Məhkəmə qərarları › İş №3(5-123)-5/2026

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-5/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-5/2026 19.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: "xxxx" Fermer Təsərrüfatı MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, X5 tərəfindən tərtib edilmiş 18 dekabr 2025-ci il tarixli, 01400- 10295/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Göyçay rayonu, Kürdəmis kəndində qeydiyyatda olan "xxxx" Fermer Təsərrüfatı MMC-nin (VÖEN: **********) 2025-ci ilin fevral ayı ərzində **********2065 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 39490,00 manat dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq "xxxx" Fermer Təsərrüfatı MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli 3-33-1700/2- 002786/2025 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar "xxxx" Fermer Təsərrüfatı MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, "xxxx" Fermer Təsərrüfatı MMC-nin xx.xx.2004-cü il tarixində ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının Göyçay rayonu, Kürdəmiş kəndi olduğu və rəhbərinin X8 oqlu olduğu məlum olmuşdur. İş üzrə xx.xx.2025-ci il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2025-ci ilin fevral avında **********2065 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 1134,10 ABS dolları (1927.97 manat) məbləğində vəsait "xxxx" Fermer Təsərrüfatı MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Bundan sonra, "xxxx" Fermer Təsərrüfatı MMC-nin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli, 3-33-1700/2-004782/2025 saylı dəvət məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan. **********2065 sorğu nömrəli gömrük bəyannaməsi üzrə qaytarılmalı olan ümumilikdə 1134.10 ABŞ dolları (1927,97 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə 18 dekabr 2025-ci il tarixdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. Lakin şirkətin heç bir nümayəndəsi Xaçmaz Gömrük İdarəsinə gəlməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən 31 yanvar 2025-ci il tarixli, **********2065 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsindən keçirilərək konsiqnasiya yolu ilə ixrac olunmuş ümumilikdə 23229,41 ABŞ dolları (39490,00 manat) dəyərində yükün müqabilində 22095,31 ABŞ dolları (37562,03 manat) məbləğində vəsaitin "xxxx" Fermer Təsərrüfatı MMC-nin müvəkkil bank hesabına köçürülməsi təmin olunmuş, lakin 1134,10 ABŞ dolları (1927,97 manat) məbləğində vəsait isə MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən 31 yanvar 2025-ci il tarixli, **********2065 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 1134.10 ABŞ dolları, milli valyuta ilə 1927,97 (min doqquz yüz iyirmi yeddi manat, doxsan yeddi qəpik) valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli, 3-33-1700/013/007293 saylı raportla və 31 yanvar 2025-ci il tarixli, **********2065 sorğu nömrəli gömrük bəyannaməsi ilə və iş üzrə materialda olan digər sənədlər ilə təsdiq edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Fermer Təsərrüfatı MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, "xxxx" Fermer Təsərrüfatı MMCnin direktoru X3 ilə əlaqədar olaraq xx.xx.2026-cı il tarixinədək müalicə aldığı üçün iştirak edə bilməyəcəyini, məhkəmə iclasının növbəti həftəyə xx.xx.2026-cı il tarixinə təyin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Fermer Təsərrüfatı MMCnin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, Xaçmaz Gömrük İdarəsində "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün aparılan araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminə baxış keçirərək "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********2065 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş malların müqabilində qaytarılmalı olan 1134.10 ABŞ dolları (1927.97) manat məbləğində vəsaitin "xxxx" Fermer Təsərrüfatı MMC-in müvəkkili bankda olan hesabına köçürülmədiyi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, "xxxx" Fermer Təsərrüfatı MMC 2025-ci ilin fevral ayında **********2065 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 1927.97 manat (1134.10 ABŞ dolları) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-1700/2-004782/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən "xxxx" Fermer Təsərrüfatı MMC-yə 2025-ci ilin fevral ayı ərzində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********2065 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyiniz yüklərin müqabilində Azərbaycan Respublikasında müvəkkil olunmuş bankda olan hesabınıza məcburi qaydada köçürülməli olan, ümumilikdə 1927,97 manat (1134,10 ABŞ dolları) məbləğində xarici valyuta vəsaitinin xaricdən qaytarılmaması faktı ilə bağlı “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Xaçmaz gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində 01400-10295/25 nömrəli inzibati xəta haqqında iş üzrə aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə xx.xx.2025-ci il tarixində, saat 12:00-da Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-1700/2-004947/2025 saylı məktubundan görünür ki, Xaçmaz Gömrük İdarəsində aparılan inzibati xəta haqqında 01400-10295/25 saylı işə ünvan 2 ünvanında xx.xx.2025-ci il tarixdə saat 10:00-da baxılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən 2025-ci ilin fevral ayı ərzində Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan **********2065 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1927,97 manat (1134,10 ABŞ dolları) məbləğində vəsaitin "xxxx" Fermer Təsərrüfatı MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" Fermer Təsərrüfatı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-nin 483-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə "xxxx" Fermer Təsərrüfatı MMC inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında "xxxx" Fermer Təsərrüfatı MMCnin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə "xxxx" Fermer Təsərrüfatı MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 (otuz) faizi məbləğində cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: "xxxx" Fermer Təsərrüfatı MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan 1134.10 ABŞ dollarının 30 (otuz) faizi məbləğində, yəni 340.23 ABŞ dolları məbləğində məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə manatla hesablanaraq cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar