Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-743/2026 11.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala dair Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi, Bəşirov Cavid Musa oğlunun katibliyi, Şəxs direktoru X1 iştirakı ilə, Hüquqi şəxsin ünvanı Gəncə şəhəri, F.Məmmədov küçəsi, döngə 3, ev 4 VÖEN-********** Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.
2. Həmin protokolda və ona əlavə edilmiş materiallarda qeyd edilmişdir ki, Şəxs tərəfindən 32.000 ABŞ dolları məbləğində vəsait bank vasitəsi ilə 18 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 il müddətinə 32.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 19 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir.
İş üzrə proses iştirakçılarının izahatları:
3. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 məhkəmə prosesində izahat verərək bildirmişdir ki, protokolda qeyd edilən hallar həqiqəti əks etdirmir. Belə ki, 32.000 ABŞ dolları məbləğində vəsaitin böyük hissəsi hesabına mallar alınmış və ölkəyə idxal edilmişdir. Bu barədə müvafiq gömrük bəyannaməsi də mövcuddur. Belə olan halda Mərkəzi Bank tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materialın icraatına xitam verilməlidir.
4. İnzibati icraat haqqında protokol tərtib edən səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallar:
5. Şəxs MMC ilə “X6 Gida Uluslarası Ticaret Limited” şirkəti arasında 10 dekabr 2023-cü il tarixli, 1012/23-1 nömrəli müqavilə bağlanmışdır.
6. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə müəyyən edilir ki, Şəxs MMC tərəfindən 32000 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara “X6 Gida Uluslarası Ticaret Limited” şirkətinin hesabına köçürülmüşdür.
7. “Xalq Bank” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, KB-246/2-315/2025 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasından kənarda qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlər Şəxs MMC tərəfindən təqdim edilməmişdir.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” 4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: ... 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Maddə 105. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Maddə 430. Valyuta tənzimi qaydalarının pozulması ... 430.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görəvəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Məhkəmənin mövqeyi
10. Məhkəmə qanunvericiliyin müvafiq normalarına və inzibati xəta ilə bağlı tərtib edilmiş protokola istinad edərək hesab edir ki, Şəxs fəaliyyətində (əməlində) Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin tərkib əlaməti olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-cu il tarixli qərarında əks etdirdiyi mövqeyi rəhbər tutaraq aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.
12. Ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X4 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir.
13. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir.
14. X2 Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas, bu ödənişin aparıldığı gündən Qaydaların 4.3.1.3-cü bəndində müəyyən edilmiş müddətdə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmaması ilə şərtləndirilmişdir.
15. Eyni zamanda geri qaytarılmayan vəsaiti məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olmalıdır. Başqa sözlə geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda rezident və ya qeyri-rezidentlərin İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti yaranır.
16. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiya şərtləri mövcud deyildir. Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin direktoru tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilən iş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin hesabından Azərbaycan Respublikasından kənara edilmiş 32000 ABŞ dolları məbləğində vəsait hesabına alınmış məhsullar ölkəyə idxal edilmişdir və həmin məhsulları dəyəri 22020 ABŞ dolları təşkil etmişdir.
17. Bu xüsusat Mərkəzi Bank tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə daxil olmuş xx.xx.2026-cı il tarixli ərizə ilə də təsdiq edilir. Ərizə qeyd edilmişdir: “... xx.xx.2024cü il tarixli **********8813 saylı 22020,00USD invoys dəyəri olan yük gömrük bəyannaməsindən aydın olur ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 32000.00 USD olaraq köçürülmüş avans qarşılığında 22020.00 USD məbləğində mallar ölkəyə idxal edilmişdir. Müvəkkil banka edilmiş sorğudan da aydın olur ki, vəsaitin idxal edilməyən və geri qaytarılmayan hissəsinin avans üzrə qalığı 9980.00 USD təşkil edir. Bu isə öz növbəsində avans üzrə geri qaytarılmayan vəsaitin qalıq dəyəri “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox deyil”.
18. Məhkəmə qeyd edir ki, ərizənin məzmunundan da göründüyü kimi orada olan məlumatlar Şəxs MMC tərəfindən təqdim edilmiş gömrük bəyannaməsindəki məlumatlarla uyğunluq təşkil edir. Yəni Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli 32000.00 USD olaraq köçürülmüş avans qarşılığında 22020.00 USD məbləğində mallar ölkəyə idxal edilmişdir. Ölkəyə qaytarılmayan məbləğ isə 9980.00 USD təşkil edir ki, bu da inzibati məsuliyyətin yaranması üçün əsas olan məbləğdən aşağıdır.
19. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları ümumiləşdirərək bildirir ki, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb edilmə üçün İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri mövcud olmadığından, yəni ölkəyə qaytarılmalı olan məbləğ “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən az olduğundan Şəxs MMC barəsində olan inzibati xəta haqqında işə üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir.
20. Göstərilənlərə əsaslanaraq İnzibatı Xətalar Məcəlləsinin İXM-nın 18.5, 53, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.