Məhkəmə qərarları › İş №3(5-124)-15/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-15/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-15/2026 27.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.7, 333.1, 343.1 və 327.3-cü maddələri ilə tərtib edilmiş Göygöl Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7, 333.1, 343.1 və 327.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Göygöl rayonu Yol-Patrul Xidmətinin inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 09:18-də “OPEL ASTRA” minik markalı, 20ES786 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 342.1.7, 333.1, 343.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Nümayəndə izahatında protokolu müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Bildirdi ki, Şəxs avtomobilin qeydiyyat nömrəsi çirkli olduğuna görə saxlanıb. Saxlanan zaman onun spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Həkim müayinəsindən keçmək təklif olunsa da imtina etmişdir. Daha sonra tabesizlik göstərərək avtomobili sürüb getmişdir. Barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs çıxış edərək bildirmişdir ki, işə gedərkən dövlət yol polis əməkdaşları tərəfindən saxlanılıb. Görüntülərə baxılsa tabesizlik olmadığı aydın şəkildə görünür. Polis əməkdaşları əvvəlcə sürət həddini aşmağını, daha sonra isə maşının nömrəsinin çirkli olduğunu bildiriblər. Gözləri qızardığını, içkili olduğunu bildiriblər. Maşının nömrəsinin tozlu olduğunu amma göründüyünü bildirdi. Qeyd etdi ki, alkotester qəbzini ona verməyiblər. Həkim müayinəsinə getməkdən çəkinib, çünki axşam araq içmişdir. Testə bunun çıxacağından qorxub. Alkotesterdə neçə olması ilə bağlı məlumatlı deyil. Məhkəmə iclası zamanı 1 ədəd CD diskinə videobaxış keçirilmişdi, video materialda Şəxs spirtli içki qəbul etməsini etiraf etmişdir. Məhkəmə iclasında Şəxs tərəfindən təqdim olun video-registrator qeydinin CD disk yazısına videobaxış keçirildi və hadisə ilə bağlı mötəbər hallar aşkar edilməmişdir. İnzibаti iş mаteriаllarına əlаvə edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:18-də “OPEL ASTRA” minik markalı, 20ES786 dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlamamaqla, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirilməməklə, sərxoş halda idarə etməklə İnzibati Xətalar Məcəlləsinin 342.1.7, 333.1, 343.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəxs məxsus “OPEL ASTRA” minik markalı, 20ES786 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saxlanca qəbul edilmiş və həmin tarixdə saxlandığı duracaqdan buraxılmışdır. Alkotester qəbzindən görünür ki, xx.xx.2025-ci ildə keçirilən alkotester yoxlaması zamanı Şəxs alkoqolun miqdarı 0.388 promill olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 01 ədəd CD diskdə olan görüntülərdən görünür ki, Şəxs “OPEL ASTRA” minik markalı, 20ES786 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Göygöl rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq alkotestr müayinəsindən keçməsi təklif olunmuş, şəxs alkotestr müayinəsindən keçdikdən sonra 0.388 promill miqdarında spirtli içki qəbul etdiyi müəyyən edilmiş, bununla bağlı Şəxs həkim müayinəsindən keçməsi təklif edilmiş, lakin sonuncu həkim müayinəsinə ehtiyac olmadığını bildirmişdir. Şəxs tərəfindən Göygöl Rayon Məhkəməsinə ünvanlanmış şikayət ərizəsində göstərilmişdir ki, o, Şəxs, İİ Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, dövlət tərəfindən medallarla təltif olunmuş müharibə veteranıdır. xx.xx.2025-ci il tarixində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Yol Patrul Xidmətinin **-YP-*** dövlət nömrə nişanlı (xidməti nömrə 8813) xidməti avtomobilində xidmət aparan Göygöl rayon X2 X3 əməkdaşları tərəfindən onun barəsində heç bir əsası olmayan, qanunsuz, sübutsuz saxta inzibati protokol tərtib edilmişdir və 400 manat cərimə yazılmışdır. Həmin gün bu barədə mobil nömrəsinə bildiriş göndərilmişdir. Göygöl rayon X2 X3 əməkdaşlarının qanunsuz, özbaşına əməllərindən onların tabe olduğu yuxarı inzibati orqanlara şikayət etdiyi üçün daha sonra qərəzli olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7cı, 333.1-ci, 343.1-d, 327.3-cü maddələri ilə inzibati xəta haqqında iş hazırlayıb baxılmaq üçün Göygöl Rayon Məhkəməsinə göndəriblər. Göygöl Rayon Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli 3(5-124)-15/2026 saylı inzibati xətalar haqqında işlər üzrə bildirişi xx.xx.2026-cı il tarixində ona çatmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə şəxsi avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmadığı, sürət həddini aşmadığı, heç bir inzibati xəta törətmədiyi halda Göygöl rayon X2 X3 əməkdaşları (onlardan birinin adı Vüsal idi, digərinin adını bilmir) tərəfindən avtomobili heç bir qanuni əsas göstərilmədən Göygöl rayonunun Yeni Qızılca kəndinin ərazisində saxlanılmışdır. O da Göygöl rayon X2 X3 əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirərək avtomobilini saxlamışdır. Qeyd edir ki, bütün bu hadisələr yaxınlıqda olan müşahidə kameraları və avtomobilində quraşdırılmış video-registrator vasitəsilə qeydə alınmışdır. Göygöl rayon X2 X3 əməkdaşları özlərini qanunvericiliyin tələbinə uyğun təqdim etməmişdirlər, üzərlərində fərqləndirici nişanları olmamışdır, xidməti vəsiqələrini göstərməmişdirlər və saxlanılmanın səbəbi olaraq müxtəlif bəhanələr bildirmişdirlər. Avtomobilinə baxış keçirmək üçün hüquqi əsaslar izah edilmədən avtomobilinin salonuna və yük yerinə baxış keçirmişdirlər, hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Göygöl rayon X2 X3 əməkdaşları avtomobilini saxladıqdan sonra: Əvvəl sürət həddini aşdığı bildirilmiş, lakin bunu sübut edən hər hansı dəlil təqdim edilməmişdir. Sonra dövlət nömrə nişanının çirkli olduğu və oxunmadığı deyilmişdir, o isə nömrənin çirkli deyil tozlu olduğunu ancaq kifayət qədər oxunaqlı olduğunu, göründüyünü demiş və yerindəcə dövlət nömrə nişanının tozunu silib təmizləmişdir. Bundan sonra isə sərxoş vəziyyətdə olduğu iddia edilmişdir. O, əməkdaşlara xx.xx.2025-ci il tarixində axşam saatlarında bir qədər spirtli içki qəbul etdiyini, lakin hazırda sərxoş olmadığını bildirmişdir. Göygöl rayon X2 X3 əməkdaşları alkotest cihazı ilə onun sərxoşluq dərəcəsini yoxlamışlar və aparılan yoxlama zamanı cihazın ekranında 0,1 promil nəticə göstərilmişdir, bu isə sərxoşluq vəziyyəti hesab edilmir və inzibati məsuliyyət yaratmır. Alkotest cihazı ilə aparılan yoxlama zamanı nəticə çap edilməmişdir, ona qəbz verilməmişdir, ölçmənin nəticəsinə dair heç bir sənədləşmə aparılmamışdır. Halbuki sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunmalıdır və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilməlidir. Göygöl rayon X2 X3 əməkdaşları isə belə bir protokol tərtib etməyiblər və ona heç bir protokol verməyiblər. Ən vacibi isə odur ki, o, özü dəfələrlə tibbi müayinəyə aparılmağını tələb edib ancaq buna baxmayaraq əməkdaşlar tibbi müayinə üçün rəsmi göndəriş tərtib etməyiblər, onu tibb müəssisəsinə aparmayıblar və sərxoş olmadığını bildirdiblər. O, sərxoş olsaydı Göygöl rayon X2 X3 əməkdaşları inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbiri olaraq onu nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırardılar, ancaq sərxoş olmadığı üçün onlar bunu etməyiblər və protokol yazdıqdan sonra onu sərbəst buraxıblar, daha sonra o, avtomobilini sürüb gedib, bütün bu hadisələr yaxınlıqda olan müşahidə kameraları və avtomobilində quraşdırılmış videoregistrator tərəfindən real vaxt rejimində qeydə alınmışdır. Bütün bunlara baxmayaraq əməkdaşlar qərəzli olaraq protokol tərtib ediblər, ona bunun prosedur olduğunu və formal xarakter daşıdığını deyərək imza etməyi bildiriblər, o da onlara inanıb həmin protokolu bir neçə yerdən imzalayıb, ondan ayrıldıqdan sonra onlar həmin protokola istədikləri yalan məlumatları yazaraq protokolu saxtalaşdırıblar. Avtomobilinin əsassız saxlanılması, hüquqlarının izah edilməməsi, sübutsuz, saxta protokol tərtib etmələri və prosedur adı altında həmin protokola imza etdirmələri ciddi qanun pozuntularıdır. Beləliklə, tərtib edilmiş protokolda yazılanların hamısı şər-böhtandır, işin faktiki hallara uyğun deyil, ona görə də heç bir hüquqi əsası yoxdur, inzibati icraatın məqsəd və prinsiplərinə ziddir. Həmçinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun nüsxəsi ona təqdim edilməmişdir. Bu Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədiyinin göstəricisidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barəsində inzibati protokol tərtib edilən şəxsə protokolun surəti dərhal təqdim edilməlidir, şəxsə öz hüquqları, o cümlədən protokolla tanış olmaq, izahat vermək, etiraz etmək və şikayət vermək hüququ izah olunmalıdır. Lakin ona protokolun surəti verilməmiş, protokolun məzmunu ilə tanış olmaq imkanı təmin edilməmiş, hüquqları və vəzifələri qanunvericiliyin tələbinə uyğun izah edilməmişdir. Bu səbəbdən o, müdafiə hüququndan faktiki olaraq məhrum edilmiş, inzibati icraatın şəffaflıq və ədalətlilik prinsipləri pozulmuşdur, bu da protokolun qanuniliyini və əsaslılığını vaxtında mübahisələndirmək imkanına mənfi təsir etmişdir. İnzibati xəta haqqında protokolun nüsxəsinin ona təqdim edilməməsi prosessual qaydaların kobud pozuntusu hesab olunur və bu protokolun ləğvi və inzibati icraata xitam verilməsi üçün ayrıca hüquqi əsasdır. Eyni zamanda bildirir ki, inzibati xəta haqqında protokolda göstərilən hadisə vaxtı faktiki başvermə vaxtı ilə uyğun gəlmir. Belə ki, o, saat 09:28-də DYP əməkdaşlarının yanına çatmışdır, bu fakt avtomobilində quraşdırılmış video-registrator tərəfindən real vaxt rejimində dəqiq tarix və vaxt göstəricisi ilə qeydə alınmışdır. Lakin inzibati xəta haqqında protokolda hadisə vaxtı 09:18:00 olaraq göstərilmişdir. Halbuki göstərilən 09:18:00 vaxtında o evdə olmuşdur, həmin vaxt onun avtomobili ümumiyyətlə hadisə yerində olmamışdır, bu hal protokolda qeyd edilən vaxtın obyektiv reallığa uyğun olmadığını açıq şəkildə sübut edir. İnzibati xəta haqqında protokol inzibati icraatın əsas sənədi olmaqla, orada göstərilən vaxt, yer və digər məlumatlar dəqiq və doğru olmalıdır. Hadisə vaxtı düzgün qeyd edilmədiyi üçün inzibati xətanın obyektiv tərəfini müəyyən etmək mümkünsüz olur, sübutların etibarlılığı aradan qalxır və bu da protokolun qüsurlu olduğunu göstərir. Avtomobilinin video-registrator yazısı obyektiv texniki sübutdur və protokolda göstərilən məlumatdan üstün qüvvəyə malikdir. Beləliklə protokolda göstərilən 09:18:00 vaxtı faktiki hadisə vaxtına uyğun deyil, hadisənin 09:28-də baş verməsi video sübutla təsdiqlənir, bu da protokolun saxtalaşdırıldığını göstərir, protokolun ləğvi və inzibati icraata xitam verilməsi üçün daha bir hüquqi əsasdır. İnzibati xətalar haqqında işlər üzrə sübutetmə vəzifəsi müvafiq inzibati orqanın üzərindədir. Bütün bunlan nəzərə alaraq Göygöl Rayon X2 Yol Polisi Bölməsinə məxsus **-YP-*** dövlət nömrə nişanlı (xidməti nömrə 8813) xidməti avtomobildə quraşdırılmış audio və video qeydiyyat vasitələri ilə qeydə alınmış bütün səs və görüntüləri, habelə onun avtomobilini saxlamış əməkdaşların üzərlərində olan fərdi mikrofonlar və kameralar vasitəsilə qeydə alınmış səs və görüntüləri, eləcə də hadisə ilə bağlı mövcud olan digər bütün texniki və maddi sübutları (hadisə yerinin yaxınlığında olan müşahidə kameralarının görüntüləri, radar məlumatları, alkotest cihazının yaddaş çıxarışları, xüsusi texniki vasitələrin göstəriciləri və s.) tələb etməyi və araşdırmağı, protokolun əsassız, sübutsuz yazılaraq saxtalaşdırıldığını və nüsxəsinin təqdim edilmədiyini, protokolda göstərilən hadisə vaxtının (09:18:00) faktiki hadisə vaxtı (09:28) ilə uyğunsuzluğunu (bu ziddiyyət avtomobilində quraşdırılmış video-registrator yazısı ilə sübut olunur), alkotest cihazının göstəricisinin sənədləşdirilmədiyini, tibbi müayinəyə göndərişin olmadığını və digər ciddi prosessual pozuntulara yol verildiyini nəzərə alaraq Göygöl Rayon X2 X3 əməkdaşları tərəfindən barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 343.1 maddəsi üzrə inzibati xata haqqında protokolu saxta, əsassız olduğu üçün ləğv etməyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci, 333.1-ci, 343.1-ci, 327.3-cü maddələri ilə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata şər-böhtan, sübutsuz, qanunsuz olduğu üçün xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:18-də Göygöl rayonu ərazisində ““OPEL ASTRA” minik markalı, 20ES786 dövlət qeydiyyat nişanlı avtomobili alkoqolun təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisə yaşanan günün dünənisi günü spirtli içki qəbul etdiyini bildirmiş, iş materiallarına əlavə edilmiş video görüntüdən də göründüyü kimi Göygöl RPŞ-nin DYPBnin YPX inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən keçirilən alkotester müayinəsi zamanı spirtli içki qəbul etməsi aşkar edilmiş, həmin şəxs müayinənin nəticəsi ilə razı olmamasını və həkim müayinəsindən təkrar keçirilməsini bildirməmişdir. Məhkəmə iclası zalında şəxs əvvəlki axşam spirtli içki qəbul etdiyini, həkim müayinəsinə çəkindiyi üçün getmədiyini bildirmişdir. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 209 №-li qərarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin qərarın 3.4-cü maddəsinə əsasən, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, təqdim edilən alkotester müayinə aktın şəxsin artıq alkotersterdən keçməsini əks etdirir. Həkim müayinəsindən yayınma halı aşkar edilməmişdir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1 və 343.1-ci maddəsi ilə yanaşı, həmçinin 342.1.7, 327.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 342.1.7, 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, dörd yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə q ə r a r a a l d ı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.7 və 327.3-cü maddələrinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar