Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-84/2026 14.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər İcra İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala dair Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi, Bəşirov Cavid Musa oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs Zərərçəkmiş şəxs (tələbkar) X2 iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, fərdi identifikasiya nömrəsi xxxxxxx olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhəri üzrə İcra İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.
2. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhər Məhkəməsinin 2(125)- 3527/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və Gəncə şəhər Məhkəməsinin 2(125)-812/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi icra etməməklə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-3527/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 7170 manat, Gəncə Şəhər Məhkəməsinin 2(125)-812/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 5575 manat təşkil edir.
İş üzrə proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X7 izahatında qeyd etmişdir ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-3527/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-812/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi icra etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsi xahiş olunur.
4. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahatında bildirmişdir ki, ona bir həftə möhlət verilərsə borcundan 1000 manat ödəniş edəcəkdir. O, bundan sonra borcunu vaxtında ödəyəcəkdir.
5. Zərərçəkmiş şəxs (tələbkar) X5 izahatında bildirmişdir ki, Şəxs hər dəfə yalan vədlər verməsinə baxmayaraq borcunu ödəmir, əksinə ödəniş üçün möhlət istəyir. O, borcunun hissə-hissə deyil, bütövlükdə ödənilməsini xahiş edir.
6. Zərərçəkmiş şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 528. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
8. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. İcra məmurunun tələblərinin məcburiliyi 8.1.Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.2 Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi
9. Məhkəmə qanunvericiliyin müvafiq normalarına, inzibati xəta ilə bağlı tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə istinad edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara yol verdiyindən o, həmin maddə təqsirli bilinməli və inzibati tənbeh edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.
11. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibatı məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibatı həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. 12.Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.
13. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş müvafiq sənədlər inzibati xəta törədən şəxsin əməlində İXM-in 528.1-ci maddəsinin olmasına dəlalət edir. Belə ki, iş materialları əsasında 14 iyul 2025-ci il tarixli 2(125)-3527/2025 nömrəli icra sənədinə əsasən Şəxs 7050 manat məbləğində pul və dövlət rüsumunun əvəzi kimi 120 manat məbləğində pul alınaraq iddiaçı X3 verilməli olması, eyni zamanda 05 mart 2025-ci ıl tarixli, 2(125)- 812/2025 nömrəli icra sənədinə əsasən Şəxs 5500 manat məbləğində pul alınaraq iddiaçı X1 verilməli olması müəyyən edilir. Lakin Şəxs zərərçəkmiş şəxslərə 11545 manat pul ödəməmiş, eyni zamanda icra məmurunun qanuni tələbini icra etməmişdir.
14. Şəxs barəsində təyin ediləcək inzibati tənbehə gəlincə məhkəmə işin hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq ona inzibati cərimənin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır.
15. “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsinı və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki. tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektik qiymətləndirilməlidir.
16. Məhkəmə həmçinin qeyd edir ki, inzibati Xətalar Məcəlləsinin 31,1-ci maddəsinə uyğun, olaraq, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibatı xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
17. Beləliklə, məhkəmə törədilmiş inzibatı xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, ış üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər.
18. Məhkəmə inzibatı xəta törətmiş şəxsin nəzərinə çatdırır kı, İXM-ın 31.5-cı maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir.
19. Göstərilənlərə əsaslanaraq inzibatı Xətalar Məcəlləsinin İXM-nın 40, 43, 48-51 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Kəmalə Bayramova