Məhkəmə qərarları › İş №3(5-121)-91/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-91/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-91/2026 15.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs X3, tələbkar X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Şəxs 3555 manat alınaraq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icra etməsi üçün rəsmi bildiriş xx.xx.2024-cü il tarixdə təqdim edilməsinə baxmayaraq tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. Bundan əlavə borclunun əmlakları barədə aidiyyatı orqanlara sorğular edilmiş, lakin borclunun adına heç bir dəyərli daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Həmçinin borclu Şəxs qeyd edilən icra sənədi üzrə tələbkara olan pul borcunu tam vaxtında və göstərilən məbləğdə ödəmədiyindən inzibati məsuliyyətə cəlb ediləcəyi barədə müxtəlif tarixlərdə xəbərdarlıqlar verilmiş və izahatı alınmışdır. Buna baxmayaraq o, borcunu tam ödəməmişdir. Tələb müəyyən edilmiş müddət ərzində borclu Şəxs tərəfindən ödənilmədiyindən icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. İcra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə borcunu ödəməyəcəyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqların verilməsinə baxmayaraq, tələbi icra etməmişdir. Həmçinin icra sənədinin icrası ilə bağlı borclu icra məmurunun qanuni tələblərini icra etməməklə yanaşı, iş üzrə göstərilən tələbi də icra etməkdən boyun qaçırmışdır. Bu günə borclu Şəxs ümumi borcu 1705 manat təşkil edir. Belə ki, Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Məhkəmə iclasında icra məmuru X4 çıxışında protokolu müdafiə edərək borclunun axtarışla gətirildiyini və onun bu gün 400 manat ödəniş etdiyini bildirərək protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs çıxışında bildirdi ki, işsizdir, buna baxmayaraq hər işlədikcə nəğd qazancı olduqca borcundan 50-100 manat ödəniş edir. Qeyd edir ki, himayəsində autizm xəstəsi olan uşağı olduğundan aliment borcunu tam şəkildə ödəyə bilmir, həmçinin anası şəkər xəstəsidir. Sonda ödənişləri ancaq hər ay 200 manat olmaqla hissə-hissə ödəməyə imkanı çatdığını bildirərək qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə həvalə etmişdir. Məhkəmə iclasında tələbkar şəxs X2 ifadəsində hissə-hissə ödənişə razı olmadığını bildirərək onun barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-1408/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 3555 manat alınaraq tələbkara ödənilməlidir. - Gəncə şəhər Məhkəməsinin 2(125)-1408/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 3555 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatında borcunu ödəməməsini maddi vəziyyəti ilə əlaqələndirmişdir. - xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - ödəniş qəbzindən görünür ki, xx.xx.2026-cı il tarixdə 523915******3129 saylı kart hesabına 400 manat ödəniş edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, borclunu dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs himayəsində iki azyaşlı uşağının olmasını və deməsinə görə uşağın birinin autizim xəstəsi olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar