Məhkəmə qərarları › İş №3(5-121)-739/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-739/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-739/2026 25.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Umud oğlunun sədrliyi, X4 oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ-nin YPX inspektoru polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 511.1.3 və 511.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 511.1.3 və 511.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 25 fevral 2026cı il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və iş materialında qeyd edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 03:18də Gəncə şəhəri, Ü. Hacıbəyov küçəsində “VAZ 2105” minik markalı, **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmiş və barəsində İXM-in 332.1, 332.2, 511.1.3 və 511.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 polis baş leytenantı X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 03:18-də Gəncə şəhəri, Ü. Hacıbəyov küçəsində “VAZ 2105” minik markalı, **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Belə ki, şəxs idarə etdiyi avtomobili öz oxu ətrafında bir neçə dəfə fırlatmaqla yerdə çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Həmçinin şəxs sözügedən inzibati xətanı il ərzində ikinci dəfədir törədir. Hazırkı inzibati xəta təhlükəsiz şəhər kamerası vasitəsi ilə aşkar edilmişdir. Protokolda qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyi tam şəkildə sübuta yetirildiyindən onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirdi ki, protokolda qeyd edilən inzibati xətani o, həmin ərazidə olan itlər avtomobilinə hücum etdiyi üçün etmişdir. Belə ki, o, itlərdən qaçmaq və itləri qorxutmaq məqsədi ilə idarə etdiyi avtomobili bir neçə dəfə öz oxu ətrafında fırlatmışdır. İİİ qrup əlildir və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 24 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2, 511.1.3 və 511.2-ci maddələrində nəzərdə tutulmuş xətaları törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, “VAZ 2105” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobili öz oxu ətrafında dəfələrlə fırlatmaqla yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq hərəkətləri edir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, barəsində tərtib edilmiş protokol və videogörüntü ilə tam şəkildə sübuta yetirilir. Qeyd olunanlarla yanaşı Şəxs tərəfindən İXM-nin 511.2-ci maddəsində qeyd edilmiş inzibati xətanın törədildiyi qeyd edilsə də şəxsin əməlində həmin maddənin tərkibi mövcud deyildir. Belə ki, İXM-nin 511.2-ci maddəsindən aydın şəkildə görünür ki, bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi zamanı sözügedən inzibati xətanın tərkibi yaranır. Hazırda isə Şəxs il ərzində İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri törətməsi və buna görə inzibati tənbeh olunması haqqında məhkəməyə hər hansı sübut (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) təqdim edilmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-in 511.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına İXM-in 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 511.2-ci maddəsinə əsasən bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən qeyd edilir ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 511.1.3 və 511.2-ci maddələri ilə yanaşı, həmçinin İXM-nin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının İXM-nin 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və İİİ qrup əlil olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra və probasiya qurumuna həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar