Məhkəmə qərarları › İş №3(5-121)-924/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(5-121)-924/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(5-121)-924/2026 13.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlu, Bakı Şəhəri Səbail Rayon Məhkəməsindən aidiyyəti üzrə daxil olmuş X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdi: X3 şikayətlə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29760235 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 3(5-102)-578/2026 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X2 geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X1 mübahisələndirməsi ehtimal olunan qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Şikayətin məzmununda qərarın X2 rəsmi qaydada hansı tarixdə təqdim edilməsi qeyd edilməmiş, nə də buna dair sübut şikayətə əlavə edilməmişdir. Şikayət isə xx.xx.2026-cı il tarixdə tərtib olunaraq, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar ona qanunla müəyyən edilmiş müddət ərzində təqdim edilmişdirsə, onun inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürdüyü müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarın şəxsə rəsmi qaydada təqdim edildiyi vaxt dəqiq müəyyən edildikdən və şikayətin qanunla müəyyən edilmiş müddət ərzində verildiyi müəyyən olunduqdan sonra inzibati xəta haqqında qərardan verilmiş şikayətə baxılması mümkün ola bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Bundan başqa məhkəmə prosessual qənaət prinsipi baxımından qeyd etməyi zəruri hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi “şikayət ərizəsi” əvəzinə “ərizə” adlanmış, şikayət verən şəxsin, həmçinin şikayət olunan orqanın adı qeyd edilməmiş, həmçinin ərizənin məzmunundan onun hansı qərardan şikayət verməsi və nəyi xahiş etməsini müəyyən edilmir. İş materiallarına nəzər saldıqda onun AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29760235 nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirdiyini ehtimal etmək mümkündür. Beləliklə məhkəmə hesab edir ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025ci il tarixli, EQ 29760235 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət üçün Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən, həmçinin şikayət ərizəsinin tərtibində qeyd olunan nöqsanlara yol verildiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı Şəhəri Səbail Rayon Məhkəməsindən aidiyyəti üzrə daxil olmuş X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar