Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-825/2026 05.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 01:32-də Şəxs idarə etdiyi “VAZ 21144” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozaraq, avtoxuliqanlıq əməli törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 327.1-ci, 511.1.2-ci və 511.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə izahatında bildirdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 01:30 radələrində Gəncə şəhəri, Heydər Əliyev adına prospektdə hərəkətdə olarkən idarə etdiyi avtomobili öz oxu ətrafında dövr etdirərək digər avtomobillər üçün qəza şəraiti yaratmış və avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 511.1.3cü maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sonda Şəxs inzibati qaydada həbs olunmasını xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, həmin gün hava yağışlı olmamışdır. Şəxs avtomobili ilə dövr etdikdən sonra bu hərəkətlərə davam etməmiş və avtomobilini sürüb çıxıb getmişdir, lakin bu hissə videodan görünmür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, 04 mart 2026-cı il tarixdə, gecə saat 01:30 radələrində özünəməxsus “VAZ 21144” minik markalı, **-EE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Atatürk prospektində hərəkətdə olarkən “Gəncə Hotel”in qarşısında “radar”a çatan zaman Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısından yolun sağ tərəfindən bir it qaçaraq onun yoluna çıxmış və özünü onun avtomobilinin altına atmaq istəmişdir. Bu zaman təbii hal olaraq ayağını əyləcə ataraq əyləc sistemini sıxmışdır. Bu zaman it yolun sağ tərəfindən onun yoluna çıxdığı üçün avtomobili sol tərəfə çəkməli olmuşdur. Lakin avtomobili köhnə “Sovet” markalı olduğundan əyləc sistemi tam saz vəziyyətdə olmamış və yolun səthində nəmişlik olmuşdur. Qeyd etdiyi səbəblərə görə əyləcə basanda avtomobili yarım dövr edərək fırlanmışdır. Polis əməkdaşları ona avtomobilində “ruçnoy” çəkdiyini desələr də, bu reallığı əks etdirmir, çünki onun avtomobilində “ruçnoy sistemi” xarab olduğundan ümumiyyətlə işləmir. Bunu polis şöbəsində olanda da demişdir. 04 mart 2026-cı il tarixdə, saat 18:00-19:00 radələrində “Yeni Gəncə” adlanan yerdə çayxanada oturan zaman polis əməkdaşları ona yaxınlaşaraq çölə çağırmışlar. Bu zaman avtomobili də çayxananın qarşısında olmuşdur. Çayxanadan çıxaraq polis əməkdaşlarına yaxınlaşmış, bu zaman polis əməkdaşları ona irad bildirərək gecə saatlarında Heydər Əliyev prospektində “ruçnoy” çəkərək avtoxuliqanlıq etdiyini demiş və bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinə getməli olduğunu qeyd etmişlər. Bu zaman polis əməkdaşlarına heç bir tabesizlik göstərməmiş, onlarla razılaşaraq özünəməxsus avtomobilində dostu qazi İsaq Bəşirovla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinə getmişlər. Avtomobilini şöbənin qarşısında, yəni içəridə saxlamış, duracağa salmamışdır. Onu şöbəyə gətirən Mürşüd adlı polis əməkdaşının yanında olan adını bilmədiyi polis əməkdaşı o, avtomobildən düşüb Nail müəllimlə danışmaq istədiyini bildirən zaman qolundan bərk sıxmışdır. Bu zaman həmin polis əməkdaşına ona qarşı heç bir hörmətsizlik etmədiyini bildirərək nəyə görə ona əl-qol atdığını soruşmuş, o isə cavabında “bu maşını sənin payına burdan qırağa sürən nakişidir” ifadəsini işlətmişdir. Lakin o, heç bir reaksiya bildirməmişdir. Şöbənin qarşısında kapitan Nail müəllimi görmüş və ona yaxınlaşaraq vəziyyəti izah edən zaman Mürşüd adlı polis əməkdaşı onlara yaxınlaşaraq Nail müəllimə onun avtoxuliqanlıq edərək özbaşınalığa yol verdiyini desə də, özü heç nə deməmiş, vəziyyəti izah etməyə davam etmişdir. Həmçinin Mürşüd adlı polis əməkdaşı o, Nail müəllimlə danışan zaman arxa tərəfindən əlini onun kəmərinə ataraq onu önə-arxaya silkələmiş, ondan niyə belə etdiyini soruşduqda, onu təhqir edərək özünə hörmət etməsini bildirmişdir. O, Nail müəllimlə danışan zaman Mürşüd adlı polis əməkdaşı əvvəlcə ona “maşınında pul və ya qiymətli əşya varmı?” sualını vermiş, ardınca isə “maşınında narkotikin, nəyin varsa, gəl götür” sözlərini demişdir. Saat 18:00-u keçdiyi üçün avtomobilini şöbədən götürə bilməyəcəyini düşündüyü üçün dostu X4 zəng etmiş və gəlib onu evə düşürtməsini xahiş etmişdir. Elçin Həsənov şöbəyə gəlmiş və Mürşüd adlı polis əməkdaşının onun kəmərindən tutaraq onu önə-arxaya silkələdiyini və dartdığını görmüşdür. Bu zaman dostu X6 adlı polis əməkdaşının qolundan tutaraq ondan nə etməsini soruşmuş, bunu eşidən Mürşüd adlı polis əməkdaşı əlində olan “ratsiya” ilə Elçin Həsənovun qarnından vuraraq onu qıcıqlandırmağa çalışmış və özünə hörmət etməsini demişdir. Onlara qarşı nalayiq ifadələr işlədərək “Siz nətər qazisiniz?” sözlərini demişdir. Kapitan Nail müəllim şöbədən çıxsa da, təzədən avtomobili ilə şöbəyə qayıtmış, həmçinin rəis müavini Kazım müəllim öz şəxsi avtomobili ilə şöbənin həyətinə daxil olduqda şöbənin darvazaları bağlanmış, şöbədə olan bütün polis əməkdaşları onların üstünə tökülüşərək onları söyüb döyməyə başlamışdır. Onun özünü 8-10 nəfər nalayiq ifadələr işlədərək yumruq təpiklə döymüşdür. Mürşüd adlı polis əməkdaşı onu “Gəncə Mall” ticarət mərkəzinin yanında yerləşən Gəncə şəhəri 1-ci polis şöbəsinə gətirmiş və avtomobildə onu söyərək nalayiq ifadələr işlətmişdir (Qeyd: ətraflı məhkəmə iclas protokolunda və məhkəmə iclasının video-audio yazısında). Gəncə şəhəri 1-ci polis şöbəsinin həyətində Mürşüd adlı polis əməkdaşı digər polis əməkdaşlarının yanında özü də daxil olmaqla 3 nəfər qazini yenidən nalayiq ifadələrlə təhqir etmiş və onları qıcıqlandıraraq “Sizi belə-belə eliyəcəm” sözlərini demişdir. Mürşüd adlı polis əməkdaşı onun dostuna demişdir ki, “Nemətin mənim əlimdə şəxsi şəkilləri var, onun mobil telefonunda ermənilərin leşləri ilə şəkilləri var”. O, 2022-ci ildə Cermux istiqamətində hərbi əməliyyatlarda olanda öldürülən ermənilərin şəkillərini çəkmiş və telefonunda saxlamışdır. Bir gün polis şöbəsində saxlanılmış, onun heç kimlə telefon danışığına, həmçinin kəllə-beyin travması ilə əlaqədar dərman vasitələrini qəbul etməsinə icazə verilməmişdir. Boğaz nahiyəsində və bədənində döyülməsi ilə əlaqədar xəsarət izləri var. Ona verilən suallara cavab olaraq bildirdi ki, avtomobili idarə edən zaman sürəti 60 km/saat olmuşdur. İt qaça-qaça gəldiyi üçün məcbur olub əyləci sıxmalı olmuşdur. O, Şahid1 qeyd etdiyi “bu dəqiqə qaziləri tökəcəm bura, yolu bağlayacam” sözlərini deməmişdir. Bu günə qədər sədr olduğu ictimai birliyin 12 nəfər üzvü heç vaxt belə hərəkətlərə, yəni polis şöbəsində səs-küy salmağa yol verməmişdir. Avtomobilini duracağa təmin etməsə də, şöbənin içərisində saxlamışdır. Polis şöbəsində verdiyi izahatda Nümayəndə dediklərini yazmışdır. Sonda qeyd edilənləri nəzərə alınmasını, onu fiziki və mənəvi zorakılığa məruz qoyan şəxslərin cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi X3 izahatında bildirdi ki, avtomobilin öz oxu ətrafında dövr etdirilməsi özlüyündə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinin tərkibini yaratmır. Həmçinin inzibati xəta haqqında protokol natamam şəkildə tərtib olunmuş, cəmi iki cümlə yazılmış, inzibati xəta hadisəsinin nədə ifadə olunması protokolda qeyd edilməmişdir. Maddənin dispozisiyasına görə avtoxuliqanlıq, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmalı və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir. Nəzərə alsaq ki, sözügedən hadisə gecə saat 01:30 radələrində baş tutub, burada hər hansı ictimai qaydanın, əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulmasından və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsindən söhbət gedə bilməz. Hadisə günü hava yağışlı olduğundan yolun səthi nəm olmuş, avtomobilin sürücüsü Şəxs yola çıxan iti vurmamaq üçün ani reflekslə əyləcə basmış, lakin yol daş örtüklü olduğundan yolun səthində sürtünmə az olmuş, buna görə də avtomobil nəzarətdən çıxmışdır. Şəxsin əməlində avtoxuliqanlıq olmamışdır. Şəxs şəxsiyyətini müəyyən edəndə aşkar olunur ki, o, İctimai Birliyin sədri olmaqla, Vətən uğrunda döyüşmüş insandır, əvvəllər məhkəmədə inzibati xəta üzrə işi olmamışdır. İnzibati xəta üzrə protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs sürət həddini aşmasına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin Şəxs tərəfindən polisə qarşı hər hansı müqavimət və ya tabesizlik göstərilməmişdir. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsin YPX inspektoru Şahid1 ifadəsində bildirdi ki, Şəxs 15 gün bundan qabaq vermiş yol-nəqliyyat hadisəsində avtomobilinə zərər vurulmuş şəxs kimi tanıyır. Təhlükəsiz şəhər kameraları vasitəsilə çəkilmiş videogörüntülər ilə əlaqədar ekipaj yoldaşı ilə birlikdə Şəxs çayxanada olarkən çölə çağırıb şöbəyə dəvət etmişlər. Şöbəyə dəvət edilən zaman Şəxs tabesizlik göstərərək “şəhər uşağıyıq, balaca şəhərdi, görüşəcəyik” sözlərini demişdir. Şəxs şöbəyə gətirilərkən ekipaj yoldaşı onun yanında əyləşərək Şəxs məxsus avtomobillə şöbəyə gəlmişlər. Şöbəyə daxil olan zaman Şəxs tabesizlik göstərməyə başlamış, avtomobili duracaqda saxlamalı olduğu halda keçib sağda saxlamışdır. Şəxs şöbədə olarkən rəis müavininin yanına qalxaraq heç bir qayda pozuntusuna yol vermədiyini desə də, şöbədə ona etdiyi qayda pozuntusu və avtomobili duracaqda saxlamalı olması dəfələrlə izah edilmişdir. Şəxs bir daha tabesizlik göstərərək mobil telefonunu götürüb “bu dəqiqə qaziləri tökəcəm bura, yolu bağlayacam” sözlərini demişdir. Şəxs avtomobili duracağa yerləşdirməməkdə israr etməklə digər qazi dostunu da şöbəyə çağırmış və səsküy salmışdır. Şəxs tabesizlik göstərməkdə davam etdiyi üçün digər polis əməkdaşlarını köməyə çağırmışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, Şəxs avtoxuliqanlıq əməli təqdim edilmiş videogörüntülərlə sübuta yetirilir. Avtomobilə baxış keçirilərək müvafiq duracaq aktı tərtib edilmişdir. O, Şəxs ünvanına heç bir nalayiq ifadə işlətməmişdir, həmçinin onun barəsində dedikləri tamamilə şər-böhtandır. Şəxs polis şöbəsinə öz idarə etdiyi avtomobillə, o isə xidməti avtomobillə DYPŞ-yə getmişdir. Bu zaman Şəxs avtomobilində özü, onun dostu və ekipaj yoldaşı olmuşdur. Şəxs şöbəyə çatanda avtomobildən düşmüş və avtomobildə olan ekipaj yoldaşına “elə sən ə”nin yekəsisən” ifadələrini işlətmişdir. Şəxs məxsus avtomobilin əl əyləcini yoxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsin YPX inspektoru Şahid2 ifadəsində bildirdi ki, xidmətdə olan zaman məlum olmuşdur ki, gecə saatlarında Şəxs tərəfindən avtoxuliqanlıq edilmişdir. Bunu təsdiq edən videogörüntülər də mövcuddur. Bununla bağlı, xx.xx.2026-cı il tarixdə, saat 16:00 radələrində “Yeni Gəncə” adlanan yerdə çayxanada olan Şəxs yaxınlaşmış, onun qayda pozuntusuna yol verdiyi izah edilmişdir. Bundan sonra Şəxs polisə tabesizlik göstərmiş, “maşın getməyəcək, özüm gedəcəm” sözlərindən istifadə etmişdir. Şəxs məxsus avtomobildə əyləşmiş və birgə polis şöbəsinə getmişlər. Polis şöbəsinə çatanda Şəxs Hikmət müəllimlə görüşmək istədiyini bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, Şəxs məxsus avtomobilin əl əyləcini yoxlamamışdır. Hadisə yerində sürət həddi 50 km/saat olmuşdur. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -04 mart 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunub ki, Şəxs 04 mart 2026-cı il tarixdə, saat 01:32 radələrində “VAZ 21144” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti ünvanında avtoxuliqanlıq hərəkətləri etmişdir. -Polis əməkdaşı tərəfindən təqdim edilmiş CD diskdə olan görüntülərdən (üç ədəd videogörüntü təqdim edilmişdir), xüsusilə 30 saniyəlik, “WhatsApp Video 2026-03-05 at 10.30.11” adlı videogörüntüdən görünür ki, videogörüntünün 22-ci saniyəsi ilə 30-cu saniyəsi aralığında yolun sağ tərəfindən bir it yola doğru qaçır, bu anda “VAZ 21144” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan Şəxs qarşısına çıxır və Şəxs həmin iti vurmamaq üçün ani reflekslə əyləci basır və avtomobil öz ətrafında dövr edərək yolun sol hissəsində dayanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir . 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərdir. Həmin qərəzli hərəkətlərə: 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək və videodiskdə olan görüntünü tədqiq edərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin tərkibi olmadığından həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1ci maddəsindən görünür ki, avtoxuliqanlıq xətasının tərkibinin mövcud olması üçün aşağıdakılar mütləqdir. 1) Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qayda və əhalinin dincliyi nümayişkaranə şəkildə pozulmalı; 2) Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməli; 3) Yol hərəkəti qaydaları müxtəlif üsullarla davamlı olaraq pozulmalı; 4) Və bu hərəkətlər qərəzli olmalıdır. 1) Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qayda və əhalinin dincliyi nümayişkaranə şəkildə pozulmalıdır: İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin qaydaların pozulması nümayişkaranə şəkildə olmalı, yəni subyekt ictimai qaydanı pozmaqla yanaşı bunu cəmiyyətdə və açıq nümayiş etdirməli, əhalinin dincliyi pozulmalıdır. 2) Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməlidir: Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının “tapdalanması”, bir çox insanların və və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Bu hərəkətləri ilə onu doğuran səbəblər arasında açıq-aşkar uyğunsuzluq olur. Cəmiyyətə açıq hörmətsizlik ifadə edilməsi hərəkətin sosial mahiyyətini əks etdirir, hərəkətin bir qayda olaraq ictimai yerdə, yəni küçədə, kafedə və s. törədilməsini nəzərdə tutur. 3) Yol hərəkəti qaydaları müxtəlif üsullarla davamlı olaraq pozulmalıdır: Yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulma dedikdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunu ilə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün müəyyən edilmiş qaydaların müxtəlif üsullarla (iki və daha artıq üsulla) davamlı (bu hərəkət bir neçə dəfə davam etməlidir) pozulması başa düşülür. 4) Və bu hərəkətlər qərəzli olmalıdır: Hərəkətlərin qərəzli olması dedikdə, hərəkətlər ehtiyatsızlıqdan baş verməməli, subyekt öz əməlini dərk etməli, onun nəticələrini görməli və bunları arzu etməlidir. İş materiallarında Şəxs avtoxuliqanlıq etməsini, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsini təsdiq edən sübutlar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti isə ümumiyyətlə göstərilməmiş, ümumi sözlərlə şəxsin avtoxuliqanlıq etməsi yazılmaqla həmin hərəkətlərin nədə ifadə olunması, nəyə əsasən məhz avtoxuliqanlıq kimi qiymətləndirilməsi təsbit edilməmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş 1 ədəd “CD” diskdə olan görüntülərdən, xüsusilə 30 saniyəlik, “WhatsApp Video 2026-03-05 at 10.30.11” adlı videogörüntüdən yolun sağ tərəfindən bir itin bir anda yola doğru qaçması, yolda “VAZ 21144” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan Şəxs qarşısına çıxması, Şəxs həmin iti vurmamaq üçün ani reflekslə əyləci basması, bu zaman avtomobilin öz ətrafında dövr edərək yolun sol tərəfində dayanması görünməkdədir ki, belə olan halda Şəxs hərəkətlərini ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər kimi qiymətləndirilməsi düzgün olmamaqla AR İXM-nin 511-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşmayan haldır Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi barəsində inzibati qaydada icraat aparılan şəxs tərəfindən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına istinad edərək onun tərəfindən avtoxuliqanlıq edildiyini iddia etsə də, nümayəndə nəzərə almamışdır ki, həmin hərəkətlərin edilməsi özü-özlüyündə inzibati xəta hesab edilmir və həmin hərəkətlərin inzibati xəta kimi qiymətləndirilməsi üçün mütləq qaydada sürücü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərin edilməsi öz təsdiqini tapmalı və AR İXM-nin 511.1.3-cü maddəsindəki hərəkətlər həmin Məcəllənin 511.1-ci maddəsindəki hərəkətlərlə müşayiət olunmalıdır. Lakin hazırki halda məhkəməyə təqdim edilmiş sübutlarla Şəxs əməlində AR İXM-nin 511.1.3-cü maddəsinin tərkibinin olması nəinki sübuta yetirilməmiş, əksinə təqdim edilmiş videogörüntüdən onun əməlində həmin maddənin tərkibinin olmaması açıq-aşkar görünməkdədir. Bundan əlavə sözügedən maddənin qeyd hissəsində göstərilmişdir ki, yolnəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə mexaniki nəqliyyat vasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərinin çıxarılması və ya təkər izlərinin buraxılması hallarına bu Məcəllənin 511.1.3-cü maddəsinin qüvvəsi şamil edilmir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə Şəxs əməlində AR İXM-nin 511.1.3-cü maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs məhkəmədə 3 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-825/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-825/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver