Məhkəmə qərarları › İş №3(5-123)-182/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-182/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-182/2026 27.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi (vəkil) Vəkil iştirakı ilə xx.xx.1987-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Göyçay rayonu, Ləkçıplaq kəndində qeydiyyat olmaqla yaşayan Şəxs (ş/v: AA*******, FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-534/2020 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində xx.xx.2026-cı il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edərək izahatında göstərmişdir ki, o, xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs ilə nikaha daxil olmuş, həmin nikahdan bir övladları – xx.xx.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. O, qətnamə (icra vərəqəsi) üzrə müəyyən edilmiş alimenti 2023-cü ilədək hər ay 130 (bir yüz otuz) manat məbləğində vaxtında ödədiyini bildirmişdir. O, əlavə etmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə yenidən nikaha daxil olmuş, həmin nikahdan da bir övladları – xx.xx.2023-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Onun sözlərinə görə, 2024-cü ilin fevral ayının əvvəlində Zərərçəkmiş şəxs birgə yaşayışı dayandıraraq valideynlərinin yaşayış ünvanına köçmüş, bundan sonra nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və alimentlə bağlı tələb irəli sürmüşdür. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında iştirak edərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-534/2020 saylı icra vərəqəsi üzrə müəyyən edilmiş aliment öhdəliyini icra etmədiyini bildirmişdir. İcra məmuru izahatında həmçinin qeyd etmişdir ki, Zərərçəkmiş şəxs tərəflərin xx.xx.2023-cü il tarixdə yenidən nikaha daxil olduqları vaxtdan etibarən hazırkı tarixədək hesablanmış aliment borcunun ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında çıxış edərək göstərmişdir ki, Kərimov X1 şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-534/2020 saylı icra vərəqəsinə əsasən müəyyən edilmiş aliment öhdəliyini 2023-cü ilədək hər ay 130 manat məbləğində Zərərçəkmiş şəxs xeyrinə ödəmişdir. Müdafiəçi bildirmişdir ki, tərəflər xx.xx.2023-cü il tarixdə yenidən nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Nikahın bərpasından sonra tərəflər birgə yaşamış, həmin müddət ərzində Şəxs ailəsinin maddi və məişət qayğılarını təmin etmişdir. Onun sözlərinə görə, 2026-cı ilin fevral ayının əvvəlində Zərərçəkmiş şəxs birgə yaşayışı dayandıraraq atasının yaşayış ünvanına köçmüş və yenidən nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2026-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Şəxs məhkəmənin icra vərəqəsi üzrə ümumi borcu 4154 manat təşkil edir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-534/2020 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-534/2020 nömrəli icra vərəqəsi əsasında icraata başlanılmış, qərarın surəti bildirişlə birlikdə borclu Şəxs qeydiyyatda olduğu yaşayış ünvanına göndərilmişdir. xx.xx.2020–xx.xx.2024-cü illər üzrə "xxxx" ASC-dən əldə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin dövr ərzində Şirinova (nikahdan öncəki soyad) Aysel İbad qızının kart hesabına aliment öhdəliyinin icrası məqsədilə ümumilikdə 5336,48 (beş min üç yüz otuz altı manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Nikah haqqında şəhadətnaməyə əsasən, Şəxs ilə X6 xx.xx.2023-cü il tarixdə Göyçay rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmaqla nikaha daxil olmuşlar. Doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə X5 doğulmuşdur. Nikahın pozulması haqqında iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Göyçay Rayon Məhkəməsinə müraciət edərək Şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 23 nömrəli nikah qeydinin pozulmasını xahiş etmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati xəta haqqında iş materialına əlavə edilmiş sənədləri nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-534/2020 saylı qətnaməsi ilə Zərərçəkmiş şəxs ilə Şəxs arasında Göyçay rayon qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə bağlanmış, 236 nömrə ilə qeydiyyata alınmış nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən, Şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2020–xx.xx.2024-cü illər üzrə Kapital Bank ASC-dən əldə edilmiş ödəniş kartı üzrə çıxarışa əsasən müəyyən edilir ki, Şəxs göstərilən dövr ərzində aliment öhdəliyini yerinə yetirmiş və həmin müddət üzrə aliment borcu yaranmamışdır. Həmçinin müəyyən edilmişdir ki, Şəxs ilə Şirinova (nikahdan əvvəlki soyadı) Aysel İbad qızı xx.xx.2023-cü il tarixdə yenidən nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından və iş materiallarından görünür ki, tərəflər yenidən nikaha daxil olduqdan sonra birgə yaşamış, həmin müddətdə Şəxs ailənin və azyaşlı uşağın maddi təminatını həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, aliment məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün müəyyən edilmiş pul öhdəliyidir və onun məqsədi uşağın normal inkişafının və təminatının təmin edilməsidir. Tərəflərin yenidən nikaha daxil olaraq birgə yaşamaları və uşağın faktiki olaraq valideynləri tərəfindən birgə saxlanılması həmin dövrdə aliment öhdəliyinin mahiyyətinə və məqsədinə hüquqi qiymət verilməsini zəruri edir. Birgə yaşayış dövründə uşağın faktiki təminatı həyata keçirildiyindən, həmin müddət üzrə aliment öhdəliyinin icra edilməməsi qəsdli yayınma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Aliment öhdəliyi uşağın saxlanılmasının təmin olunması məqsədi daşıyır. Tərəflərin yenidən nikaha daxil olaraq birgə yaşamaları və uşağın faktiki olaraq valideynlərin birgə təminatında olması həmin dövrdə aliment öhdəliyinin formal icra edilməməsini uşağın təminatsız qalması kimi qiymətləndirməyə əsas vermir. İnzibati məsuliyyətin yaranması üçün yalnız formal icra edilməməsi deyil, həmçinin təqsirin mövcudluğu sübuta yetirilməlidir. İş materialları ilə müəyyən edilir ki, uşağın faktiki saxlanılması təmin edilmiş, aliment ödənişləri bank çıxarışı ilə təsdiq edilmiş və borc qalığı formalaşmamışdır. Bu səbəbdən inzibati xəta tərkibinin subyektiv və obyektiv əlamətləri mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)- 534/2020 nömrəli icra vərəqəsinin icra edilməməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati icraata xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar