənlərə əsaslanaraq İnzibati Xətalar Məcəlləsinin 34, 37, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1, 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 1 ay 20 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 10 yanvar 2026-cı il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Kəmalə Bayramova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar