Məhkəmə qərarları › İş №3(5-121)-834/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-834/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-834/2026 05.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu, Güneykənd kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY Y Ə N E T D İ: Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 tərəfindən 2026-cı il 05 mart tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və digər sənədlərdən görünür ki, Şəxs 2026-cı il 05 mart tarixində Gəncə şəhəri, Məhsəti qəsəbəsində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə Şəhər BPİnin 2-ci X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsini və onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2026-cı il tarixində yeni tikdirməkdə olduğu fərdi yaşayış evinin söküləcəyi barədə məlumat almış və tikinti işlərinin aparıldığı yerə getmişdir. Aidiyyəti üzrə orada olan müvafiq orqanların nümayəndələrinə yaxınlaşaraq evinin sökülməməsini xahiş etmişdir. Belə ki, tikinti işlərinin həyata keçirildiyi torpaq sahəsini qanunsuz olaraq dayısı ona satmışdır. Onun həmin torpaq sahəsini ona qanunamüvafiq olaraq satmamasını bilməmiş və bunu öncədən bilsə idi, orada tikinti işlərinin aparılmasını dayandırardı. Bu barədə məlumatı olan kimi dərhal qeyd edilən məsələ ilə bağlı polis şöbəsinə müraciət etdiyini və araşdırma aparıldığını orada olan nümayəndələrə bildirmişdir. Evi söküldüyü üçün əsəbiləşərək səs-küy salmış və dayısının ünvanına nalayiq ifadələr işlətmişdir. Orada olan polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə PPX-nin avtomobilinə əyləşmiş və onu Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirmişdirlər. Vətən müharibəsi iştirakçısıdır. Göstərdiklərinin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilmsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, xx.xx.2026-cı il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Şəhər şöbəsi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində qanunsuz tikililərlə bağlı monitorinq aparılarkən adı sonradan ona məlum olan Şəxs tikintinin sökülməsinə mane olmuşdur. Həmin vaxt xidmətdə olan Bəhman Abbasovla Şəxs yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş və ondan sakitləşməsini tələb etmişlər. Buna baxmayaraq Şəxs səs-küy salmaqda davam etmiş və nalayiq-ifadələr işlətməyə başlamışdır. Dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də, buna məhəl qoymamış, o öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Onu polis şöbəsinə dəvət etdikdə, ilk öncə PPX-nin avtomobilinə əyləşməmiş, daha sonra avtomobilə əyləşmiş və onu polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclas zalında şahid qismində dindirilmiş Şahid1 izahatına oxşar məzmunlu izahat verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin vətən müharibəsi iştirakçısı olması və digər xüsusatları nəzərər alaraq onun barəsində aparılan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. Məhkəmə iclasında Şəxs xx.xx.2026-cı il tarixində ictimai qaydanı pozması tam sübuta yetirilir. Qeyd olunanlarla yanaşı məhkəmə iclasında Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi iş materialları ilə sübut olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına İXM-in 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməli və onun barəsində Azərbaycan Respublikasının İXM-in 510.1-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə təqsirli olması nə özünün etirafedici ifadəsi, nə də bu halı təsdiq edən hər hansı bir şahid ifadəsi ilə sübut olunmuşdur. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini, Vətən müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vətən müharibəsi iştirakçısı olmasını, əməlini etiraf etməsini, inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 31, 40, 43, 48-51, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs (FİN- xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar