Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(5-123)-56/2026 05.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Göyçay rayonuda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Göyçay rayonu, Xəlitli kəndində qeydiyyatda olmaqla yaşayan (ş/v AA******* / FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 15:00-da özünə məxsus bir baş xırdabuynuzlu qoyun heyvanını nəzarət olmadan Göyçay-Ucar yolunun Xəlitli kənd ərazisində keçən hissəsində asfalt örtüklü yola buraxmış və bu zaman həmin yolla hərəkət edən “Nissan X-Trail” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Nissan X-Trail” markalı, **-GR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə Göyçay-Ucar yolunun Xəlitli kənd ərazisində keçən hissədə yol-nəqliyyat hadisəsi başvermiş və nəticədə nəqliyyat vasitəsi zədələnmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 15 radələrində özünə məxsus xırdabuynuzlu heyvanları otarmaq üçün örüş sahəsinə apararkən heyvanlardan biri arxada qalaraq Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində yolun sağ hissəsinin asfalt ortüklü yola çıxmış və nəticədə həmin yolla hərəkət edən “Nissan X-Trail” markalı, **-GR- *** dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulmuşdur. O hadisə nəticəsində bir baş qoyunun tələf olduğunu və bu səbəbdən də ona dəymiş maddi zərərin ödənilməsini “Nissan X- Trail” markalı nəqliyyat vasitəsinin sürücüsündən tələb etmişdir. “Nissan X-Trail” markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Göyçay Rayon Polis Şöbəsinə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 15 radələrində Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman yolun sağ hissəsindən bir baş xırdabuynuzlu qoyun heyvanı idarə etdiyi “Nissan X-Trail” markalı, **-GR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq nəqliyyat vasitəsinin qabaq sağ hissəsinə dəymişdir. Hadisə nəticəsində idarə etdiyi nəqliyyat vasitəsinə ciddi zərər dəymiş və həmin ziyanın ödənilməsini Şəxs tələb etmişdir. O, hadisə baş verən zaman mal-qaranın sahibinin yolun hərəkət hissəsinə çıxan bir baş xırdabuynuzlu qoyun heyvanından ən azı 500 metr aralıda olduğunu qeyd etmişdir. Göyçay "xxxx" MMC tərəfindən tərtib edilmiş akta əsasən “Nissan X-Trail” markalı, **- GR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 440 manat maddi ziyan dəymişdir. xx.xx.2026-cı il tarixdə tərtib edilmiş 730 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktına əsasən “Nissan X-Trail” markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. 338.5-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə inzbati məsuliyyət müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları tam təsdiq olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 120 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114,115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 120 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Cavid Camalzadə
Məhkəmə qərarları › İş №3(5-123)-56/2026
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(5-123)-56/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver