Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-189/2026 02.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.2005-ci ildə Göyçay rayonu, Qızılağac kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Göyçay rayonu, Qızılağac kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokola görə o,“Tik-Tok” sosial şəbəkəsində şəxsi münasibətlər zəminində özünü mobil telefon vasitəsilə video görüntüsünü çəkərək informasiya ehtiyatında «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın, yəni Göyçay rayon İcra Hakimiyyətinin yolların düzəldilməsi ilə bağlı paylaşılan videonun rəy bölməsində Qızılağac kəndinin də düzəldilməsi ilə bağlı narazılığını bildirmiş, ayrı-ayrı vaxtlarda “Tik- Tok” sosial şəbəkəsində tanımadığı şəxslər barəsində də nalayiq məlumatlar işlədərək böhtan xarakteri daşıyan məlumatların yerləşdirilməsinə yol vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, “Tik-tok” sosial şəbəkəsində “DR.Qadir Veterinary” və Network_Marketing adlı profillər işlədir. Network_Marketing adlı profilini uzun müddətdir ki, istifadə etmir. Həmin səhifədə məhsul reklam edib satış ilə məşğul olurdu. Hal-hazırda əsas istifadə etdiyi səhifəsi “DR.Qadir Veterinary” səhifəsidir. Sosial şəbəkədə Göyçay Rayon İcra Hakimiyyətinin yolların düzəldilməsi ilə bağlı paylaşılan videoda Göyçay rayonu Qızılağac kəndinin yollarının düzəldilməsi ilə bağlı narazılığını bildirmişdir. Lakin təhqir xarakterli sözləri bir il bundan əvvəl yazmışdır,tanımadığı şəxslər barəsində.Onları tanımır.Polis bölməsinə onu çağırıb telefonun alıb səhifəsini yoxlayıblar.Əgər şikayət vardırsa onda niyə bir il bundan əvvəl araşdırma aparılmamışdır. Uzun müddət keçdikdən sonra protokol tərtib olunmuşdur.Bildirir ki, tanımadığı şəxs onu söydüyü üçün oda həmin şəxsi söymüşdür. Əməlindən peşmandır. İşə əlavə edilmiş 11 fevral 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barəsində cinayət işi başlanılması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinin tərkib əlamətləri vardır. Buna görə də Şəxs barəsində inzibati tədbir görülməsi məsələsinə baxılması məqsədilə qərarın surəti aidiyyatı üzrə Göyçay rayon polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. «İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 13-2.3.9-cu maddəsinə görə internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiyatelekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar. Göründüyü kimi informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən yayılması qadağan edilən (təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatların) informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xətanın tərkibini yaradır. Böhtan xarakteri daşıyan məlumatlar dedikdə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan, doğru olmayan məlumatların yayılması deməkdir. Təhqir xarakteri daşıyan məlumatlar dedikdə isə şəxsiyyətin şərəf və ləyaqətini qəsdən alçaltma deməkdir. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, «Göyçayda yollar təmir olundu» başlıqlı yazının altında şərh bölməsində Şəxs “Tik-tok” sosial şəbəkəsində istifadə etdiyi “DR.Qadir Veterinary” adlı səhifədə «Gəlsin qızılağac kəndində düzəltsin» yazısını paylaşmışdır. Paylaşım 4 gün əvvəl edilmişdir. Göründüyü kimi «Gəlsin qızılağac kəndində düzəltsin» nə təhqir xarakteri,nədə ki,böhtan xarakteri daşıyan ifadədir.Bunun əksini təsdiq edən istənilən sübutu inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs inzibati xəta haqqında protokola əlavə etməmişdir. Belə olan halda hesab edirəm ki, «Göyçayda yollar təmir olundu» başlıqlı yazının altında şərh bölməsində Şəxs tərəfindən “Tik-tok” sosial şəbəkəsində istifadə etdiyi “DR.Qadir Veterinary” adlı səhifədə «Gəlsin qızılağac kəndində düzəltsin» yazısı «İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 13-2.3.9-cu maddəsinə görə yayılması qadağan edilən informasiya sayılmadığından bu hissədə əməldə inzibati xəta tərkibi olmadığına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki,»Gündüz vaxtı yeməy yeyənin yeməy bişirənlərinə vurum» başlıqlı yazının altında şərh bölməsində Şəxs “Tik-tok” sosial şəbəkəsində istifadə etdiyi “DR.Qadir Veterinary” adlı səhifədə «Var yoxu …………» yazısını paylaşmış,paylaşma tarixi xx.xx.2025-ci il qeyd edilmişdir.İnsan fotoşəkilin altında şərh bölməsində Şəxs “Tik-tok” sosial şəbəkəsində istifadə etdiyi “DR.Qadir Veterinary” adlı səhifədə «Anun otağından çıxıram» yazısını paylaşmış,paylaşım tarixi xx.xx.2025-ci il qeyd edilmişdir.İnsan fotoşəkilin altında şərh bölməsində «Anun içina ses salım sesin eşitməmiş» yazısını paylaşmış,paylaşım tarixi xx.xx.2025-ci il qeyd edilmişdir.»Videonu beyenmiyen otlan Balkonunan lüt qaçım» başlıqlı yazının altında şərh bölməsində «Bacum içine ses salim» yazısını paylaşmış,paylaşım tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. Daha sonra paylaşım bölməsində «Anun içine ses saliram eşitmisen bayaqdan» yazısını paylaşmış,paylaşım tarixi xx.xx.2025-ci il qeyd edilmişdir.»Network marketinq» adlı səhifədə «Lişni varyox ……» yazısını paylaşmış,paylaşım tarixi xx.xx.2025-ci il qeyd edilmişdir.»Anavıznan çimim» başlıqlı yazının altında şərh bölməsində “DR.Qadir Veterinary” adlı səhifədə «Anun ototağıa gidim» yazısını paylaşmış,paylaşım tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. Göründüyü kimi qalan hissədə olan paylaşımlar xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2025-ci, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci ilə təsadüf edir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 fevral 2026-cı il tarixli qərar həm Göyçay rayon İcra Hakimiyyəti barəsində,həm də müxtəlif şəxslər barəsində xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2025-ci il tarixədək olan paylaşımlarla əlaqədar qəbul edilməsinə və belə olan halda İXM-in 38.3-cü maddəsinin qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək inzibati tənbeh verilə bilər tələbinin olmasına baxmayaraq ,hesab edirəm ki,Göyçay rayon İcra Hakimiyyəti və xx.xx.2025-ci il tarixli paylaşımlarda əməldə inzibati xəta tərkibi olmadığına görə bu hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, xx.xx.2025-ci il,xx.xx.2025-ci, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025ci il tarixli paylaşımlara gəldikdə isə həmin tarixlərdə törədilmiş əməl uzanan inzibati xəta olmadığından,habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qaçıb gizlənmədiyindən və bu səbəbdən müddətin axımı dayanmadığından,müddətin axımı həmin tarixlərdən hesablandıqda dörd aylıq müddət keçmiş hesab olunmalı,ona görə də bu hissədə müddətin keçməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci və 53.1.6-cı maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda,inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tərkibi olmadığından və müddətin keçməsi ilə əlaqədar barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(5-123)-189/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-189/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver