Məhkəmə qərarları › İş №3(5-123)-267/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-267/2026

29.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Göyçay rayonu İş № 3(5-123)-267/2026 29.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSI Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi Göyçay Rayon Polis Şöbəsinin R X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ##.##.1992-ci il tarixdə Göyçay rayonu, Mallı- Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayonu, Mallı-Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və onlara əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda, “VAZ 21043” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanı etiraf edərək izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixdə “VAZ 21043” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş, sonradan polis əməkdaşları ilə birlikdə Mingəçevir şəhər Narkoloji Dispanserinə aparılmış və orada keçirilmiş tibbi müayinənin nəticəsinə əsasən qanında narkotik vasitə — marixuana aşkar edilmişdir. Törətdiyi əməldən peşman olduğunu və bir daha belə əməli törətməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji Dispanseri tərəfindən təqdim olunmuş ##.##.2026-cı il tarixli, *** nömrəli sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə aparılmış tibbi müayinə aktından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitə — marixuana qəbul etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 30-cu maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin maddənin 2-ci bəndinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmə hesab edir ki, iş materiallarında olan inzibati xəta haqqında protokol, tibbi müayinə aktı, habelə barəsində inzibati icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi etirafedici izahatlar bir-biri ilə uzlaşmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməli tam sübuta yetirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə uyğun olaraq, qeyd olunan sənədlər və izahatlar iş üzrə sübut kimi qəbul edilir və həmin sübutlar məhkəmə tərəfindən 84.1-ci maddənin tələblərinə əsasən hərtərəfli, tam və obyektiv qiymətləndirilmişdir. Məhkəmə müəyyən edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda, narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməli hüquqazidd olmaqla yanaşı, təqsirli xarakter daşıyır və İXM-in 12-ci maddəsinin dispozisiyasına uyğun olaraq inzibati xəta tərkibini təşkil edir. İnzibati tənbeh növü və həddi müəyyən edilərkən məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsin şəxsiyyətini, onun əməlini etiraf etməsini və peşmanlıq bildirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı, qeyd edilən inzibati xəta nəqliyyat təhlükəsizliyi sahəsində ciddi ictimai təhlükə yaratdığından və narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsinin idarə olunması ağır nəticələrə səbəb ola biləcək hüquq pozuntusu olduğundan, məhkəmə inzibati tənbehin məqsədlərinə nail olmaq, yeni hüquq pozuntularının qarşısını almaq və ictimai təhlükəsizliyin təmin edilməsi baxımından daha sərt tədbirin tətbiq edilməsini zəruri hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 334-1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunması üçün qanuni əsaslar mövcuddur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli ##.##.2026-cı il tarixdə saat 11:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar