Məhkəmə qərarları › İş №3(5-121)-73/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-73/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-73/2026 21.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, evli, orta təhsilli, “X8" MMC-də sosial işçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 08:10 radələrində sürücülük vəsiqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus “VAZ 2101” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Nizami prospekti ilə N.Gəncəvi prospektinin kəsişməsində hərəkətdə olan zaman “Hyundai Tucson” minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə “Hyundai Tucson” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş vermişdir. Bununla da o, İXM-in 327.2, 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X1 xx.xx.2026-cı il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirdi ki, protokolda qeyd edilən inzibati xəta həqiqətən də onun tərəfindən törədilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “VAZ 2101” minik markalı avtomobillə Gəncə şəhəri, Əttarlar küçəsindən Nizami prospektinin kəsişməsinə doğru hərəkətdə olarkən həmin yoldakı yolayrıcını ötmək istəyərkən anidən sağ tərəfdən “Hyundai Tucson” minik markalı avtomobil onun avtomobilinə dəymişdir. Daha sonra sürücü idarə etməni itirərək səkidə yerləşən ağaca çırpılmışdır. Hadisədən sonra dərhal avtomobildən enərək həmin avtomobilə yaxınlaşmışdır. O, hazırda əməlindən peşmandır. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahat verərək, bildirdi ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi avtomobillə Gəncə şəhəri, Nizami prospekti ilə Əttarlar küçəsinin kəsişməsinə yaxınlaşarkən hərəkət yolunun sol tərəfində olan “VAZ 2101” minik markalı avtomobil anidən hərəkət etmiş və həmin vaxt avtomobilin sükanını sağa doğru döndərərkən idarə etdiyi avtomobilin ön sol yan hissəsi həmin avtomobilin ön sol hissəsinə dəymişdir. Nəticədə onun idarə etdiyi avtomobil səkidə yerləşən ağaca çırpılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq digər Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 2026-cı il 09 yanvar tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-in 327.2, 327.8 və 332.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 2025-ci il 29 dekabr tarixli 1390 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol təpə və sol kürək üstü nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 2025-ci il 29 dekabr tarixli 1391 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əl pəncəsinin üst səthinin, sol diz oynağı nahiyəsinin ön səthinin vətəpə nahiyəsinin əzilməsi, hematoması və şişkinliyi – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. BD109463 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs “X3” Qanunun tələblərini pozaraq inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.2 və 332.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının İXM-in 327.2 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 göndərilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını və iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Belə ki, Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs (FİN - xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət X6 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Ülkər Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar