Məhkəmə qərarları › İş №3(5-121)-757/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-757/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-757/2026 27.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Ədil İsa oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Yeni Gəncə massivi, ev 22, mənzil 32də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində polisin qanuni göstərişinə qəsdən tabe olmamış və ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX-nin əməkdaşları xidmət aparan zaman Gəncə şəhəri, H.Əliyev prospektində hərəkətdə olan LADA NİVA markalı **-FX-*** d.q.n-lı avtomobilinin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılmış və qayda pozuntusu izah edilmişdir. Avtomobilə baxış keçirən zaman avtomobildə konstruksiya dəyişikliyi olduğu məlum olmuş və tərəflərindən Gəncə ŞBPİ DYPŞ-nin müvəqqəti duracağına təmin olunmuşdur. Onlar yenidən xidmət aparmaq üçün xidməti əraziyə qayıtmışlar və saat 15:10 radələrində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində olan zaman həmin LADA NİVA markalı avtomobilin sürücüsü “KİA SORENTO” markalı digər avtomobilin sürücüsü ilə birlikdə onların patrul avtomobilinə yaxınlaşıb yerə düşərək onları və patrul avtomobilini mobil telefon vasitəsilə video çəkiliş etmişlər. Adları onlara sonradan məlum olan Şəxs və X3 onların xidmətlərinə maneçilik törədərək polisin qanuni əmrlərini kobud şəkildə pozmuşlar. Həmin şəxsləri dəfələrlə video çəkilişi dayandırmağa və nizam intizama dəvət etsələr də, həmin şəxslər öz əməllərindən əl çəkməyərək polisin qanuni əmrlərini dəfələrlə pozmuşlar. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edici izahat vermiş, əməlindən peşman olduğunu bildirmişdir. Sonda məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Şəxs ona istinad olunan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı işdə olan yazılı izahatlarla da tam təsdiq edilmişdir. İşə əlavə edilmiş xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 16:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutlmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında daha ciddi tənbeh nəzərdə tutulduğundan Şəxs həmin maddə ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal hesab edfir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu baxımdan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında 200 manat cərimə cəzası nəzərdə tutulduğundan tətbiq edilən cərimənin yuxarı həddi 150 manatdan artıq ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar