Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(5-122)-822/2026 18.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Goranboy şəhəri, Yeni yaşayış massivində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-in 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 17 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 17 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 17 fevral 2026-cı il tarixdə, saat 00:20 radələrində Goranboy şəhəri, Yeni yaşayış massivinin qarşısında və Goranboy RPŞ-nin qarşısında uca səslə səs-küy salaraq ictimai qayda pozuntusu edərək, polisin qanuni tələbini qəsdən pozmuş, narkotik vasitənin təsiri altında olduğu aşkar edilmişdir. Nəticədə Şəxs İXM-in 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, Goranboy RPŞ-nin İTB-nin XÜ-nün baş inspektoru Süleyman Hüseynovun, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Elvin Hüseynzadənin, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Orxan Həziyevin və Goranboy RPŞ-nin İTB-nin sahə rəisi Aqşin İbrahimovun raportu əsasnda toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi əlaməti olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, ünvan 3 ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510.1, 535 və 206-cı maddələrinin əlamətləri müəyyən olunduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.1, 535 və 206-cı maddələri ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə verilmişdir. Şəxs hərəkətlərində İXM-in 206, 510.1 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokollar tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206 və 535.1 maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, 17 fevral 2026-cı il tarixdə qardaşı Zaur Ələkbərovla 00:20 radələrində Goranboy rayonunda yerləşən, vətəndaş X3 işlədiyi meyvə satışı mağazasına getmiş, orada olan zaman sonuncu ilə aralarında spirtli içkini nəyə görə nisyə vermədiyini soruşduqda mübahisə yaranmışdır, mübahisə zamanı o Rəşad Abdullayevi vurmuş, daha sonra çıxıb öz evinə getmişdir. Daha sonra evdə olan zaman polis avtomobillərinin sayrışan ışıqların pəncərədən gördüyünə görə mənzilin qapısını açaraq könüllü olaraq dəhlizə çıxmış və bu zaman polis əməkdaşları ilə rastlaşmışdır. Daha sonra polis əməkdaşları onun qolunu burmuş, o polis əməkdaşlarından qolunu nəyə görə tutduqlarını soruşanda aralarında mübahisə yaranmışdır. Daha sonra anası mənzildən çıxdıqda polis əməkdaşları anasını itələdikləri zaman qardaşı Zaur Ələkbərovda mənzildən çıxaraq müdaxilə etməyə çalışmış və bu zaman səs-küy yaranmışdır. Hadisə zamanı içkili olduğundan əməli törətdiyini bildirmiş. Narkotik vasitələrdən istifadə etdiyini etiraf etmiş və polis əməkdaşlarının da bundan məlumatlı olduğunu bildirmişdir. Hazırda etdiyi əməlindən çox peşman olduğu üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin sahə rəisi X8 bildirdi ki, 17 fevral 2026-cı il tarixdə 102 məlumatı verildiyi üçün ilkin olaraq vətəndaş X3 mağazasına yaxınlaşmış daha sonra isə Şəxs yaşadığı mənzilə getmişlər. Daha sonra binanın 5-ci mərtəbəsinə qalxan zaman pilləkənlərdə Şəxs ilə rastlaşmış, bu zaman sonuncu səs-küy salaraq nəyə görə gəldiklərini, ünvanlı-ünvansı nalayiq ifadələr işlətmiş. Daha sonra qardaşı Zaur Ələkbərovda dəhlizə çıxaraq mübahisəyə qarışmışdır. O polis əməkdaşları X9 və X6 ilə birlikdə Şəxsı və Zaur Ələkbərovu tutaraq Goranboy RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Şəxs və Zaur Ələkbərovu zəng və ya digər vasitə ilə şöbəyə dəvət etməmişlər. İlkin olaraq Şəxsla binanın 4-cü mərtəbəsində pilləkənlərdə rastlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 və Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X9 iş üzrə digər şahid X4 izahatına oxşar izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17 fevral 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X7 barəsində İXM-in 510.1 və 535-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17 fevral 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 206, 510.1 və 535-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X1 məcburi-narkoloji tibbi yoxlama haqqında 17 fevral 2026-cı il tarixli, 275 nömrəli rəyindən görünür ki, Şəxs psixotrop maddələrdən istifadə edir, metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 206-cı maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, Şəxs İXM-in 206 və 510.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206 və 510.1-ci maddələri ilə tövsif edilmişdir. Lakin o İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Belə ki, o polis əməkdaşları tərəfindən şöbəyə rəsmi qaydada və ya telefon vasitəsi ilə dəvət edilməmişdir. Hətta polis əməkdaşlarının onun mənzilinə gəldiyini gördüyü üçün onlar qapını döyməmişdən əvvəl özü mənzili tərk edərək onlaraq yaxınlaşmışdır. Onun İXM-in 206 və 510.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri İXM-in 206 və 510.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirildiyinə görə Şəxs həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510.1-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 17 fevral 2026-cı tarixdə Goranboy şəhəri, Yeni yaşayış massivində və RPŞ-də uca səslə nalayiq ifadələr işlədərək ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, eləcə də eyni anda İnzibati Xətalar Məcəlləsində təsbit edilmiş iki inzibati xəta tərkibi yaradan əməllər törətməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206 və 510.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X1 məcburi-narkoloji tibbi yoxlama haqqında 17 fevral 2026-cı il tarixli, 275 nömrəli rəyini nəzərə alaraq Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, İXM-in: 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Qeyd olunanlara əsasən, İXM-nin 40.0.1, 43, 48-51, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən 15 (on beş) müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş 17 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Həbsetmənin əvvəli 17 fevral 2026-cı il tarixdən saat 01:25-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. İnzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kazım Vəliyev
Məhkəmə qərarları › İş №3(5-122)-822/2026
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(5-122)-822/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver