Məhkəmə qərarları › İş №3(5-121)-751/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-751/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-751/2026 10.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, X1 və Nümayəndə3 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X3 tərəfindən Gəncə Şəhər Dövlət X11 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Dövlət X7 xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı “YUTONG BUS ZK6126HG” markalı sərnişin avtobusu ilə saat 11:00 radələrində Gəncə şəhəri, Əttarlar küçəsində təyin olunmuş marşrut xətti üzrə hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən **-FX-*** dövlət qeydiyyat nömrə nişanlı “CHANGAN” minik markalı avtomobilin sürücüsü o, avtobus xətti üçün nəzərdə tutulmuş zolaqda dönmə işiğını yandırıb yolun soluna dönərkən avtobusun arxasında olan **-FX-*** dövlət qeydiyyat nömrə nişanlı “CHANGAN” minik markalı avtomobil avtobusun sol nahiyəsini sürtmüşdür. “CHANGAN” minik markalı avtomobil yolun nişanlanma qaydalarını pozaraq davamlı xətti tapdalamış, qanunsuz şəkildə zolağa daxil olmuş və təhlükəsiz ara məsafəsini saxlamadan avtobusla toqquşmuşdur. Azərbaycan Respublikasının yol hərəkəti qaydalarına və İnzibati Xətalar Məcəlləsinə əsasən davamlı xəttin tapdalanması və təhlükəsiz məsafənin saxlanılmaması inzibati xəta təşkil edir və qəzanın baş verməsinə səbəb olmuşdur. Hadisə zamanı Nümayəndə3 MMC-yə məxsus avtobusun daxili və ön müşahidə kameraları vasitəsilə hadisə tam şəkildə video qeydə alınmışdır. Lakin hadisə yerinə gəlmiş YPX əməkdaşı həmin video-qeydlərə baxmadan, hadisənin faktiki hallarını tam və obyektiv araşdırmadan inzibati protokol tərtib etmişdir. Azərbaycan Respublikasının yol hərəkəti qaydalarına əsasən sürücü qarşıdakı nəqliyyat vasitəsi ilə toqquşmanın qarşısını almağa imkan verən təhlükəsiz ara məsafəsi saxlamalıdır. Digər nəqliyyat vasitəsinin ara məsafəsini saxlamaması nəticəsində avtobusla toqquşma baş vermişdir ki, bu da yol hərəkəti qaydalarının pozulmasıdır və hadisənin əsas səbəbidir. xx.xx.2026-cı il tarixində saat 15:00-da Gəncə şəhəri DYPİ-nə yaxınlaşmış, xx.xx.2026-cı il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu və eyni zamanda 24.002.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı götürməyə nail olmuşdur. Gəncə şəhəri DYPİ-nin YPX-nin baş inspektoru polis leytenantı Nümayəndə1 tərtib etdiyi xx.xx.2026-cı il tarixli TP7861287 saylı inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz hesab edir. Belə ki, o, idarə etdiyi **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı “YUTONG BUS ZK6126HG” markalı sərnişin avtobusunda quraşdırılmış təhülkəsizlik kameralarında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunub. Videoda tam aydın şəkildə görünür ki, **-FX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü yuxarıda qeyd etdiyim formada ara məsafəsini saxlamadan düz xəttin üstü ilə hərəkət edərək yol hərəkət qaydasını kobud şəkildə pozaraq idarə etdiyi avtobusu sol orta hissədən vurur və hadisə baş verir. Nümayəndə3 MMC-nin hüquq şöbəsi tərəfindən hadisə araşdırılan zaman günahsız olması öz təsdiqini tapmışdır. Lakin inspektor tərəfindən aparılmayan araşdırma və verilən ədalətsiz qərar, baş vermiş hadisədə avtobusa dəymiş maddi ziyanın ondan tutulması ilə nəticələnəcək. İnspektor tərəfindən onun bütün hüquqları pozulmuş və eyni zamanda maddi cəhətdən onun vəziyyətini daha da pisləşdirmişdir. Nümayəndə3 MMC-nin sifarişi əsasında istehsalçı tərəfindən sərnişin avtobuslarında quraşdırılmış videoqeydiyyatçıda hadisənin necə olması və nə cür baş verməsi tam olaraq əks olunub. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, xx.xx.2026-cı il tarixdə **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı, “YUTONG BUS ZK6126HG” markalı sərnişin avtobusu ilə saat 11:00 radələrində Gəncə şəhəri, Əttarlar küçəsində təyin olunmuş marşrut xətti üzrə hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən **-FX-*** dövlət qeydiyyat nömrə nişanlı, “CHANGAN” minik markalı avtomobilin sürücüsü o, avtobus xətti üçün nəzərdə tutulmuş zolaqda dönmə işiğını yandırıb yolun soluna dönərkən həmin minik avtomobili avtobusun sol nahiyəsini sürtmüşdür. **-FX-*** dövlət qeydiyyat nömrə nişanlı, “CHANGAN” minik markalı avtomobilin sürücüsü fərqli şəxs olmuş, hadisə baş verdikdən sonra həmin avtomobildə sərnişin qismində əyləşən şəxs özünü avtomobilin sürücüsü kimi təqdim etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq şikayətin təmin edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə zamanı **-FX-*** dövlət qeydiyyat nömrə nişanlı, “CHANGAN” minik markalı avtomobil sağa dönmə işığını yandırmışdır. Məhkəmə iclasında iştirak edən Nümayəndə3 MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərinə görə sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Hadisə zamanı **-FX-*** dövlət qeydiyyat nömrə nişanlı, “CHANGAN” minik markalı avtomobil qırıq-qırıq xəttin üstündə dayanmış və ara məsafəsini düzgün seçməmişdir. Hadisə zamanı “CHANGAN” minik markalı avtomobili idarə edən şəxslə sonradan özünü avtomobilin sürücüsü kimi təqdim edən şəxs eyni olmamışdır. Əgər **-FX- *** dövlət qeydiyyat nömrə nişanlı, “CHANGAN” minik markalı avtomobili yolun sol tərəfindən dayansaydı, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı, “YUTONG BUS ZK6126HG” markalı sərnişin avtobusu öz trayektoriyası ilə marşrut xətti üzrə rahat sağ tərəfə manevr edə bilərdi. Lakin “CHANGAN” minik markalı minik avtomobili xətti tapdaladığına, yolun nə sağ, nə də sol tərəfində yox, düz ortasında mövqe tutduğuna və sərnişin avtobusu ilə ara məsafəsi saxlamadığına görə sərnişin avtobusu sağ tərəfə manevr etdikdə hadisə qaçınılmaz olmuşdur. Eyni zamanda sübut təqdim edilməsi üçün şərait yaradılmamışdır. Sonda işin yenidən araşdırılaraq hadisə obyektiv qiymət verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinin YNH üzrə inspektoru, polis baş leytenantı Nümayəndə1 izahatında bildirmişdir ki, hadisə zamanı digər avtomobili idarə edən şəxs X5 olmuşdur, bu məhz təhlükəsiz şəhər kameralarından əldə edilmiş görüntülərlə sübut olunur. X3 idarə etdiyi sərnişin avtobusu ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 6-cı və 8-ci bəndlərinin tələblərini pozmuşdur. Həmin maddənin tələblərinə görə sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Əgər nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Həmçinin videogörüntülərdən də göründüyü kimi hadisə zamanı X5 idarə etdiyi “CHANGAN” minik markalı minik avtomobili ilə düzünə hərəkət etmək istəyir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2026-cı il tarixdə, saat 11:00-da Gəncə şəhərində “YUTONG BUS ZK6126HG” markalı, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində - əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmədə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. -“YUTONG BUS ZK6126HG” markalı, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus Nümayəndə3nə məxsus olduğundan məhkəmə tərəfindən həmin avtobusun sürücü X3 tərəfindən xx.xx.2026-cı il tarixdə, saat 11:00-da idarə edilməsinə dair Nümayəndə3 MMC vasitəsi ilə çəkilən video-görüntülərinin təqdim edilməsi üçün Nümayəndə3 MMC-yə sorğu verilmiş, sorğu nəticəsində həmin avtobusa dair müvafiq videgörüntülər məhkəməyə təqdim edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını, iş materiallarında olan sənədləri nəzərə alaraq şikayətin qismən təmin olunması, Gəncə Şəhər Dövlət X11 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati materialın yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 42-ci maddəsinin 6-cı bəndinə görə dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. 42-ci maddəsinin 8-ci bəndinə görə nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. 42-ci maddəsinin 10-cu bəndinə görə nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. 50-ci maddəsinin 3-cü bəndinə görə sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Gəncə Şəhər Dövlət X11 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. X3 barəsində tərtib olunmuş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda sürücünün əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə istinad olunsa da, bunun onun hansı hərəkətlərində ifadə olunması qeyd edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməlidir. Bundan başqa məhkəmə iclasında tədqiq olunmuş videogörüntülərdən görünür ki, X2 idarə etdiyi “YUTONG BUS ZK6126HG” markalı, **-JZ- *** dövlət qeydiyyat nömrə nişanlı avtobus ilə sola dönmə hərəkəti etdiyi zaman onun yanında – sol tərəfdə dayanan “Changan” markalı minik avtomobili daha sonra onun arxasında qalır və avtobus dönərkən “Changan” markalı minik avtomobili ani hərəkətlə gələrək onunla toqquşur. İnzibati xəta haqqında protokol tərtib edən Nümayəndə1 Rəşab Bayramovun məhz hansı hərəkətləri ilə manevr qaydasını pozmasını əsaslandırmadan, bunu təsdiq edən sübutlar olmadan sonuncunun AR İXM-nin 327.1-ci madddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlmişdir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarla İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə Şəhər Dövlət X11 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 barəsində Gəncə Şəhər Dövlət X11 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilsin. Əlavə araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikası DİN-in Gəncə Şəhər Dövlət X9 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar