Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-178/2026 06.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs (ş/v: AZE ******** / FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə tərtib edilmiş 19 fevral 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: Göyçay Rayon İcra Hakimiyyətindən daxil olmuş 19 fevral 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs Göyçay rayonu, Cəyirli kəndində yerləşən, ümumi sahəsi 0.0377 ha olan torpaq sahəsində müvafiq icazə sənədləri olmadan fərdi yaşayış evi inşa etmişdir. Göstərilən hərəkət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1- 2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Göyçay rayonu, Cəyirli kəndində yerləşən ümumi sahəsi 0,0377 hektar olan torpaq sahəsini 2021-ci ilin yanvar ayında əldə etmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə 2021-ci ilin oktyabr ayında başlamış, tikinti materiallarının tükənməsi səbəbindən tikinti işlərini 2022-ci ilin yanvar ayında başa çatdırmışdır. Həmin vaxtdan etibarən qeyd olunan torpaq sahəsində hər hansı tikinti işləri aparmamışdır. Tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını göstərərək barəsində qəbul ediləcək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada lazımi qaydada bildiriş göndərilmişdir. Lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi işin obyektiv, hərtərəfli və tam araşdırılmasına maneə yaratmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: 19 fevral 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs Göyçay rayonu, Cəyirli kəndində yerləşən, ümumi sahəsi 0,0377 hektar olan torpaq sahəsində müvafiq icazə sənədləri almadan fərdi yaşayış evi inşa etmişdir. Şəxs xx.xx.2026-cı il tarixli izahatından müəyyən edilir ki, o, Göyçay rayonu, Cəyirli kəndində yerləşən torpaq sahəsində 2021-ci ildə müvafiq icazə sənədlərinin alınmasının zəruri olduğunu bilmədən fərdi yaşayış evinin tikintisinə başlamış və həmin yaşayış evinin tikinti işləri tam başa çatdırılmamışdır. 26 yanvar 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı X2 tam mülkiyyət hüququ ilə özünə məxsus olan Göyçay rayonu, Cəyirli kəndində yerləşən, ümumi sahəsi 0,0377 hektar olan torpaq sahəsini alıcı Şəxs satmış və həmin torpaq sahəsi alıcının mülkiyyətinə verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 395.1-2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranır. Məcəlləyə edilmiş dəyişiklik və əlavələrin siyahısından görünür ki, 395.1-2-ci maddə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə 30 may 2023-cü il tarixli 890- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda əlavə edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və təqdim olunmuş yazılı sübutları araşdıraraq belə qənaətə gəlir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə başlanmış inzibati icraat davam etdirilə bilməz və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 19 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Göyçay rayonu, Cəyirli kəndində yerləşən, ümumi sahəsi 0,0377 hektar olan torpaq sahəsində müvafiq icazə sənədləri olmadan fərdi yaşayış evi inşa etməsi istinad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həm inzibati xəta haqqında protokolda verdiyi izahatdan, həm də məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, həmin torpaq sahəsi onun mülkiyyətinə 2021-ci ilin yanvar ayında keçmiş, fərdi yaşayış evinin tikintisinə isə 2021-ci ilin oktyabr ayında başlanmışdır. Onun izahatına görə tikinti materiallarının tükənməsi səbəbindən tikinti işləri 2022-ci ilin yanvar ayında dayandırılmış və həmin vaxtdan sonra qeyd olunan torpaq sahəsində hər hansı tikinti işləri aparılmamışdır. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən də müəyyən edilir ki, satıcı X1 rayonu, Cəyirli kəndində yerləşən, ümumi sahəsi 0,0377 hektar olan torpaq sahəsini alıcı Şəxs satmış və həmin torpaq sahəsi alıcının mülkiyyətinə verilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, protokolda istinad edilən tikinti fəaliyyəti 2023-cü ildən əvvəl başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə başlanılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati məsuliyyət yalnız bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə tətbiq edilir. Məcəlləyə edilmiş dəyişikliklərdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi 30 may 2023-cü il tarixli 890-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Məcəlləyə əlavə edilmişdir. Beləliklə, qanunverici həmin normanın tətbiq dairəsini zaman baxımından məhdudlaşdıraraq yalnız həmin norma qüvvəyə mindikdən sonra başlanmış tikintilərə münasibətdə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 11.3-cü maddəsinə əsasən isə inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, inzibati məsuliyyət müəyyən edən norma yalnız qüvvəyə mindikdən sonra törədilmiş əməllərə tətbiq edilə bilər. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tikinti işlərinə 2021-ci ildə başlanılmış və ən geci 2022-ci ilin yanvar ayında dayandırılmışdır. Deməli, protokolda göstərilən tikinti fəaliyyəti İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi qüvvəyə minməmişdən əvvəl baş vermişdir. Məhkəmə həmçinin nəzərə alır ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən tikintiyə 30 may 2023-cü il tarixindən sonra başlanıldığını və ya həmin tarixdən sonra da davam etdirildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinin tələblərinə əsasən şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikdə o, təqsirsiz hesab edilir və onun təqsirli olması barədə aradan qaldırılmamış şübhələr həmin şəxsin xeyrinə həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığından inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-178/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-178/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver