Məhkəmə qərarları › İş №3(5-121)-659/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-659/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-659/2026 05.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Elsevər Fərzəliyev küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu Şəxs ödənilməmiş 8600 manat aliment borcu vardır. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və aliment borcu yarandığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, məhkəmənin 08 dekabr 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati həbs edilmişdir. Lakin həmin vaxtdan məhkəməyə hazırkı protokol təqdim edilənədək heç bir ödəniş etməmiş, həmçinin borclu barəsində axtarış qərarları qəbul edilmişdir. İcra məmuru ona verilən suallara cavab olaraq bildirdi ki, məhkəmə iclasları ərəfəsində borclu tərəfindən icra sənədi üzrə 8600 manat aliment borcundan 1500 manat ödəniş edilmiş, hazırda onun 7300 manat aliment borcu qalmışdır. Sonda qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədi üzrə 8600 manat borcundan 1500 manat ödəniş etmiş, cəmi 7300 manat aliment borcu qalmışdır. Hər ay 360 manat aliment ödənişi və aliment borcundan 140 manat olmaqla, 500 manat ödəniş etməklə bağlı tələbkarla razılığa gəlmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ona 8600 manat aliment borcundan 1500 manatı ödənilmiş, qalan 7100 manat aliment borcunu hissə-hissə ödəməyi ilə bağlı razılığa gəlmişlər. Şəxs aylıq aliment ödənişi 360 manatdan əlavə 140 manat, ümumilikdə 500 manat ödəniş etməklə borcunu bağlamağa söz vermişdir. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Kəlbəcər rayon Məhkəməsinin 2(040)-411/2023 saylı xx.xx.2023-ci il tarixli icra vərəqəsindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Şəxs 09 noyabr 2017-cı il təvəllüdlü X4, 14 iyul 2019- cu il təvəllüdlü X2 və 14 iyul 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360(üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. - 23 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə Zərərçəkmiş şəxs Səyəvuş qızının xeyrinə hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin ödənilməsi tələbini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” 12 iyul 2024-cü il tarixli məlumat vərəqəsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 8(125)-419/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. - 16 yanvar 2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-4627/2025 nömrəli, 08 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - 10 fevral 2026-cı il tarixli “borclunun axtarılması haqqında” qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, borclunun Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində mühafizəçi işləyərək 432 manat əməkhaqqı aldığı müəyyən edilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlakını aşkar etmək mümkün olmamışdır. - Borclu Şəxs xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs olan 8600 (səkkiz min altı yüz) manat aliment borcundan 1000 (bir min) manat ödəniş etmişdir. Qalan 7600 (yeddi min altı yüz) manat borcundan 500 (beş yüz) manat ödəyə bilməyi üçün 05 mart 2026-cı ilədək vaxt verilməsini xahiş etmiş, ödəməyəcəyi təqdirdə ən ağır cəzaya razıdır. - Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında qəbz təqdim edərək göstərmişdir ki, borclu Şəxs 1000 (bir min) manat aliment pulunu qəbul etmişdir. - Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən bu gün ona 500 (beş yüz) manat aliment borcu ödənilmişdir, qalan 7100 (yeddi min yüz) manat aliment borcunu hissə-hissə ödəməyi ilə bağlı razılığa gəlmişlər. Aylıq aliment ödənişi 360 (üç yüz altmış) manatdan əlavə 140 (bir yüz qırx) manat, ümumilikdə 500 (beş yüz) manat ödəniş etməklə borcunu bağlamağa söz vermişdir. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, sonuncu məhkəmə iclasından əvvəl Şəxs borcundan ayrı-ayrılıqda 1000 və 500 manat olmaqla, 1500 manat ödəniş etmiş və geri qalan məbləği hissə-hissə ödəyəcəyi barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs da ərizə ilə məhkəməyə müraciət edərək barəsində inzibati icraat aparılan şəxslə razılığa gəldikləri üçün hazırki iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Lakin bütün bu hallara baxmayaraq onun qalan borcu üzrsüz səbəbdən ödəməməyi ilə bağlı icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olubolmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Göründüyü kimi inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsi halı müəyyən edilməmişdir. Belə ki, borclu Şəxs nəinki icra sənədini üzrsüz səbəbdən icra etmir, əksinə o, Gəncə Şəhər Məhkəməsinin 3(125)-4627/2025 nömrəli, 08 dekabr 2025-ci il tarixli qərarı ilə inzibati qaydada həbs olunduğu vaxtdan sonrakı müddət ərzində icra sənədi üzrə borcundan ödənişlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, inzibati icraat aparılan şəxs Şəxs borcunu ödəmək niyyətindədir və bu niyyəti onun mütəmadi ödənişlər etməyi ilə öz təsdiqini tapır. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar