Məhkəmə qərarları › İş №3(5-121)-628/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-628/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-628/2026 20.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X8, tələbkar şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5974/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 18 aprel 2022-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş təqdim edilərək hüquq vəzifələri izah edilmiş, borclu isə qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən imtina etmişdir. Bununla da, borclu icra sənədi üzrə İXM-nin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Aliment tələbi üzə Şəxs aliment borcu 2026-ci ilin fevral ayı daxil olmaqla 1730 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən icra məmuru X11 protokolun məzmununa uyğun ifadə verərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, hazırda işsiz olduğundan alimenti ödəyə bilmir, o, yeni işə qəbul olunmaq üçün “Al marketə” müraciət etdiyini, əgər ona 1 ay vaxt verilərsə işlədikdən sonra hissə-hissə ödənişlər edəcəyini bildirmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 Şəxs alimenti ödəməkdən yayınmadığını, sadəcə işsiz olduğundan alimenti ödəyə bilmədiyini nəzərə çatdıraraq hazırda onun işlə bağlı müraciət etdiyini və aliment borcunu ödəmək üçün imkan yaradılmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar şəxs X3 uşağının xəstə olduğunu və pula ehtiyacı olduğunu bildirərək aliment borcunu tələb etdiyini, əks halda isə Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq o, bildirmişdir ki, Şəxs uzun müddət ki, Bakı şəhərində işləyir və onun ödəniş etməyə imkanı var. İş materiallarında olan: - 20 fevral 2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-5974/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 180 manat aliment Şəxs alınaraq X2 ödənilməsi qət edilmişdir. - Gəncə şəhər Məhkəməsinin 2(125)-5974/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Şəxs 18 aprel 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 ödənilməsi qət edilmişdir. - 19 noyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbin könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - Şəxs 09 iyul 2025-ci il, 10 oktyabr 2025-ci və 20 fevral 2026-cı il tarixlərdə icra idarəsində verdiyi izahatlarında borcunu ödəməməsini maddi imkanının olmaması ilə əlaqələndirmişdir. - 07 may 2025-ci il tarixli sonuncu xəbərdarlıq məktublarından görünür ki, Şəxs icra sənədi üzrə tələbi yerinə yetirmədiyi təqdirdə barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 8 (125)-887/2025-ci il saylı, 24 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-5974/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1997-ci ildə ünvan 1 ünvanında olan Şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatları, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli 141№li qərar nəzərə alınmaqla hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat miqdarında müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X7 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 44 (qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 16:10-dən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X7 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 44 (qırx dörd) manat məbləğində pul ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar