Məhkəmə qərarları › İş №3(5-121)-655/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-655/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-655/2026 23.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis baş leytenantı Nümayəndə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 23 fevral 2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 23 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və onlara əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2026cı il tarixdə ünvan 3 ünvanının qarşısında dayanan “VAZ 2104” minik markalı, **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən maqnitofon, pult və mobil telefon oğurlamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis baş leytenantı Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinə müraciət edərək özünəməxsus “VAZ 2104” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobildən ümumi dəyəri 335 manat olan 1 ədəd “Pioner” markalı maqnitofonu, 1 ədəd pultu və içərisində mobil nömrə olmayan 1 ədəd “Nokia 3310” markalı mobil telefon naməlum şəxs(lər) tərəfindən oğurlanması barədə məlumat vermiş, məlumat əsasında Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Xidmətdə olarkən əsaslı şübhələr əsasında Şəxs yaxınlaşılmış, Şöbəyə dəvət edilərək raport əsasında izahatı alınmışdır. Bundan sonra barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Sonda qərarı məhkəmənin mülahizəsinə buraxdı. Ona verilən suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə əlaqə saxlamışdır, şəxs hazırda şikayətçidir. Şəxs inzibati qaydada tutulmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, əməlini etiraf edir və peşmandır. İki aylıq körpəsinin dərman ehtiyaclarını qarşılamaq üçün çarəsizlikdən bu əməli törətmişdir, əmək qabiliyyəti olmadığından işləyə bilmir. Himayəsində iki azyaşlı uşağı var, uşaqlarından biri iki aylıqdır və sarılıq xəstəliyindən əziyyət çəkir, hazırda ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Atası Qarabağ əlilidir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, zərərçəkmiş şəxsi tanımır. 335 manat məbləğində dəymiş ziyanı ödəməmişdir, oğurladığı əşyaları cəmi 165 manata satmışdır. Əvvəllər də eyni maddə ilə barəsində inzibati xəta haqqında işlər olmuşdur. Qanunla müəyyən edilmiş qaydada Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -“İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında” qərardan görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Validə Tutayuq küçəsi, ev 6-da yaşayan Zərərçəkmiş şəxs məxsus “VAZ 2104” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobildən ümumi dəyəri 335 manat olan 1 ədəd “Pioner” markalı maqnitofonu, 1 ədəd pultu və içərisində mobil nömrə olmayan 1 ədəd “Nokia 3310” markalı mobil telefon naməlum şəxs(lər) tərəfindən oğurlanması barədə AR İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 fevral 2026-cı il tarixli qərardan görünür ki, yuxarıda qeyd olunan əməli törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşağı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeydinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mulki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi törətdiyi əməli etiraf etməklə peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 23 fevral 2026-cı il tarixdən, saat 17:30-dan hesablansın. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar