Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-839/2026 06.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Avtozavod yolunda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 04 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 04 mart 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Şəxs Gəncə şəhəri DYPŞ-nin həyətində ucadana nalayiq ifadələr işlədib ictimai qaydanı pozmuş və ondan sakitləşməsini tələb edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək göstərdi ki, “Gəncə Oteli”nin yanında avtomobillə hərəkətdə olan zaman qarşısına it çıxdığı üçün əyləcə basmış və bu zaman avtomobil yerində fırlanmışdır. Səhərisi gün 04 mart 2026-cı ildə İsax Bəşirov ilə çayxanada olan zaman polis əməkdaşları ona yaxınalaşaraq, **-EE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21014” markalı avtomobilin nəzarətə düşdüyünü və duracağa yerləşməli olduğunu bildirmişlər. Bu zaman o, heç bir etiraz etməyərək avtomobili duracağa yerləşdirməyə razı olmuşdur. Həmin məsələyə aidiyyəti olmadığı halda Mürşüd və Yunis adlı DYPŞ əməkdaşları İsax Bəşirovun da onlarla birlikdə gəlməli olduğunu bildirmişlər. Şöbəyə çatdıqdan sonra avtomobildən düşüb Nail müəllimlə danışmaq istədiyini bildirən zaman DYPŞ əməkdaşı Yunis Rzayev qolundan bərk sıxmış, bu zaman o, Yunisə qarşı heç bir hörmətsizlik etməyərək, nəyə görə ona əl-qol atdığını soruşmuş, Yunis isə cavabında “bu maşını sənin payına burdan qırağa sürən nakişidir”-ifadəsini işlətmişdir. Həmçinin, Mürşüd adlı polis əməkdaşı o, Nail müəllimlə danışan zaman arxa tərəfindən əlini onun kəmərinə ataraq onu önə-arxaya silkələmiş, ondan niyə belə etdiyini soruşduqda, Mürşüd onu təhqir edərək, özünə hörmət etməsini bildirmişdir. Mürşüd adlı polis əməkdaşı onu “Gəncə Mall” ticarət mərkəzinin yanında yerləşən Gəncə şəhəri BPİ-nin 1-ci Polis şöbəsinə gətirmiş və avtomobildə onu söyərək “sənə bu medalı və vəsiqəni verənin...” ifadələrini işlətmişdir. Bundan sonra 1-ci Polis şöbəsinin həyətində Mürşüd adlı polis əməkdaşı digər polis əməkdaşlarının yanında özü də daxil olmaqla, Elçin və İsax adlı qazi dostunu nalayiq ifadələrlə təhqir etmiş və onları qıcıqlandıraraq, “sizi belə-belə eliyəcəm” sözlərini demişdir. Mürşüd adlı polis əməkdaşı Elçin və İsax adlı dostuna demişdir ki, “Nemətin mənim əlimdə şəxsi şəkilləri var, onun mobil telefonunda ermənilərin leşləri ilə şəkilləri var”. O, bir gün Polis şöbəsində saxlanılmış, onun heç kimlə telefon danışığına, həmçinin kəllə-beyin travması ilə əlaqədar dərman vasitələrini qəbul etməsinə icazə verilməmişdir. Mürşüd və Yunis adlı polis əməkdaşları onu döyməsi zamanı boğaz nahiyəsində və bədənində xəsarət izləri yaranmışdır. O, polis əməkdaşlarının göstərişlərinə heç cür tabesizlik göstərməmiş və ictimai qaydanı pozmamışdır. Eyni zamanda, polis əməkdaşları onun barəsində avtoxuliqanlıq ilə protokol tərtib etmiş, lakin Gəncə Şəhər Məhkəməsinin 3(5-121)- 825/2026 nömrəli, 05 mart 2026-cı il tarixli qərarı ilə həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, hazırda onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X1 Nemət Rafiq oğlunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru polis baş serjantı X8 ifadəsində bildirdi ki, 04 mart 2026-cı il tarixdə saat 01 radələrində **-EE-*** dövlət qeydiyyat nişanlı VAZ 21014 markalı avtomobil xuliqanlıq etdiyi üçün saxlanılmışdır. Həmin avtomobili dayanmış görüb sürücünün adı və soyadı sonradan məlum olan Şəxs tapıb qayda pozuntusunu izah etmişdir və onun yanında adı və soyadı sonradan onlara məlum olan İsax Bəşirov ilə duracağa yollanmışlar. Sürücü avtomobili DYPŞ-nin həyətində saxlayaraq avtomobildən düşərək nalayiq ifadələr işlədərək avtomobili duracaqda saxlamayacağını bildirmişdir. Həmin vaxt İsax Bəşirov heç bir tabesizlik göstərməmişdir. Şəxs nizam-intizama dəvət edərək avtomobili duracağa yerləşdirdikdən sonra bir nəfər adı və soyadı onlara sonradan məlum olan X9 da gələrək ünvansız nalayiq ifadələr işlədərək DYPŞ-nin həyətində səs-küy salmışlar. Hadisənin DYPŞ-nin həyətində baş verməsinə baxmayaraq bu barədə onlarda heç bir video-görüntü yoxdur. Həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də polisin qanuni tələblərinə tabe olmamışlar. O və X11 Abdullayevi döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru X5 ifadəsində bildirdi ki, **-EE-*** dövlət qeydiyyat nişanlı VAZ 21014 markalı avtomobilin xuliqanlıq etdiyi barədə məlumat daxil olmuşdur. Həmin avtomobilin sürücüsü Şəxs avtomobili dayanacağa yerləşdirməsi tələb edilsə də o buna əməl etməmişdir. Şəxs onun yanında olan adı sonradan onlara məlum olan İsax Bəşirov və avtomobili duracağa yerləşdirdikdən sonra X9 da gələrək ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışlar. Dəfələrlə hər üçünü nizam-intizama dəvət etsələr də polisin qanuni gösdərişlərinə tabe olmamışlar. Hadisənin DYPŞ-nin həyətində baş verməsinə baxmayaraq bu barədə onlarda heç bir video görüntü yoxdur. O və X18 Abdullayevi döyməmişdir. İş materiallarında olan: İnzibati qaydada tutma haqqında BB İXP ******* nömrəli 04 mart 2026-cı il tarixli protokoldan görünür ki Şəxs xx.xx.2026-cı il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş materiallarında olan sənədlərə, proses iştirakçılarının izahatlarına və şahid ifadələrinə məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan 04 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Gəncə şəhəri DYPŞ-nin həyətində ucadana nalayiq ifadələr işlədib ictimai qaydanı pozduğu və ondan sakitləşməsini tələb edən polisin qanuni tələblərinə qəsdən tabe olmadığı qeyd edilmişdir. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması və polisin qanuni tələbinə qəsdən tabe olmama halları öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs qeyd edilən yerdə həqiqətən də ictimai qaydanı konkret olaraq hansı hərəkətlər ilə pozması və polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510.1. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Şəxs 04 mart 2026-cı il tarixdə inzibati qaydada tutulmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs məhkəmədə 4 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 44 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: 04 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 44 (qırx dörd) manat məbləğində pul keçirilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(5-121)-839/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-839/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver