Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-656/2026 23.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Nümayəndə1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Gəncə Regional Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün 23 fevral 2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Nümayəndə1 tərəfindən tərtib olunmuş 23 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs barəsində keçirilmiş tibbi müayinə protokolu və 315 saylı ekspert rəyinə əsasən onun MET, THC və PGB istifadə etdiyi müəyyən olunmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə1 izahatında göstərdi ki, Şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145, 234.1 və 237-ci maddələri ilə məhkumluğu olmuşdur. Şəxs Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsində qeyri-səmimi davranaraq izahatında narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Lakin ekspert rəyi ilə Şəxs dedikləri tam şəkildə təkzib olunur. Şəxs narkotik vasitələrin aludəçisidir. Odur ki, inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, Şəxs xx.xx.2026-cı il tarixdən saat 15:30-da inzibati qaydada tutulmuş, bu gün saat 16 radələrində məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, təxminən 10-15 gün bundan qabaq marixuana adlı narkotik vasitədən istifadə etmişdir. Taksi kimi fəaliyyətdə olan zaman Elmir adlı tanışı Moskvaya getdiyi üçün onu hava limanına aparmış, həmin şəxs taksidə marixuana istifadə etmiş və ona da təklif etmişdir. Əvvəllər də marixuana adlı narkotik vasitədən istifadə etsə də, müayinə aktında qeyd olunan digər metamfetamin və preqobalin adlı narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Hesab edir ki, ekspert rəyi keçən ilə məxsusdur, o hazırda narkomaniya xəstəliyindən əziyyət çəkmir. Odur ki, məhkəmədən bağışlanılmasını xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, xx.xx.2026-cı il, saat 11 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən müdafiəçi Nümayəndə2 izahat verərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ekspert rəyi ilə razı olmamasının nəzərə alınaraq protokolun təmin edilməməsini xahiş etdi, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 fevral 2026-cı il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti 4-cü Polis Bölməsinə göndərilmişdir. - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdən saat 15:30-da inzibati qaydada tutulmuşdur. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 887/2026 nömrəli, xx.xx.2026-cı il tarixli tibbi müayinə aktından görünür ki, Şəxs sidiyində narkotik vasitələr olan MET (metamfetamin), THC (marixuana) və PGB (preqabalin) aşkar edilmişdir. - Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 315 nömrəli, xx.xx.2026-cı il tarixli rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobionoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi əməlini qismən etiraf etməsini onun məsuliyyətini yüngülləşdirilən hal qismində nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2026-cı il tarixdən saat 15:30-dan hesablanmalıdır. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün müalicə müəssisəsinə təhvil verilməli və o, narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Şəxs məhkəmədə 3 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Nümayəndə2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Eyni zamanda Şəxs 48 saatdan artıq inzibati qaydada tutulması ilə bağlı Gəncə şəhər prokurorluğuna məlumat verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 15:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Nümayəndə2 vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul keçirilsin. Şəxs 48 saatdan artıq müddətə inzibati qaydada tutulması ilə bağlı Gəncə şəhər prokurorluğuna məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-656/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-656/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver