Məhkəmə qərarları › İş №3(5-121)-832/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-832/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-832/2026 18.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsinin xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi barədə X4 şikayəti üzrə Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi Bəşirov Cavid Musa oğlunun katibliyi, Barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs X4 iştirakı ilə xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, fərdi identifikasiya nömrəsi 4G20QEJ olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, İ.M.Zaman oğlu küçəsi, ev 10-da qeydiyyatda olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsinin xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi barədə X4 şikayəti üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X12 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsinin xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ona görə qəbul edilmişdir ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Əli Nağızadənin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir.

Qərardan verilmiş şikayət və onun dəlilləri:

2. X1 şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsinin xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir.

3. Şikayət müəllifi bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X8, X9, X5 və onun oğlu Əli Nağızadə “Fiat Doblo” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə səhər yeməyi yemək üçün kafeyə gedən zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin polis orqanlarında araşdırılması zamanı səhv olaraq belə nəticəyə gəlmişdir ki, oğlu onun işçisdir və avtomobildə olan digər 3 nəfəri işə aparırmış. Polisdə aparılan araşdırmanın yekunlaşdıqda işə baxılması üçün X16 xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə müraciət olunmuş, nəticədə barəsində məlum əsassız qərar qəbul edilmişdir.

İş üzrə proses iştirakçılarının izahatları:

4. Barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs X12 şikayətinə uyğun izahat verərək bildirmişdir ki, qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, əmək müfəttişliyi qərəzli olaraq baş vermiş hadisənin ağırlığından istifadə edərək oğlu və həmin gün nəqliyyat vasitəsində olan digər şəxslərdən qeyri-qanuni yolla almış olduğu izahat əsasında onu inzibati məsuliyyətə cəlb etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 17. Vəzifəli şəxslərin inzibati məsuliyyəti Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Maddə 76. Sübutlar 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Maddə 102. İnzibati araşdırma ... 102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Maddə 112. İnzibati xəta haqqında işə baxılma qaydası ... 112.5. İşə baxılma davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. Maddə 126. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Maddə 192. Əmək qanunvericiliyinin pozulması 192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görəfiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə qanunvericiliyin müvafiq normalarına istinad edərək qeyd edir ki, X4 “İnzibati tənbeh vermə haqqında” Qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni qanunvericiliyin müvafiq normalarına istinad edərək aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.

9. Qanunvericiliyin tələbinə əsasən şəxs o halda Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş olsun.

10. Barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs X12 əməlində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını bildirsə də, məhkəmə inzibati orqan tərəfindən təqdim edilmiş sübutları tədqiq edərək qeyd edilən xüsusatın təsdiq edilməməsi qənaətindədir.

11. Əvvəla şikayətdə X12 qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə X8, X9, X5 və onun oğlu Əli Nağızadə “Fiat Doblo” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə səhər yeməyi yemək üçün kafeyə gedən zaman yol-nəqliyyat hadisəsi baş vermişdir.

12. İnzibati icraat materiallarına əlavə edilmiş Əli Nağızadə, Ramal Mehdiyevin izahatlarında qeyd edilmişdir ki, hadisə baş verən gün İsrəfil Nağızadənin səhhətində narahatçılıq olduğundan Əli Nağızadə avtomobili idarə etmişdir.

13. “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında istintaq orqanının Qərarında isə Əli Nağızadə, Ramal Mehdiyev və Əziz Verdiyev tərəfindən verilmiş izahatlarda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Əli Nağızadənin iş yoldaşları ilə “Fiat Doblo” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobillə minməkdə məqsədi Əli Nağızadənin iş yoldaşlarını Samux rayonunda yerləşən iş yerlərinə aparmaq imiş.

14. Məhkəmə verilmiş izahatlar və İ.Nağıyevin şikayətində əks etdirdiyi hallar arasında kəskin ziddiyyətlə bağlı İ.Nağıyevin məhkəmə prosesində mövqeyini soruşarkən İ.Nağıyev ziddiyyətlərin səbəbini əsaslandıra bilməmişdir. Məhz bu nöqteyi nəzərdən məhkəmənin qənaətinə görə qeyd edilən hal şikayət müəllifinin qeyri səmimi olmasına və şikayətdə göstərilmiş dəlillərdə özünü müdafiə ilə bağlı halların olmasını deməyə əsas verir.

15. Bundan əlavə X12 ilə "xxxx" MMC arasında bağlanmış AD-009/25 nömrəli, xx.xx.2025-ci il tarixli Xidmət Müqaviləsinin tələbinə görə müqavilədən kənara çıxmaq zərurəti yarandıqda (xəstəlik və ya hər hansı digər səbəbdən) bu barədə Sifarişçinin rəsmi yazılı razılığının alınması zəruridir.

16. Lakin məhkəmə iclasında izahat verərək X12 belə bir halın mövcud olmasını, yəni səhhəti ilə bağlı işə çıxmamasını qeyd etməmiş, eyni zamanda Sifarişçinin yazılı razılığı ilə bağlı halın olmadığını bildirmişdir.

17. Eyni zamanda "xxxx" MMC tərəfindən təsdiq edilmiş İZ FORMASİ “İstehsalatda bədbəxt hadisə haqqında” 1/2026 nömrəli aktda qeyd edilmişdir: Bədbəxt hadisə 28 oktyabr 2025-ci il tarixdə saat 07:40 radələrində “Fiat Doblo” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 xidməti müqavilə əsasında Cəmiyyətin Samux rayonu Ceyrançöl sahəsində çalışan işçiləri X6, X7 və X2 iş yerinə aparan zaman Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Ələkbər bəy Rəfibəyli küçəsinin kəsişməsində qarşı istiqamətdə hərəkətdə olan “Hyundai İX35” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi nəticəsində baş vermişdir. ... Hadisə Cəmiyyətin xidmət müqaviləsi (sifarişi) əsasında işçilərin daşınmasını həyata keçirən X13 tərəfindən göndərilən nəqliyyatda Cəmiyyətin işçiləri işə gedərkən baş vermişdir.”

18. Məhkəmə qeyd edir ki, göründüyü kimi icraat materiallarında olan İZ FORMASİ “İstehsalatda bədbəxt hadisə haqqında” 1/2026 nömrəli aktda da X3 xidmət müqaviləsi əsasında avtomobil idarə etdiyi qeyd edilmişdir.

19. Beləliklə, yuxarıda qeyd edilən hallar X3 əmək müqaviləsindən kənar əmək fəaliyyəti ilə məşğul olmasına dəlalət edir.

20. Həmçinin məhkəmə X4 müqavilə bağlamağa səlahiyyətli olması ilə bağlı məsələyə də münasibət bildirməyi məqsədə müvafiq hesab edir. X12 ilə "xxxx" MMC arasında bağlanmış AD-009/25 nömrəli, xx.xx.2025-ci il tarixli Xidmət Müqaviləsi əsasında müəyyən edilir ki, X12 işə götürməkdə səlahiyyətli şəxs olmuşdur. Belə ki, adıçəkilən müqavilənin 2.2.2-ci bəndinin c yarımbəndinə əsasən X12 “İcraçı” kimi müqavilənin icrasına cəlb etdiyi işçiləri, nümayəndələri və podratçıları ilə öz arasında Azərbaycan Respublikası qanunvericiliyinə əsasən tələb edilən müvafiq müqavilələrin mövcudluğunu təmin etməlidir.

21. Lakin göründüyü kimi X12 müqavilədən irəli gələn öhdəliklərə riayət etməmiş, Ə.Nağızadə ilə rəsmi qaydada müqavilə bağlamayaraq onu əmək fəaliyyətinə cəlb edilmişdir.

22. Eyni zamanda məhkəmə X4 törətdiyi inzibati xəta ilə bağlı subyekt məsələsinə də aydınlıq gətirilməsini məqsədə müvafiq hesab edir. Belə ki, 192.1-ci maddə fiziki şəxs, vəzifəli şəxs və hüquqi şəxslə bağlı müxtəlif tənbeh növləri müəyyən etmişdir.

23. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, X12 vəzifəli şəxsdir. Belə ki, İXMin 17-ci maddəsinin qeyd hissəsinin tələbinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.

24. X12 ilə "xxxx" MMC arasında bağlanmış AD-009/25 nömrəli, xx.xx.2025-ci il tarixli Xidmət Müqaviləsi əsasında X4 vəzifəli şəxs olduğu müəyyən edilir. Belə ki, o, inzibati-təsərrüfat vəzifələrini xüsusi səlahiyyət əsasında həyata keçirir.

25. Beləliklə, yuxarıda qeyd edilən halları ümumiləşdirən məhkəmənin gəldiyi qənaətə görə X12 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsinin xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsaslanaraq İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı: X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar