Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-183/2026 27.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (şəxsiyyət vəsiqəsi: AA*******, FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Göyçay Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən xx.xx.2026-cı il tarixdə tərtib edilmiş MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Eminov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-2186/2023 nömrəli icra vərəqəsi ilə müəyyən edilmiş 737 manat məbləğində borcu üzrsüz səbəbdən ödəmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edərək izahatında göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-yə ümumilikdə 887 manat borcu olmuşdur. O, 2024-cü ildə həmin məbləğin 150 manatını ödədiyini, lakin maddi imkansızlıq səbəbindən sonrakı dövrdə hər hansı ödəniş edə bilmədiyini bildirmişdir. Eyni zamanda, hazırda 200 manat məbləğində ödəniş etmək imkanının olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs təmsil etdiyi şirkət qarşısında ümumilikdə 887 manat məbləğində borcu olmuş, həmin borcun 150 manatı 2024-cü il tarixdə ödənilmiş, lakin həmin tarixdən sonra borclu ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bu səbəbdən, qalan borcun tam ödənilməsini və Şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 izahatında göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs "xxxx" MMC-yə ümumilikdə 887 manat borcu olmuşdur. O, həmin məbləğin 2024-cü ildə 150 manatının ödənildiyini, lakin qalan hissəsinin bu günədək ödənilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-2186/2023 nömrəli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 404,4 (dörd yüz dörd manat 40 qəpik) manat ödənilməmiş əsas borc və 60,6 (altmış manat 60 qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 340,9 (üç yüz qırx manat 90 qəpik) manat ödənilməmiş əsas borc və 51,1 (əlli bir manat 10 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 857 (səkkiz yüz əlli yeddi) manat, habelə dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərardan və həmin tarixdə borcluya göndərilmiş bildirişdən görünür ki, Eminov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-2186/2023 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü qaydada icrası üçün xəbərdar edilmişdir. xx.xx.2026-cı il tarixli qərardan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tərlan Əhmədzadə tərəfindən axtarış elan edilmiş və qərar icra edilməsi üçün Göyçay RPŞ-nə göndərilmişdir. Şəxs tərəfindən Göyçay Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş xx.xx.2026cı il tarixli izahatda göstərilmişdir ki, hazırda onun "xxxx" MMC-yə 737 manat məbləğində borcu vardır və maddi imkansızlıq səbəbindən həmin məbləği ödəyə bilmir. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları qiymətləndirərək hesab edir ki, Eminov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-2186/2023 nömrəli icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, Şəxs adına elektron sistemdə hər hansı əmək müqaviləsi, pensiya, təqaüd və ya digər gəlir mənbəyi barədə məlumat mövcud deyildir. Həmçinin onun adına hər hansı daşınar və ya daşınmaz əmlak qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hazırkı iş üzrə Şəxs məhkəmə prosesinə qədər sözügedən icra sənədi üzrə ödənilməli olan borc məbləğindən heç bir ödəniş etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları və inzibati materiallarda olan digər sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən yerinə yetirməmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-2186/2023 nömrəli icra sənədinin icrasını təmin etməmişdir. Belə ki, icra sənədi üzrə ümumi borc 887 manat təşkil etmiş, həmin məbləğin 150 manatı ödənildiyindən qalıq borc 737 manat olmuşdur və inzibati protokol da məhz həmin qalıq məbləğ üzrə tərtib edilmişdir. Məhkəmə hesab edir ki, borclunun maddi imkansızlıq barədə istinadları sənədlərlə təsdiq edilməmiş, eyni zamanda uzun müddət ərzində borcun qismən ödənilməsi üçün real təşəbbüs göstərilməmişdir. Bu səbəbdən həmin hal üzrlü səbəb kimi qiymətləndirilə bilməz. İcra məmuru tərəfindən borcluya könüllü icra üçün müddət verilməsi, axtarış elan edilməsi və digər tədbirlərin görülməsi göstərir ki, məhkəmə aktının icrasını təmin etmək üçün qanuni vasitələrdən istifadə olunmuş, lakin nəticə əldə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 30-cu maddəsinə əsasən, inzibati həbs yalnız müstəsna hallarda tətbiq edilir. Həmin maddənin ikinci hissəsinə görə müəyyən kateqoriyadan olan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Şəxs hər hansı əlilliyinin olmadığını bildirmiş, iş materiallarında da onun barəsində inzibati həbsin tətbiqini istisna edən hallar aşkar edilməmişdir. Eyni zamanda “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən onun adına rəsmi gəlir və ya əmlak qeydə alınmamışdır. Bu hal borclunun uzun müddət icra sənədini yerinə yetirməməsi ilə birlikdə qiymətləndirildikdə, inzibati cərimə tətbiq edilməsinin real icra təminatı yaratmayacağı qənaətinə gəlməyə əsas verir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə sübuta yetirildiyindən və alternativ tənbeh növünün məqsədəuyğun olmadığı nəzərə alınaraq, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi zəruri hesab edilir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə yalnız yuxarı hədd müəyyən edildikdə tətbiq edilən inzibati tənbeh həmin yuxarı həddin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 30, 31, 43, 114, 115 və 128-130-cü maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2026-cı il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Göyçay Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-183/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-183/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver