Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-161/2026 23.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi Məmmədova Fidan Şöhrət qızının katibliyi Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, zərərçəkmiş şəxsin nümayəndəsi (vəkili) Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs ( ş/v: AA******* / FİN xxxxxxx) Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən xx.xx.2026-cı il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Göyçay rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-6712 nömrəli icra qeydi əsasında hərrac yolu ilə realizə olunmuş, Göyçay rayonu, Kürdəmiş kəndi ərazisində yerləşən, ümumi sahəsi 2,1099 ha təşkil edən torpaq sahəsində quraşdırılmış müşahidə kamerasının elektrik təchizatını qəsdən dayandırmaq məqsədilə naqili cərəyan mənbəyindən ayırmış, habelə həmin əraziyə giriş qapısının üzərində quraşdırılmış qıfılı sındırmaqla əmlakın mülkiyyətçisinə maddi zərər vurmuşdur. Göstərilən hərəkətlər icra sənədinin icrası ilə bağlı qanuni tədbirlərin həyata keçirilməsinə maneçilik törədilməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilmiş, nəticə etibarilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız və həqiqi halları əks etdirməyən məlumatlara əsaslanır. O qeyd etmişdir ki, xx.xx.2026-cı il tarixdə icra hərəkətləri həyata keçirilərkən sözügedən torpaq sahəsində yerləşən əmlakın soyuducu anbar istisna olmaqla qalan hissəsi boşaldılmış və hərracın qalibi olmuş alıcı Zərərçəkmiş şəxs təhvil verilmişdir. Ərazidə quraşdırılmış müşahidə kamerası bilavasitə soyuducu anbarın istiqamətinə yönəldilmiş olduğundan, həmin anbarın təhlükəsizliyinə və saxlanılmasına məsul şəxs kimi kameranı müvəqqəti olaraq şəbəkədən ayırmışdır. Həmçinin, soyuducu anbarda oğurluq hallarının qarşısının alınması məqsədilə giriş qapısının qıfılını sındıraraq yenisi ilə əvəz etmişdir. O, icra məmurunun soyuducu anbarın qorunmasına dair məsuliyyətin onun üzərində olduğunu bildirdiyini əsas gətirərək, həmin dəyişiklikləri əvvəlcədən məlumat vermədən həyata keçirdiyini, lakin bu hərəkətlərində icra məmurunun qanuni tələblərinə qarşı çıxmaq və ya icra prosesinə mane olmaq niyyətinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahatında göstərmişdir ki, borclu Şəxs Göyçay rayonu, Kürdəmiş kəndi ərazisində yerləşən, ümumi sahəsi 2,1099 ha olan torpaq sahəsində fəaliyyət göstərən soyuducu anbarın yerləşdiyi ərazidə quraşdırılmış müşahidə kamerasının elektrik təchizatını şəbəkədən ayırmış, habelə giriş qapısının üzərində olan qıfılı sındıraraq yenisi ilə əvəz etmişdir. O, qeyd etmişdir ki, icra hərəkətləri zamanı həmin torpaq sahəsi boşaldılaraq hərracın qalibi olmuş alıcı Zərərçəkmiş şəxs müvafiq akt əsasında təhvil verilmiş, borcluya təhvil verilmiş əmlaka hər hansı müdaxilənin yolverilməz olduğu və belə hallara yol veriləcəyi təqdirdə inzibati məsuliyyət daşıyacağı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada xəbərdarlıq edildiyi bildirilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi, Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən əmlakın mühafizəsi məqsədilə quraşdırılmış qıfıllar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən qanunsuz olaraq sökülmüş, onların əvəzinə isə özünün əldə etdiyi yeni qıfıllar quraşdırılmışdır. Eyni zamanda, ərazidə quraşdırılmış müşahidə kamerasının elektrik təchizatı şəbəkədən ayrılmaqla onun fəaliyyəti dayandırılmışdır. Nümayəndə əlavə etmişdir ki, icra hərəkətləri zamanı torpaq sahəsinin sərhədləri müəyyən edilərək müvafiq qaydada rəsmiləşdirilmiş və sərhəd xətti fiziki olaraq məftil (tel) vasitəsilə ayrılmışdır. Lakin Şəxs müəyyən edilmiş sərhəd boyunca çəkilmiş məftilləri qəsdən qıraraq sökmüş, bununla da icra sənədinin icrası nəticəsində formalaşmış hüquqi vəziyyətə və müəyyən edilmiş sərhəd rejiminə müdaxilə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş materiallarına əlavə edilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 8İ-6712 nömrəli icra qeydinə əsasən ipoteka saxlayan – "xxxx" ASCnin tələbi ilə ipoteka qoyan Şəxs məxsus ipoteka predmeti olan Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən ümumi sahəsi 2.1099 ha olan torpaq sahəsinə tutma yönəldilməsi qərara alınmışdır. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və həmin tarixli bildirişdən görünür ki, Şəxs Göyçay rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-6712 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası barədə xəbərdar edilmişdir. Şəxs xx.xx.2026-cı il tarixli izahatında qeyd etmişdir ki, Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən ümumi sahəsi 2.1099 ha olan torpaq sahəsində quraşdırılmış müşahidə kamerası bilavasitə soyuducu anbarın istiqamətinə yönəldilmiş olduğundan tərəfindən müvəqqəti olaraq şəbəkədən ayrılmış, həmçinin soyuducu anbarda oğurluq hallarının qarşısının alınması məqsədilə giriş qapısının qıfılını sındıraraq yenisi ilə əvəz etmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması; tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi; icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını hərtərəfli, tam və obyektiv şəkildə araşdıraraq, inzibati xəta haqqında protokolun əsaslandığı sübutları qiymətləndirib, proses iştirakçılarının izahatlarını dinləyərək və təqdim olunmuş digər sübutları hüquqi baxımdan təhlil edərək belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən Göyçay rayonu, Kürdəmiş kəndi ərazisində yerləşən, ümumi sahəsi 2,1099 ha təşkil edən torpaq sahəsində quraşdırılmış müşahidə kamerasının elektrik təchizatı şəbəkədən ayrılmış, habelə giriş qapısının üzərində olan qıfıl sındırılaraq yenisi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün icra sənədində göstərilən tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya məhkəmə və ya digər dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun digər qanuni tələblərinin yerinə yetirilməməsi (qanuni tələblərə qəsdən tabe olmama) faktı müəyyən olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı iş materialları ilə icra məmuru tərəfindən Şəxs ünvanlanmış konkret qanuni tələbin (tələbin mahiyyəti, icra müddəti, icra edilməməsinə görə məsuliyyət barədə xəbərdarlıq və həmin tələbin şəxsin nəzərinə çatdırılması) mövcudluğu və həmin tələbin üzrsüz səbəbdən yerinə yetirilməməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsinə faktiki maneçilik törədilməsi etibarlı və mötəbər sübutlarla təsdiq edilməmişdir. İş materiallarından müəyyən olunur ki, icra məmuru tərəfindən Şəxs kameranın şəbəkədən ayrılmasının və ya qıfılın dəyişdirilməsinin qadağan edilməsi barədə ayrıca yazılı göstəriş və ya icrası məcburi olan konkret tələbin verilməsi sübuta yetirilməmişdir. Könüllü icra barədə bildiriş icra sənədində göstərilən əsas öhdəliyin yerinə yetirilməsinə aiddir və sonradan əmlaka müdaxilə edilməməsi ilə bağlı konkret davranış modelini müəyyən edən ayrıca və icrası məcburi göstəriş kimi qiymətləndirilə bilməz. Şəxs icradan yayınmaq, icra hərəkətlərinə qərəzli maneçilik törətmək və ya məhkəmə qərarının icrasını qeyri-mümkün etmək məqsədilə hərəkət etməsi məhkəmə araşdırması zamanı sübut olunmamışdır. İş materiallarından kameranın söndürülməsinin və qıfılın dəyişdirilməsinin icra hərəkətlərinin aparılmasını qeyri-mümkün etməsi və ya icranın gedişini faktiki olaraq dayandırması barədə nəticə çıxarmağa imkan verən sübutlar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyət repressiv xarakter daşıdığından, şəxsin təqsiri və inzibati xəta tərkibinin bütün elementləri sübut olunmadan məsuliyyət tətbiq edilə bilməz. Şübhələr inzibati məsuliyyətə cəlb edilən şəxsin xeyrinə şərh edilməlidir. Bu baxımdan, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi müəyyən olunmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən xitam verilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-161/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-161/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver