Məhkəmə qərarları › İş №3(5-122)-290/2026

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(5-122)-290/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(5-122)-290/2026 27.01.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyaytda olan və Xırdalan şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(045)-99/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Goranboy Rayon Məhkəməsinin 8(045)- 41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 27 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, borclu Məmmədov X6 Rayon Məhkəməsinin 2(045)-99/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Goranboy Rayon Məhkəməsinin 8(045)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən 3288 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməkdən yayınmışdır. Nəticədə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-99/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bundan başqa Goranboy Rayon Məhkəməsinin 8(045)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş mimimum əmək haqqının 0.48 misli həddində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclu Şəxs icra sənədlərində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və aliment borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu Şəxs aliment borcunu ödəmədiyi üçün borclu Şəxs xəbərdarlıq göndərilməsinə baxmayaraq, aliment ödənilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən aliment öhdəliyini tam olaraq icra etməmişdir. Hazırda 3288 manat aliment borcu yaranmışdır. “Elektron İcra” İnformasiya sistemindən görünür ki, borclu Şəxs adına əmlak və gəlir yoxdur. Bugünkü tarixdə borclu Məmmədov X6 Rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və iş üzrə izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, məhkəmə qərarlarından xəbərdar olduğunu, imkanı olmadığı üçün ödəniş etmədiyini, bugün borcundan heç bir ödəniş edə bilmədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, icra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və aliment borcunu ödəməkdən imtina etmir. İcra sənədinin icrasından yayınmır, icra məmurunun tələblərini də yerinə yetirməyə çalışır. Hazırda həmin məbləği tam şəkildə tələbkara ödəməyə imkanı yoxdur. Bugünədək icra sənədi üzrə yaranmış aliment borcunun tam şəkildə ödəməməyin səbəbi maddi imkanının və daimi iş yerinin olmamasıdır. Bu səbəbdən də aliment borcunu ödəyə bilməmişdir. Əməlindən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında göstərdi ki, icra sənədinə əsasən borclu Şəxs ona 3288 manat məbləğində aliment borcu yaranmışdır. Borclu bügünədək heç bir ödəniş etməmişdir. Hal-hazırda borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs övladının saxlanılması üçün alimenti ödəməməklə yanaşı övladı ilə də maraqlanmır. Ona görə də borclu Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 2(045)-99/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 verilməlidir; xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 52142/2020 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Goranboy Rayon Məhkəməsinin 2(045)-99/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Məhkəməsinin 8(045)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Goranboy Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(045)- 99/2020 saylı qətnaməsi ilə tuutlan aliment indeksasiya edilmiş, maraqlı şəxs Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində sabit pul məbləğində aliment ərizəçi Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir; xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında N.Ə. 87323/2025 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Goranboy Rayon Məhkəməsinin 8(045)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “Borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Şəxs məcburi qaydada Goranboy rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır; “Borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi zərərçəkmiş şəxsin (tələbkarın) izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Şəxs özünü təqsirli bilməsi, lakin yaranmış aliment borcunun maddi imkanının olmaması ilə bağlı ödəməməsini özünü müdafiə cəhdi və məsuliyyətdən yayınma kimi qiymətləndirir. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, zərərçəkmiş şəxsin (tələbkarın) mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 27 yanvar 2026-cı il tarixdən, saat 18:45-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar