Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-838/2026 06.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Tərtər rayonu, Bəyimsarov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Kəlbəcər rayonu, Sarıdaş Ərazi Dairəsi, Güneypəyə kəndində qeydiyyatda olan və Goranboy rayonu, Ağcakənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə dair 06 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 06 mart 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan əsasən Şəxs xx.xx.2026-cı il tarixdə YPX əməkdaşlarının polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan səs-küy ilə nalayiq ifadələr işlətmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək göstərdi ki, 04 mart 2026-cı ildə qazi dostu X5 ilə çayxanada olan zaman **-YP-*** nömrə nişanlı, “BMW” markalı avtomaşından iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq, Nemət Abdullayevə **-EE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21014” markalı avtomobilin kameraya düşdüyünü və duracağa yerləşməli olduğunu bildirmişlər. Bu zaman Nemət Abdullayev heç bir etiraz etməyərək, avtomobili duracağa yerləşdirməyə razı olmuşdur. Onun həmin məsələyə aidiyyəti olmadığı halda Gəncə şəhər BPİ DYPŞ-nin əməkdaşları Mürşüd və Yunis adlı şəxslər onun da şöbəyə getməli olduğunu bildirmişlər. DYPŞ-nin həyətinə gələn zaman dostu Nemət rəisin yanına getmək istədiyini bildirmişdir. Bu zaman Yunis adlı polis əməkdaşı Nemətə “maşını içəri ver əəə”-deyərək, onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, hətta avtomobili duracağa yerləşdirməyənin «şərəfsiz» olduğunu bildirmişdir. Bununla kifayətlənməyərək, polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyi və ictimai qaydanı pozmadığı halda DYPŞ əməkdaşı Mürşüd Abdıyev ona fiziki təsir göstərərək, əlində olan rabitə vasitəsi ilə dəfələrlə onun qarın nahiyəsinə zərbələr endirmişdir. Onun özü 2023-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə həyata keçirilən antiterror əməliyyatının iştirakçısı olmaqla yaralandığından və yaraları tam sağalmadığından Mürşüd Abdıyevin ona yetirdiyi zərbələrdən sonra qarnındakı tikişlər açılmış və bədənindən qan axmışdır. Bundan sonra, Nemət Abdullayev telefonla zəng edib dostu Elçin Həsənovu həmin yerə çağıraraq gəlib onu aparmasını xahiş etmişdir. Elçin Həsənov ora gələn zaman DYPŞ-nin əməkdaşları olan Yunis Rzayev və Mürşüd Abdıyevin onu və Neməti döydüyünü görüb aralamaq istəyərkən polis əməkdaşları öz qanunsuz hərəkətlərinə davam edərək, Elçin Həsənovu da döymüşlər. Polis əməkdaşlarının onu döyməsi nəticəsində boğazında və qolunda xəsarətlər yaranmışdır. Həmçinin, DYPŞ-nin əməkdaşları olan Yunis Rzayev və Mürşüd Abdıyevin onların şərəf və ləyaqətini ləkələyən sözlər deməklə onları təhqir etmişlər. O, Nemət və Elçin polis əməkdaşlarının göstərişlərinə heç cür tabesizlik göstərməmiş və ictimai qaydanı pozmamışlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X1 İsax Sabir oğlunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru polis baş serjantı X11 ifadəsində bildirdi ki, 04 mart 2026-cı il tarixdə saat 01 radələrində **-EE-*** dövlət qeydiyyat nişanlı VAZ 21014 markalı avtomobil xuliqanlıq etdiyi üçün saxlanılmışdır. Həmin avtomobili dayanmış görüb sürücünün adı və soyadı sonradan məlum olan Nemət Abdullayev tapıb qayda pozuntusunu izah etmiş və onun yanında adı və soyadı sonradan onlara məlum olan Şəxs ilə duracağa yollanmışlar. Sürücü avtomobili DYŞ-nin həyətində saxlayaraq avtomobildən düşərək nalayiq ifadələr işlədərək avtomobili duracaqda saxlamayacağını bildirmişdir. Həmin vaxt Şəxs heç bir tabesizlik göstərməsə də, Nemət Abdullayevi nizam-intizama dəvət edərək avtomobili duracağa yerləşdirdikdən sonra bir nəfər adı və soyadı onlara sonradan məlum olan X12 da gələrək hər üçü ünvansız nalayiq ifadələr işlədərək DYPŞ-nin həyətində səs-küy salmışlar. Hadisənin DYPŞ-nin həyətində baş verməsinə baxmayaraq bu barədə onlarda heç bir video-görüntü və başqa sübut yoxdur. Həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də polisin qanuni tələblərinə tabe olmamışlar. O və polis əməkdaşı X18, Elçin və Zaur adlı şəxsə xəsarət yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru X9 ifadəsində bildirdi ki, **-EE-*** dövlət qeydiyyat nişanlı VAZ 21014 markalı avtomobilin xuliqanlıq etdiyi barədə məlumat daxil olmuşdur. Həmin avtomobilin sürücüsü X2 avtomobili dayanacağa yerləşdirməsi tələb edilsə də o, buna əməl etməmişdir. Nemət Abdullayev onun yanında olan adı sonradan onlara məlum olan Şəxs və avtomobili duracağa yerləşdirdikdən sonra X12 da gələrək ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışlar. Dəfələrlə hər üçünü nizam-intizama dəvət etsələr də polisin qanuni göstərişlərinə tabe olmamışlar. Nə o, nə də polis əməkdaşı X22, Elçin və Zaur adlı şəxsə xəsarət yetirməmişlər. Hadisənin DYPŞ-nin həyətində baş verməsinə baxmayaraq bu barədə onlarda heç bir video-görüntü və başqa sübut yoxdur. İş materiallarında olan: İnzibati qaydada tutma haqqında BB2390257 nömrəli 04 mart 2026-cı il tarixli protokoldan görünür ki Şəxs xx.xx.2026-cı il tarixdə saat 19:25-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki Şəxs İİ qrup əlildir. Məhkəmə, iş materiallarında olan sənədlərə, proses iştirakçılarının izahatlarına və şahid ifadələrinə məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan 06 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda xx.xx.2026-cı il tarixdə Şəxs YPX əməkdaşlarının polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan səs-küy ilə nalayiq ifadələr işlətdiyi qeyd edilmişdir. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması və polisin qanuni tələbinə qəsdən tabe olmama halları öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs qeyd edilən yerdə həqiqətən də ictimai qaydanı konkret olaraq hansı hərəkətlər ilə pozması və polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510.1. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Şəxs 04 mart 2026-cı il tarixdə saat 19:25-də inzibati qaydada tutulmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs məhkəmədə 4 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 44 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: MN ******* nömrəli, 06 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 44 (qırx dörd) manat məbləğində pul keçirilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(5-121)-838/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-838/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver