Məhkəmə qərarları › İş №3(5-121)-69/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-69/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-69/2026 13.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər İcra İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala dair Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi, Bəşirov Cavid Musa oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs Zərərçəkmiş şəxs (tələbkar) X1 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Rusiya Federasiyasının Amur vilayətinin, Bureysk rayonunda anadan olmuş, fərdi identifikasiya nömrəsi xxxxxxx olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Akif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhəri üzrə İcra İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Şəxs Akif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.

2. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhər Məhkəməsinin 2(125)- 3373/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi icra etməməklə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Şəxs aliment borcu xx.xx.2026-cı il tarixədək olan məlumata görə 2360 manat təşkil edir.

İş üzrə proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X5 izahatında qeyd etmişdir ki, Şəxs Gəncə şəhər Məhkəməsinin 2(125)-3373/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi icra etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsi xahiş olunur.

4. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahatında bildirmişdir ki, işsiz olduğuna görə bir müddətdir ki, yaranmış aliment borcunu ödəyə bilməmişdir. Bununla belə dünən, yəni xx.xx.2026-cı il tarixdə yaranmış borcdan 400 manatı ödəmişdir.

5. Zərərçəkmiş şəxs (tələbkar) X2 izahatında bildirmişdir ki, protokolda əks edilmiş hallar həqiqəti əks etdirir. Şəxs bir müddətdir ki, yaranmış aliment borcunu ödəməmişdir. Ödəmənin aparılmaması nəticəsində onun maddi sıxıntıları yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs cərimə edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: ... 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Maddə 105. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Maddə 528. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə qanunvericiliyin müvafiq normalarına və inzibati xəta ilə bağlı tərtib edilmiş protokola istinad edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkib əlaməti olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

8. Belə ki, İXM-in 528.1-ci maddəsinin dispozisiya şərtinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməmə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməmə inzibati məsuliyyətə səbəb olur.

9. Məhkəmə normanın müddəalarını təhlil edərək bu qənaətə gəlir ki, İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət şəxs tərəfindən üzrsüz səbəb olmadan borcun ödəməməsi halında yaranır.

10. İşin məhkəmə araşdırılması zamanı iş üzrə sərbəst izahat verən Şəxs işsiz olduğundan yaranmış borcu ödəyə bilmədiyini qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə yaranmış borcdan 400 manatı artıq ödəmişdir. Qalan məbləği də yaxın vaxtlarda ödəyəcəyinə vəd verir. Qeyd edilən xüsasat zərərçəkmiş şəxs tərəfindən də təsdiq edilərək həqiqətən də Şəxs tərəfindən 400 manat məbləğin ona ödənildiyi göstərilmişdir.

11. Məhkəmə işin bu halını nəzərə alaraq bildirir ki, hər hansı bir qanuni tədbirin təsiri altında deyil, öz iradəsi ilə şəxsin yaranmış borcu ödəməsi İXM-in 528.1-ci maddəsinin tərkibini istisna edir.

12. Eyni zamanda qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir: “İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur”.

13. Beləliklə, yuxarıda qeyd edilən halları ümumiləşdirən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır.

14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar