Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-13/2026 13.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi Mehdiyeva Ləman Vidadi qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-222809 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-222809 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. X6 ərizəsində göstərmişdir ki, “Opel Astra” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinin idarə olunması üçün etibarnamə əvvəlcə X3, daha sonra isə ona verilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında sürücülük hüququ 6 ay müddətində məhdudlaşdırılmış və həmin tarixdən etibarən nəqliyyat vasitəsi idarə etməmişdir. xx.xx.2025-ci il tarixdə “Opel Astra” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilməsi faktı üzrə Baş X11 İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı üçün İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə EQ 30487303 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilməsi üçün Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(046)-683/2025 nömrəli qərarı əsasında şikayəti təmin edilmiş, xx.xx.2025-ci il tarixli, EQ 30487303 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati işə yenidən baxılması üçün qərarın surəti Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilmişdir. İnzibati xəta haqqında işə yenidən baxılarkən yol hərəkəti qayda pozuntusunun tam olaraq sübuta yetirildiyi, Baş X10 İdarəsinin mərkəzi informasiya sistemində nəqliyyat vasitəsinin onun istifadəsində olması və həmin dövr üçün nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müəyyən edilərək Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Şikayətçi ərizəsində göstərmişdir ki, “Opel Astra” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sonuncu etibarnamənin onun adına rəsmiləşdirilməsi səbəbindən törədilmiş inzibati xəta üzrə protokol və inzibati tənbeh haqqında qərar onun adına tərtib edilmişdir. Lakin xx.xx.2025-ci il tarixdə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 216.5-ci kilometrində qeyd olunan nəqliyyat vasitəsini faktiki olaraq X7 idarə etmiş və yol hərəkəti qaydalarının pozulması da məhz onun tərəfindən törədilmişdir. Bu səbəbdən də xx.xx.2025-ci il tarixli, 16/1-222809 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 teleqram vasitəsilə məhkəməyə müraciət edərək səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin səlahiyyətli nümayəndəsi isə məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlər: Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(046)-683/2025 nömrəli qərarına əsasən (hakim: İbrahim Fəttahov) X2 şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30487303 nömrəli inzibati xəta haqqında qərar ləğv olunmuş, məhkəmə qərarı ilə, xx.xx.2025-ci il tarixdə baş vermiş inzibati xəta ilə bağlı əlavə araşdırmanın aparılması və inzibati işə yenidən baxılması üçün qərarın surətinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilməsi müəyyən edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(046)-683/2025 nömrəli qərarından görünür ki, X7 məhkəmə iclasında iştirak edərək verdiyi izahatında xx.xx.2025-ci il tarixdə “Opel Astra” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini məhz özü idarə etdiyini bildirmişdir. AD № 952322 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Opel Astra” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. Nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamədən görünür ki, qeyd olunan nəqliyyat vasitəsi baş etibarnamə əsasında (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və digər hüquqi hərəkətləri həyata keçirmək səlahiyyətləri daxil olmaqla) X3 etibar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsindən daxil olmuş xx.xx.2025ci il tarixli, 16/1-222809 nömrəli inzibati xəta haqqında iş üzrə qərarda göstərilmişdir ki, inzibati xəta haqqında işə yenidən baxılarkən yol hərəkəti qaydalarının pozulması tam sübuta yetirilmiş, Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sistemində nəqliyyat vasitəsinin X2 istifadəsində olması müəyyən edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, həmin dövrdə onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığı təsdiqini tapdığından, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iş üzrə araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması məqsədilə “Opel Astra” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyini müəyyən etmək məqsədilə həmin tarixdə xüsusi texniki vasitələrin köməkliyi ilə tərtib edilərək xx.xx.2025-ci il tarixli, EQ 30487303 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb olmuş fotoşəkilin, eləcə də həmin tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 216.5-ci km-də quraşdırılmış digər təhlükəsizlik kameralarında qeydə alınmış foto və ya video görüntülərin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə xx.xx.2026-cı il tarixdə sorğu ilə müraciət etmişdir. xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli, EQ 30487303 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti və xüsusi texniki vasitələrin köməkliyi ilə çəkilmiş foto şəkillər əlavə edilərək məhkəməyə göndərilmişdir. Sorğuya cavab olaraq məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, EQ 30487303 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti və xüsusi texniki vasitələrin köməyi ilə əldə edilmiş foto materiallar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2025ci il tarixdə saat 12:17-də Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 216.5-ci kilometrində “Opel Astra” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş şəxsin kimliyini müəyyən etmək mümkün deyildir. Belə ki, elektron qərara əlavə edilmiş fotoşəkillərdə qeyd olunan nəqliyyat vasitəsinin ön hissəsi görünsə də, nəqliyyat vasitəsini faktiki olaraq idarə edən şəxsin kimliyini müəyyən etməyə imkan verən məlumatlar əks olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 şikayət ərizəsində və xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında verdiyi izahatında xx.xx.2025-ci il tarixdə “Opel Astra” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun tərəfindən deyil, X7 tərəfindən idarə edildiyini bildirmişdir. Məhkəmə iş üzrə materialları hərtərəfli və obyektiv şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam və mötəbər sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə yalnız etibarnamə faktına və informasiya sistemində qeydiyyata əsaslana bilməz, çünki bu hallar nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin kimliyini şübhəsiz müəyyən etmir. Təqdim olunmuş foto materiallar nəqliyyat vasitəsini idarə edən şəxsin identifikasiyasına imkan vermədiyindən, həmin sübutlar təqsirin müəyyən edilməsi üçün yetərli hesab edilə bilməz. İnzibati məsuliyyət nəqliyyat vasitəsinin mülkiyyət sənədlərinə və ya etibarnaməyə görə deyil, onun faktiki idarə edilməsinə əsaslanır. İnzibati hüquqda təqsirsizlik prezumpsiyası prinsipi tətbiq olunur və mötəbər sübutlarla aradan qaldırılmamış şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə şərh edilir. İnzibati məsuliyyətə cəlb etmə zamanı sübutetmə yükü səlahiyyətli orqanın üzərinə düşür. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin müəyyən edilməsi istiqamətində yetərli tədbirlər görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iş materiallarını və iş üzrə toplanmış sübutları hüquqi qiymətləndirərək belə qənaitə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-222809 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 3, 8, 12, 53.2, 76.1, 134.1.3 və 135.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-222809 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-13/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-13/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver