Məhkəmə qərarları › İş №3(5-121)-629/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-629/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-629/2026 20.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmli Turan Aydın oğlunun katibliyi, Gəncə şəhəri 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi, X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Akif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs Akif oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yaşayan X4 məxsus 150 manat pulu dələduzluq yolu ilə ələ keçirib mənimsəmişdir. Nəticədə o, Azərbayan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında sahə rəisi X2 protokolun məzmununa uyğun ifadə vermiş, əlavə olaraq zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilmədiyini və hazırda zərərçəkmiş şəxs X5 şikayətçi olduğunu qeyd edərək protokol təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs əməlini etiraf edərək çıxışında X6 tanımadığını, İlahə adlı qadını isə bir neçə müddət əvvəl mağazada işləyən zaman tanıdığını bildirmişdir. O, İlahənin boşandığını və işinin məhkəmədə olduğunu bilmiş və İlahəyə zəng edərək özünü Tural adlı şəxs kimi təqdim etmiş, məhkəmədə işlədiyini, analıqdan məhrum olunma işi barədə məhkəmədə işinə köməklik edəcəyinə dair yalan vəd vermişdir. Daha sonra tanımadığı nömrədən ona zəng gəlmiş və həmin şəxs özünü Samir kimi təqdim etmiş, İlahənin tanışı olduğunu bildirmişdir. Samir ondan Gəncə şəhər Məhkəməsinin hakim köməkçisi Tural olub olmadığını soruşduqda o, təsdiq edərək hakim köməkçisi olduğunu bildirmiş, lakin Gəncə şəhər məhkəməsində Tural adlı köməkçinin olub olmadığını bilməmişdir. O, Samirə İlahənin növbəti gün saat 15:00-da Gəncə şəhər Məhkəməsində olmasını demiş, Samir isə ona İlahənin gəlməməsini xahiş etdikdə, İlahənin gəlməyəcəyi təqdirdə işinin həll olması müqabilində 200 manat pul istəmişdir. Samir kartında 150 manat pul olmasını bildirmişdir. O, isə həmin vaxt Mingəçevir şəhərindən “Bolt” taksi sifariş etmiş və həmin taksi ilə Gəncə şəhərinə gələrkən taksi sürücüsü Rasimdən kartının olubolmadığını soruşmuş və Rasim də özünə məxsus Kapital Banka aid kartı ona vermişdir. O, whatsap sosial şəbəkəsi vasitəsilə Samirə həmin kartın şəklini atmış və ondan bu karta pul atmasını istəmişdir. Bundan sonra Samir Rasimin kartına 150 manat pul göndərmişdir. Daha sonra İlahə və Samiri bloka atmışdır. İfadəsinin sonunda əməlindən peşman olduğunu, Gəncə şəhər Məhkəməsində konkret hər hansı hakimin və hakimin köməkçisinin adını çəkmədiyini bildirərək bağışlanmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: - 20 fevral 2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs müraciətində göstərilənlərə əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 2-ci PŞ-nin İTB-nə göndərilmişdir. - 18 fevral 2026-cı il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin tarixdə saat 23:20-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama, yəni oğurlama yolu ilə özgəsinin əmlakının talamasının Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı, inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-in 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs Akif oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini (dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb edilmişdir), zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Akif oğlu Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli inzibati qaydada tutulduğu tarixdən 18 fevral 2026-ci il tarixdən saat 23:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2026-cı il tarixdən saat 23:20-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar