Məhkəmə qərarları › İş №3(5-121)-664/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-664/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-664/2026 10.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı X2 baş məsləhətçimüfəttişi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı X2 baş məsləhətçi-müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Həmin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən “Gold Əminə” hipermarketində formalaşan tullantı sularının təyinatsız olaraq xx.xx.2026-cı il tarixədək boru vasitəsilə marketin arxasından çölə, oradan isə Gəncə çayının sahilinə axıdılması faktı aşkar olunmuş, bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Gəncə şəhərində keçirilən nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən “Gold Əminə” hipermarketindən polietilen boru vasitəsilə tullantı (çirkab) suların təyinatsız olaraq çölə - Gəncə çayın sağ sahilinə, oradan isə Gəncə çaya axıdılması və ərazidə antisanitar vəziyyətin yaranması faktı aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı aparılan araşdırma zamanı özünü sözügedən mağazanın işçisi kimi təqdim edən şəxs axıdılan tullantı sularının hipermarketin mətbəxində və əl-üz yuma məntəqəsində formalaşan tullantı (çirkab) suyu olduğunu olduğunu şifahi olaraq bildirmişdir. “Gold Əminə” hipermarketin rəhbəri olan vəzifəli şəxs Şəxs Bölmədə verdiyi izahatında törətdiyi inzibati xətanı etiraf etmiş və cəriməni ödəməyə hazır olduğunu bildirmişdir. Sonda barəsində inzibati xəta haqqında protokol tərtib edilən vəzifəli şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2026-cı il tarixli, 002086 nömrəli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2026-cı il tarixli, 003 saylı sərəncamı əsasında Su Məcəlləsi və su qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyəti ilə bağlı Gəncə şəhərində keçirilən nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən “Gold Əminə” hipermarketindən polietilen boru vasitəsilə tullantı (çirkab) suların təyinatsız olaraq çölə - Gəncə çayın sağ sahilinə, oradan isə Gəncə çaya axıdılması və ərazidə antisanitar vəziyyətin yaranması faktı aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı aparılan araşdırma zamanı özünü sözügedən mağazanın işçisi kimi təqdim edən (adı və soyadını bildirmədi) şəxs axıdılan tullantı sularının hipermarketin mətbəxində və əl-üz yuma məntəqəsində formalaşan tullantı (çirkab) suyu olduğunu, həmçinin mağazanın Şəxs adlı şəxsə məxsus olduğunu şifahi olaraq bildirmişdir. Aşkar olunmuş faktla bağlı “Gold Əminə” hipermarketin rəhbərliyi ilə heç bir formada əlaqə saxlanılması mümkün olmadığından məsələ ilə bağlı izahatların və iş üzrə digər zəruri sənədlərin alınması mümkün olmamışdır. Beləliklə, araşdırma zamanı “Gold Əminə” hipermarketdən polietilen boru vasitəsilə tullantı (çirkab) suların təyinatsız olaraq çölə - Gəncə çayın sağ sahilinə, oradan isə Gəncə çaya axıdılması nəticəsində Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 9.1-ci bəndinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin, həmçinin su qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələbləri pozulmuşdur. -Şəxs 10 saylı X3 verdiyi xx.xx.2026-cı il tarixli izahatında qeyd etmişdir ki, Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən (Tağı Arani küçəsi) “Gold Əminə” hipermarketin sahibkarıdır. Həmin marketin arxa hissəsində üç ədəd borunun biri çöldə sürücülər üçün əl-üz yuma məntəqəsinə aiddir, ikinci boru yağış suları üçündür, üçüncü isə marketə aid deyil. Təyinatsız axıdılmanın qanunsuz olduğunu bilməmişdir. Qısa müddət ərzində aradan qaldırılmasına söz vermişdir. -xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması nəzərdə tutulan inzibati xətanı törətmişdir. -10 saylı X4 tərəfindən “Gold Əminə” hipermarketin sahibkarı Şəxs ünvanlanmış 11 fevral 2026-cı il tarixli, 3-53-1-10/2-194/2026 nömrəli məktubu ilə Şəxs sahibkarı olduğu Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən “Gold Əminə” hipermarketin fəaliyyəti zamanı formalaşan tullantı sularının mağazadan çölə, oradan isə obyektin arxasından keçən Gəncə çayına təyinatsız axıdılması faktı ilə bağlı 10 saylı X4 tərəfindən araşdırma aparılması, aşkarlanan faktda inzibati xətanın əlamətlərinin olmasının müəyyən edilməsi və Bölmə tərəfindən inzibati araşdırma başladılması barədə məlumat verilərək həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də, inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar xx.xx.2026-cı il tarixdə, saat 10:00-da Bölməyə dəvət olunmuşdur. -“Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışa və “Əminə market”in satış çekinə əsasən Gəncə şəhəri, Azərbaycan bayrağı (Tağı Arani) küçəsində yerləşən “təsərrüfat subyekti (obyekti) hazırda Şəxs (VÖEN **********) istifadəsindədir. -İş materiallarında əlavə edilmiş fotoşəkillərdən və 01 ədəd “CD” diskdə olan videogörüntüdən görünür ki, Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən “Gold Əminə” hipermarketindən polietilen boru vasitəsilə tullantı (çirkab) suların təyinatsız olaraq çölə - Gəncə çayın sağ sahilinə, oradan isə Gəncə çaya axıdılması ərazidə antisanitar vəziyyəti yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə göstərilmişdir ki, Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanununun: 10-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada və şərtlərə əsasən bələdiyyələrlə razılaşdırmaqla aşağıdakılara icazə verir: a) müəyyən miqdarda yerüstü və yeraltı suyun qəbuluna; b) tullantı sularının hər hansı yerüstü və yeraltı su hövzələrinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına; c) su bəndlərinin, su anbarlarının və digər hidrotexniki qurğuların tikintisinə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 9.1-ci bəndinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM tərəfindən təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, iş materiallarına əlavə edilmiş fotoşəkillər və 01 ədəd “CD” diskdə olan videogörüntülər ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar