Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-627/2026 20.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 1-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə Gəncə şəhər DYPŞ-nin inzibati həyətində və Yeni Gəncə qəsəbəsində olan zaman ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamış, nəticədə o, Azərbayan Respublikası İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında sahə rəisi X5 çıxışında hadisəni görmədiyini, protokolu isə raport əsasında tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə kəmərdən istifadə etmədiyi və avtomobildə olan konstruktiv dəyişikliyə görə polis əməkdaşları onu saxlamış və avtomobili cərimə meydançasına aparmışlar. Bununla bağlı o, əsəbləşərək əvvəllər lentə aldığı videogörüntünü internet saytında paylaşmışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həmin video görüntüdə avtomobildə konstruksiya pozuntusu aradan qalxmadan cərimə meydançasından çıxarması ilə bağlı olmuşdur. Daha sonra dostları ilə birgə “Qarabağ oyunu”na baxan zaman kafedə əməliyyatçılar ona yaxınlaşıb bölməyə getməyini bildirdikdə o, avtomobilə əyləşib getmişdir. İfadəsinin sonunda polisinin qanuni tələbinə tabesizlik göstərmədiyini, səs küy salmadığını bildirərək veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 çıxışında bildirmişdir ki, sürücü Şəxs kəmərdən istifadə etmədiyi və avtomobilin arxası aşağı olduğuna görə tərəfindən saxlanmışdır. Avtomobilə baxış keçirən zaman arxa yayların kəsik olması aşkar edildikdən sonra ona avtomobili cərimə meydançasına aparılacağı bildirildikdə Şəxs əsəbi və aqressiv şəkildə onlara mane olmuş, əlində başqa video çəkilişin olduğunu bildirmişdir. Sonra çəkiliş vasitəsilə avtomobil meydançaya təhvil verilmiş və Şəxs 150 manat cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında verilən suala cavab olaraq bildirmişdir ki, Şəxs bundan öncə avtomobilini cərimə meydançasından çıxararkən telefon vasitəsilə çəkiliş edərək dövlət işçilərinin savadsızlığını vurğulamış və həmin videogörüntünü sosial şəbəkədə paylaşmışdır. Həmin gün saat 23:00 radələrində yeni Gəncə qəsəbəsində xidmətdə olarkən vətəndaş Şəxs onu və yanındakı polis əməkdaşını fit vasitəsi ilə saxlayıb onlara qarşı nalayiq ifadələr işlətmiş və hədə qorxu gələrək əlində olan video yazını sosial şəbəkədə paylaşıb polisləri rüsvay edəcəyini bildirmişdir. Onlar Şəxs nizam intizama dəvət etsələr də, sonuncu tabe olmayaraq polisin qanuni tələblərinə tabesizlik nümayiş etdirmişdir. Bundan sonra hadisə yerinə Post Patrul Xidməti çağırılmış və Şəxs polis şöbəsinə təhvil verilmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 şahid X3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və himayəsində üç azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, ona Azərbaycan Respublikası İXM-in 510 və 535.1ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bununla belə Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 150 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-627/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-627/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver