Məhkəmə qərarları › İş №3(5-121)-934/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-934/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-934/2026 11.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Umud oğlunun sədrliyi, X3 oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Gəncə şəhəri, X5, ev 14, mənzil 19 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər 2-ci X1 Təhlükəsizlik Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər 2-ci X1 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 11 mart 2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Həmin protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2026-cı il tarixdə saat 17 radələrində Şəxs Gəncə şəhəri, “Qrand Qafqaz” Ticarət Mərkəzinin yaxınlığında telefonla yüksək səslə danışmış, polis əməkdaşları ona yaxınlaşarkən hadisə yerindən qaçmış, sonradan tutularaq şöbəyə aparılmış, onun narkotik vasitədən istifadə etməsində şübhələr yaranmış, müvafiq ekspertizadan keçirilmiş və narkotik vasitələrdən istifadə etməsi aşkar olunmuşdur. Bununla da o, İXM-in 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər 2-ci X1 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Nümayəndə ifadə verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 17 radələrində Şəxs Gəncə şəhəri, “Qrand Qafqaz” Ticarət Mərkəzinin yaxınlığında ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə tabe olmamış və narkotik vasitələrdən istifadə etməsi ekspertiza rəyi ilə aşkar edilmişdir. Bununla da o, İXM-in 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, narkotik vasitədən istifadə etmiş, ictimai qaydanın pozulmasına yönəldilmiş hərəkətlətə yol vermiş və polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, buna məhəl qoymamışdır. O, narkotik vasitəni təxminən on gün əvvəl istifadə etmişdir. O, narkotik vasitə olan marixuananı əsgər yoldaşı Vüsal Əliyevin ad günündə əsgər yoldaşı ilə birlikdə istifadə etmişdir. O, sonuncu dəfə isə Gəncə şəhərində olan zaman lirika (preqabalin) istifadə etmişdir. O, narkotik vasitədən mütəmadi olaraq istifadə edir. O və dostu Əliyev Mirpaşa narkotik vasitələri Mirpaşanın telefonu vasitəsi ilə əlaqə saxladığı tanımadığı şəxsdən 10 manata alırlar. Həmin şəxs narkotik vasitəni qoyduğu yerin konumunu (məkanını) dostu Əliyev Mirpaşanın telefonuna göndərdikdən sonra onlar narkotik vasitəni gedib götürmüşlər. O, lirikanı da marixuananı da dostu Əliyev Mirpaşanın vasitəsi ilə əldə etmişdir. Əliyev Mirpaşa “xarabayeri” adlanan ərazidə 24 nömrəli məktəbin arxasında qalır. O, xx.xx.2026-cı il tarixdə də Gəncə şəhəri, “Qrand Qafqaz” Ticarət Mərkəzində olarkən başqa dostu ilə telefonla danışan zaman onun üzüyünü alıb qaytarmadığına görə dostunun ünvanına nalayiq ifadələr işlədərək, səs-küy salmış və ona yaxınlaşan polis əməkdaşları ondan sakitləşməsini tələb etdikdə o, öz hərəkətlərini yenə davam etdirmiş və daha sonra oradan qaçmışdır. O, hazırda törətdiyi əməllərdən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin xidmət üzrə baş inspektoru, polis baş leytenantı Şahid ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə Gəncə şəhər 2-ci Polis Şöbəsinin inzibati ərazisində Qrand-Qafqaz adlanan ticarət mərkəzində polis kapitanı Həsən Quliyev ilə birlikdə xidmətdə olarkən 1 nəfər adını bilmədiyi şəxsin ucadan danışmasını və nalayiq ifadələr işlətməsini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və sakitləşməsini tələb etmişlər. Şəxsi nizam-intizama dəvət etsələr də həmin şəxs tutulan iradlara məhəl qoymayaraq öz qeyrietik hərəkətlərinə və nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra şəxs oradan qaçaraq uzaqlaşmağa çalışsa da onu saxlayaraq 2-ci Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarında olan: İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. 10 mart 2026-cı il tarixli, 1076/2026 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs sidiyində THC və PGB aşkar olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 mart 2026-cı il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs əməlində İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhər 2-ci Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş xx.xx.2026-cı il tarixli 412 nömrəli rəydən görünür ki, Şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən və psixotrop maddə olan preqobolindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəsətliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. Məhkəmə onun məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206, 510.1 və 535.1-ci maddələri ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, məhkəmə, inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı, şahid ifadəsi və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-nin 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin Məcəllənin daha ciddi xəta hesab edilən 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, məsuliyyətini yüngülləşdirən halları, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, törətmiş olduğu xətaların xarakterini, həmçinin inzibati xətaların törədilmə şəraitini və üsulunu nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən saat 19:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş xx.xx.2026-cı il tarixli 412 nömrəli rəyi və məhkəmə araşdırması ilə müəyyən edilmiş və bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Şəxs təyin edilmiş inzibati həbs növündə tənbeh tədbiri ilə bağlı qeyd edir ki, Şəxs ifadəsində bildirir ki, o daimi olaraq narkotik vasitələrdən istifadə edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. Eyni zamanda ictimai yerdə nalayiq ifadələr işlətməsinə görə ona yaxınlaşan polis əməkdaşlarından qaçmış bu isə onun islah olunması üçün məhz həbs növündə inzibati tənbeh tədbirinin seçilməsini zəruri edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 206-cı maddəsinin sanksiyası həddində 01 (bir) ay 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 09 mart 2026-cı il tarixdən saat 19:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın təyin edilmiş inzibati tənbehə dair hissədə icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə və Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə həvalə edilsin. Narkomaniyadan məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq dövlət icra məmuru tərəfindən nəzarət edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar