Məhkəmə qərarları › İş №3(5-123)-47/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-47/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-47/2026 26.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, Göyçay Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsn və nümayəndəsi (vəkili) X4 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Samar vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayonu, Yalman kəndində qeydiyyatda olmaqla yaşayan (Ş/V: AA******* / FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Göyçay RPŞ-dən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14 radələrində Göyçay rayonu, Cəyirli kəndi ərazisində marixuana narkotik vasitəsini istifadə etməsi səbəbilə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə iclasında iştirak edən Şəxs törətdiyi inzibati xətanı etiraf etmiş və izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Göyçay rayonu, Cəyirli kəndində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərinə baxış keçirmişlər, lakin hər hansı hüquqpozma predmeti aşkar edilməmişdir. Daha sonra o polis əməkdaşları ilə birlikdə Mingəçevir Şəhər Narkoloji Dispanserində getmiş və orada keçirilmiş analizin nəticəsində qanında narkotik vasitə marixuana aşkar edilmişdir. İzahatında bildirmişdir ki, sonuncu dəfə Yeni il bayramında narkotik vasitə marixuanadan istifadə etmişdir. Törətdiyi əməldən peşmandır və bir daha həmin əməli törətməyəcəyini bildirmişdir. İnzibati xəta törətmiş şəxsin müdafiəçisi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkumluğu yoxdur və bu səbəbdən də yüngül inzibati inzibati tənbeh tədbirinin tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli, 116 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitə marixuanadan istifadə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin xx.xx.2026-cı il tarixli, 90 №-li rəyinə əsasən Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. xx.xx.2026-cı il tarixli, AZA № 029892 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 20:00-da Göyçay RPŞ-nin İTBnin sahə rəisi, polis leytenantı X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə inzibari qaydada tutulmuş və xx.xx.2026-cı il tarixdə saat 17:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 30-cu maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin maddənin 2-ci bəndinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin müdafiəçi X5 iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 saat vaxt sərf etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati qaydada tutulduğu 1 (bir) gün müddət inzibati həbs müddətindən çıxılsın. Həbsin əvvəli xx.xx.2026-cı il tarixdə saat 12:10-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay Rayon Polis Şöbəsinə həvalə edilsin. X1 tərəfindən göstərilmiş 1 (bir) saat hüquqi yardıma görə hesablanmış 11 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. (Azərbaycan Respublikası Beynəlxalq Bankı Göyçay filialı, bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X) (AZ83İBAZ******************** (VÖEN **********) Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar