Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-124/2026 17.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyeva Ləman Vidadi qızının katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Göyçay rayonu, Bığır kəndində qeydiyyat olan Şəxs (ş/v: AZE ********, FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-1689/2025 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 7476,23 manat əsas kredit borcu, 532,34 manat faiz borcu və 3,90 manat cərimə borcu olmaqla, ümumilikdə 8012,47 manat kredit borcu, habelə 100,12 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində xx.xx.2026-cı il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, maddi vəziyyətinin ağır olması səbəbindən məhkəmənin icra sənədindən irəli gələn tələblərini yerinə yetirə bilməmişdir. O, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olduğunu, lakin faktiki olaraq Bakı şəhərində yaşadığını, bu səbəbdən qeydiyyatda olduğu ünvana göndərilən məktubları əldə etmək imkanının olmadığını göstərmişdir. Həmçinin bildirmişdir ki, icra məmurunun tələbin könüllü icrası barədə bildirişi ilə xx.xx.2026-cı il tarixdə tanış olmuşdur. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, məhkəmənin icra sənədindən irəli gələn tələblərinin icra edilməsinin zəruriliyi barədə ona xəbərdarlıq olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2026-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Şəxs məhkəmənin icra vərəqəsi üzrə ümumi borcu 8112,59 manat təşkil edir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-1689/2025 nömrəli icra vərəqəsinə cavabdeh Şəxs 7476,23 manat əsas kredit borcu, 532,34 manat faiz borcu və 3,90 manat cərimə borcu olmaqla, ümumilikdə 8012,47 manat kredit borcu, habelə 100,12 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e-2(046)-1689/2025 nömrəli icra vərəqəsi əsasında icraata başlanılmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanunun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. xx.xx.2026-cı il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tələbin könüllü icrası barədə bildiriş tərtib edilmişdir. Həmin bildirişdə “qəbul etdim” qeydi və imza mövcud olsa da, bildirişin borclu Şəxs tərəfindən konkret hansı tarixdə qəbul edildiyini müəyyən etmək mümkün deyildir. Bundan əlavə, qeyd olunan bildirişin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə poçt rabitəsi vasitəsilə rəsmi qaydada təqdim edilməsini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, qeyd olunan bildirişdə “qəbul etdim” qeydini xx.xx.2026-cı il tarixdə şəxsən yazmışdır. O, həmçinin həmin bildirişin rəsmi qaydada onun ünvanına çatdırılmadığını göstərmişdir. Bundan əlavə, Şəxs tərəfindən Göyçay rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş xx.xx.2026-cı il tarixli izahatdan müəyyən olunur ki, o, həmin tarixdə şöbəyə dəvət olunaraq iş materialları və bildirişlə tanış edilmiş, bu barədə ondan izahat alınmış, daha sonra isə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. “SMS-bildiriş”in göndərilməsinə dair çıxarışdan görünür ki, 055 ***-**-** nömrəli mobil telefon nömrəsinə SMS-bildiriş göndərilmiş, lakin tranzaksiya İD xətası baş verdiyindən həmin SMS-bildiriş adresata çatmamışdır. İş materiallarında borclunun könüllü icra üçün müəyyən olunmuş müddətdən xəbərdar edildiyini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. İXM 528.1-ci maddə üzrə məsuliyyətin yaranması üçün icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi faktı mütləq qaydada sübuta yetirilməlidir. Göstərilən meyarların heç biri iş materialları ilə təsdiq olunmadığından borclunun qərəzli icradan yayınması müəyyən edilmir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, habelə inzibati materiallarda olan sənədləri və iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. İnzibati məsuliyyətə cəlb etmə prosesi qanunla müəyyən edilmiş prosessual qaydalara ciddi riayət olunmaqla həyata keçirilməlidir. Bildirişin rəsmi təqdim olunmaması bu qaydaların pozulması kimi qiymətləndirilir. Şəxsə könüllü icra müddəti barədə aydın və rəsmi məlumat verilmədən məsuliyyətə cəlb edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Belə ki, icra məmuru tərəfindən tərtib edilmiş tələbin könüllü icrası barədə bildiriş rəsmi qaydada borcluya təqdim edilməli olduğu halda, borclu həmin bildirişlə yalnız xx.xx.2026-cı il tarixdə rəsmi qaydada tanış olmuş və bu barədə yazılı izahat vermişdir. Borclu barəsində inzibati xəta haqqında protokol da məhz xx.xx.2026-cı il tarixdə tərtib edilərək məhkəməyə göndərilmişdir. Halbuki, borcluya bildirişlə rəsmi qaydada tanış olduqdan sonra icra sənədində göstərilən tələbləri könüllü icra etməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 (on) günlük müddət verilməli idi. Məhkəmə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs icra sənədinin tələblərini üzrsüz səbəbdən icra etməməsi faktı iş materialları ilə öz təsdiqini tapmadığı üçün Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 57, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)- 1689/2025 nömrəli icra vərəqəsinin icra edilməməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati icraata xitam verilsin Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-124/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-124/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver