Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-847/2026 13.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2026-cı il tarixli EQ 34304782 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 34304782 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 17:48 radələrində istifadəsi özünə məxsus "Mercedes Benz” E240 markalı ** NV *** dövlət qeydiyyat nömrəli avtomobili ilə Gəncə şəhəri, H.Əliyev prospektinin Ş.İ.Xətai prospekti ilə kəsişməsində yerləşən işıqforun yaşıl işığından keçərək H.Əliyev prospektindən Ş.İ.Xətai prospektinə dönərkən qarşıdan gələn avtomobillərə qanuna uyğun olaraq yol vermiş və bu zaman həmin avtomobillərin axını dayanana qədər işıqforun qırmızı işığı yanmışdır. Dərhal yolu tərk etmişdir, təxminən 1 saat sonra Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair bildiriş gəlmişdir. Bildirir ki, haqqında qəbul edilmiş inzibati qərar qanuna uyğun olmadığı üçün ləğv olunmalıdır. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospekti kəsişməsində Dəyirmanın dairəsinə dönən yola yaşıl işıqda daxil olmuş, qarşıdan gələn maneə olduğuna görə gözləmiş və maneə bitdikdən sonra sol tərəfə (Dəyirmanın dairəsi istiqamətinə) hərəkət etmişdir. Bu zaman sola dönərkən işıqforun qırmızı işığında yoluna davam etmiş və yol patrul nəfəri saxlayıb qayda pozuntusunu törətdiyini və ondan səbəbini soruşduqda cəriməni yollayanda öyrənəcəyini bildirmişdir. Sonda barəsində çıxarılmış qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: xx.xx.2026-cı il tarixli EQ 34304782 nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati hadisənin qeydə alındığı videogörüntüdə X1 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən xx.xx.2026-cı il tarixli EQ 34304782 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi sübuta yetirilməmişdir. Həmin videogörüntüyə məhkəmə iclasında baxış keçirərkən aydın olmuşdur ki, "Mercedes Benz” E240 markalı ** NV *** dövlət qeydiyyat nömrəli avtomobili ilə Gəncə şəhəri, H.Əliyev prospektinin Ş.İ.Xətai prospekti ilə kəsişməsində yerləşən işıqforun yaşıl işığından keçərək H.Əliyev prospektindən Ş.İ.Xətai prospektinə dönərkən sol dönmə işığını yandırmış və qarşıdan gələn avtomobillərə yol verdikdən sonra sola dönərək yoluna davam etmişdir. Beləliklə şikayətçinin barəsində tərtib edilmiş inzibati qərarda göstərilən əsasla yəni, svetoforun qadağan edici işarəsi verilərkən hərəkətinin davam etdirməsi halı baş verməmişdir. Odur ki, göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. Qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-ci maddəsinə əsasən Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Həmin maddənin 3-cü bəndinə əsasən sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilərkən X1 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməsi və ya digər pozuntu törətməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 34304782 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 34304782 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-847/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-847/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver