Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(5-122)-928/2026 26.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X12 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, müdafiəçi Goranboy rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Goranboy rayonu Gürzalılar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı materiallar 26 fevral 2026-cı il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 25 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 24 fevral 2026-cı il tarixdə Goranboy şəhəri, S. Civəzadə küçəsində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 14:35 radələrində Goranboy RPŞ-nin təhqiqatçıları Rəhman Həsənov və X8 şəhəri S.Civəzadə küçəsində, RPŞ-in inzibati binasının yaxınlığında bir nəfər şəxsin telefonla danışaraq ucadan səs-küy salmasını, ünvanlı və ünvnasız nalayiq ifadələr işlətməsini görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsi nizam-intizama dəvət edərək ictimai qaydanı pozmamasmı bildirsələr də, həmin şəxs polis əməkdaşlarına aqressiv reaksiya nümayiş etdirib qərəzli olaraq öz hərəkətlrini davam etdirdiyi üçün polis əməkdaşları həmin şəxsi Goranboy RPŞ-yə gətirmişlər. RPŞ-də həmin şəxsin Goranboy rayonu Gürzalılar kənd sakini Şəxs olması müəyyən olunmuşdur. Şəxs hərəkətlərində İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 22 fevral 2026-cı il tarixdə Goranboy rayonu, Gürzalılar kəndində öz avtomobilini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobil dərəyə aşmışdır. 24 fevral 2026-cı il tarixdə polis əməkdaşları tərəfindən hadisə ilə bağlı izahatının alınması üçün Goranboy RPŞ-yə dəvət edilmişdir. Həmin gün, yəni 24 fevral 2026-cı il tarixdə atası ilə birlikdə RPŞ-yə getmiş və özünə məxsus mobil telefonu RPŞ-nin qapı postunda xidmət edən polis əməkdaşına təhvil vermiş və inzibati binaya daxil olmuşdur. O, heç bir polis əməkdaşına nalayiq ifadə işlətməmiş və polisin qanuni tələblərini pozmamışdır. Təqsirli olmadığı üçün barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində İXM-in 510.1 və 535.1-ci maddələri ilə əməlində xəta tərkibi olmadığı üçün xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X7 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 14:35 radələrində Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Rəhman Həsənov ilə S.Civəzadə küçəsində olan zaman bir nəfər şəxsin telefonla uca səslə danışmasını, telefon danışığı zamanı nalayiq ifadələrdən istifadə etməsini görmüşdür. Onlar həmin şəxsə yaxınlaşaraq, ictimai yerdə nalayiq ifadə işlətməməsini bildirmişlər. Həmin şəxs onlara aqressiv reaksiya göstərərək ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Onlar həmin şəxsi Goranboy RPŞ-yə gətirərək RPŞnin rəhbərliyinə bu barədə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X3 iş üzrə digər şahid X4 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, o, ikinci Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ qazisidir. Cəsur döyüşçü və digər medallarla təltif edilmişdir. xx.xx.2026-cı il tarixdə saat təxminən 14:30 radələrində ailə üzvləri ilə birlikdə Goranboy şəhəri, S. Civəzadə küçəsində yaşayan qohumunun evinə gedərkən RPŞ-nin inzibati binasının yaxınlığında əvəllər tanımadığı bir nəfər şəxsin telefonla uca səslə danışmasını, telefon danışığı zamanı nalayiq ifadələr işlətməsini görmüş və həmin şəxsə söyüş söyməməsi üçün iradını bildirmişdir. İrad bildirməsinə baxmayaraq adını sonradan bildiyi Şəxs öz hərəkətlərinə davam etmişdir. Ailə üzvlərini qohumugilə qoyduqdan sonra, polis şöbəsinə yaxınlaşmış və orada ona məlum olmuşdur ki, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxslə bağlı şikayəti olduğunu bildirmiş və bununla əlaqədar izahatı alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçıları Rəhman Həsənov və Orxan Həziyev tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2026-cı tarixli raportdan görünür ki, xx.xx.2026cı il tarixdə saat 14:35 radələrində Goranboy şəhəri S.Civəzadə küçəsində, RPŞ-in inzibati binasının yaxınlığında bir nəfər şəxsin telefonla danışaraq ucadan səs-küy salmasını, ünvanlı və ünvnasız nalayiq ifadələr işlətməsini görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsi nizam-intizama dəvət edərək ictimai qaydanı pozmamasmı bildirsələr də, həmin şəxs polis əməkdaşlarına aqressiv reaksiya nümayiş etdirib qərəzli olaraq öz hərəkətlrini davam etdirdiyi üçün polis əməkdaşları həmin şəxsi Goranboy RPŞ-yə gətirmişlər. RPŞ-də həmin şəxsin Goranboy rayonu Gürzalılar kənd sakini Şəxs olması müəyyən olunmuşdur. Odur ki, Şəxs barəsində aidiyyəti üzrə tətbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” 24 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 14:40-da inzibati qaydada tutulmuşdur; Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri, özü etiraf etməsə də, inzibati xəta haqqında protokol, şahidin izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 24 fevral 2026-cı tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısında, ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək uca səslə danışmış, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs polisin hansı qanuni tələbini pozmasını, yəni onun tərəfindən qəsdən tabe olmamanın hansı hərəkətlərində özünü göstərməsi müəyyən olunmur. Yəni, məhkəməyə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı protokol əsasında Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs 24 fevral 2026-cı tarixdə, Goranboy RPŞ-nin inzibati binasının qarşısında polisin qanuni tələbinə tabe olmaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində polisin qanuni tələbinə tabe olmamasına dair inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 25 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokolun İXM-in 535.1-ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8.3-cü maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasınl nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 2 (iki) iş saatı üçün cəmi 22 (iyirmi iki ) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Əməlində İXM-in 535.1-ci maddəsinin inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş 25 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun İXM-in 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilsin. Həbsetmənin əvvəli 24 fevral 2026-cı il tarixdən, saat 14:40-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 2 (iki) iş saatı üçün cəmi 22 (iyirmi iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(5-122)-928/2026
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(5-122)-928/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver